Modern.az

Mikayıl Cabbarovun İqtisadiyyat Nazirliyinə gətirilməsi böyük ETİMADDIR

Mikayıl Cabbarovun İqtisadiyyat Nazirliyinə gətirilməsi böyük ETİMADDIR

23 Oktyabr 2019, 16:47

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Ölkə başçısının sərəncamı ilə Mikayıl Cabbarov İqtisadiyyat naziri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bu, 3-cü nazirlikdir ki, Mikayıl Cabbarova etimad olunur. O daha əvvəl Təhsil və Vergilər naziri postlarını da tutub.


Milli Məclisin İqtisadi siyasət, sənaye və shaibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az
-a açıqlamasında Mikayıl Cabbarovla bağlı təyinatı yüksək qiymətləndirib.


V.Əhmədov bildirib ki, bir neçə qurumun vahid nazirlikdə birləşdirilərək, super nazirlik yaradılması və ora Mikayıl Cabbarovun təyin edilməsi ona olan yüksək etimadın göstəricisidir. O, Mikayıl Cabbarovu dövlətə bağlı, idarəetmədə bacarıqlı, nazir vəzifəsinə layiqli kadr kimi xarakterizə edib:


“Mikayıl Cabbarov istər Təhsil naziri, istərsə də Vergilər naziri olanda özünü reformator kimi göstərdi. Ciddi islahatlara start verdi. Xüsusilə Vergilər naziri olanda son 2 ildə ciddi islahatlar həyata keçirdi. Hətta bununla bağlı Milli Məclisdə Vergilər Məcəlləsinə dəyişiklik edilməsinə ehtiyac yarandı.
“Kölgə iqtisadiyyatı”nın azaldılması üçün ciddi addımlar atıldı. Mikayıl Cabbarov kifayət qədər təcrübəli iqtisadçıdır. Mən hesab edirəm ki, onun İqtisadiyyat Nazirliyində qarşısına qoyulan məsələlər - qeyri-neft sektorunun inkişafı, o cümlədən “kölgə iqtisadiyyatı”nın və bazarda inhisarçılığın aradan qaldırılması, məmur-oliqarxların biznesdən uzaqlaşdırılması ilə bağlı ciddi addımlar atılacaq.

Əminəm ki, Mikayıl Cabbarovun bu məsələlərlə bağlı təklifləri olacaq və biz də Milli Məclisdə onları müdafiə edəcəyik. Çünki bu məsələlər uzun müddətdir ki, bizim tərəfimizdən də, mətbuat tərəfindən də qaldırılır, sonuncu olaraq cənab Prezident də buna öz mövqeyini bildirdi”.
 


V.Əhmədov əmindir ki, Mikayıl Cabbarovun yenidən formalaşdırlan İqtisadiyyat Nazirliyinə rəhbərlik etməsi Azərbaycanda azad rəqabət mühitini yaxşılaşdıracaq:

“Ümumiyyətlə, Azərbaycanın müstəqillik qazandığı dövrdə iki əsas qurum olub ki, orada ciddi problemlər qeydə alınırdı. Bunlardan biri Vergilər Nazirliyi, digəri Dövlət Gömrük Komitəsi idi. Cənab Prezident hər iki qurumda eyni vaxtda dəyişiklik etdi. Mikayıl Cabbarov və Səfər Mehdiyevin rəhbərliyilə ciddi islahatlara start verildi. Müəyyən qədər şəffaflıq təmin olundu, nisbətən də olsa korrupsiya və rüşvət aradan qaldırıldı. Cənab Prezident bütün bu işləri nəzərə alaraq, super nazirlik yaratdı. İqtisadiyyat Nazirliyi iqtisadi blokda əsas nazirlikdir.

Vergilər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsini doğru addım hesab edirəm. İnanıram ki, bu, Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq. Yeni Baş Nazir təsdiq olunanda da dedim, əsas arzumuz budur ki, perspektivdə olan məsələlərin - qeyri-neft sektorunun inkişafı, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, azad rəqabətin bərqərar olması reallaşdırılasın. Bunlar öz həllini tapmalıdır ki, Azərbaycanda azad bazar mühiti yaradılsın”.

Deputat yeni İqtisadiyyat naziri Mikayıl Cabbarovu təbrik edib, ona işində böyük nəaliyyətlər arzulayıb.

V.
Deputat Tahir Rzayev
də Mikayıl Cabbarovun təyinatının düzgün qərar olduğunu qeyd edib. O, Mikayıl Cabbarovun dövlətə, dövlətçiliyə, Prezidentə sədaqətli kadrlardan biri olduğunu vurğulayıb:


“Ölkədə ciddi kadr islahatları aparılır. Həmçinin, struktur islahatları, təkmilləşmələr həyata keçirilir. Bu, təbii prosesdir. Çünki idarəetmə üsulları modernləşməlidir. Yenilənmə isə bacarıqlı, istedadlı kadrların irəli çəkilməsini tələb edir.
Mikayıl Cabbarovun da gənc kadr kimi irəli çəkilməsi reallıqdan irəli gəlir. Ona görə ki, Mikayıl Cabbarov Vergilər naziri olduğu müddətdə, bu çətin sistemdə çox ciddi islahatlar həyata keçirdi. İnsanları daimi narahat edən, insanların narazılığına səbəb olan bu sistemdə ciddi qayda-qanun yaradıldı, aşkarlıq təmin olundu. Az müddətdə dövlət büdcəsinə 10 milyonlarla əlavə vəsait cəlb olundu. O, bunu heç bir çətinlik çəkmədən etdi. Görünür ki, Mikayıl Cabbarov gənc kadr kimi işlədiyi bütün sahələrdə özünü doğruldur. Dövlətə, dövlətçiliyə, eləcə də xalqa sədaqətlidir. Onun İqtisadiyyat naziri təyin edilməsi, Vergilər Nazirliyinin İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilməsi struktur dəyişikliyi kimi gələcəkdə idarəetmənin təkmilləşməsi baxımından əhəmiyyətlidir.
Bu iki nazirliyin birləşməsi, üstəlik quruma yaxşı kadrın rəhbərliyi gələcəkdə uğurların qazanılmasında müsbət rol oynayacaq. Bu xalq üçün, dövlət üçün çox əhəmiyyətlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi