Azərbaycanın bütün bölgələrində olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəblərdə də bu gün “Son zəng” çalınıb. Belə ki, Kəlbəcər rayonunda yerləşən B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib. Nazir məktəbin ilk və yeganə məzunu olan Nəzrin Atakişiyevanı təbrik edib.
Modern.az Kəlbəcər məktəbinin ilk və yeganə məzunu Nəzrin Atakişiyeva ilə həmsöhbət olub, onun təəssüratlarını öyrənib.
Nəzrin Atakişiyevanın sözlərinə görə, uzun illərdən sonra doğma Kəlbəcərdə ilk və yeganə məzun olmaq onun üçün böyük qürur mənbəyidir:
“Uzun müddətdən sonra yenidən canlanan doğma Kəlbəcərimizdə ilk və tək məzun olmaq həqiqətən çox qürurverici hissdir. Bu, eyni zamanda mənə daha böyük məsuliyyət də yükləyir. Ümid edirəm ki, gələcəkdə də məktəbimizin adını layiqincə təmsil edəcəyik. Hisslərimi sözlərlə ifadə etmək doğrudan da çətindir”.
Həmsöhbətimiz, elm və təhsil naziri ilə görüşünün də unudulmaz olduğunu deyib:
“Nazirlə görüşümüz çox xoş və eyni zamanda gözlənilməz oldu. Onu ilk dəfə idi görürdüm. Bu görüş bizi çox sevindirdi. O, mənə çox səmimi insan təsiri bağışladı”.
Gələcək planlarından danışan Nəzrin hazırda III ixtisas qrupu üzrə hazırlaşdığını da söyləyib:
“Filologiya istiqamətində təhsil almaq istəyirəm. Azərbaycan dili, Ədəbiyyat və Jurnalistika sahələrinə böyük marağım var. Gələcəkdə bu istiqamətdə inkişaf etməyi, arzularıma nail olmağı hədəfləyirəm. Təhsilimi isə Gəncə Dövlət Universitetində davam etdirmək istərdim”.
Nəzrin qeyd edib ki, ailəsi Kəlbəcər əsillidir və rayona ilk köç edən ailələrdən biri olublar:
“Ailəm əslən Kəlbəcərlidir. Kəlbəcərə ilk köçənlərdən biri olmuşuq. Hazırda valideynlərim də burada, doğma Kəlbəcərimizdə çalışırlar. Mən də öz üzərimdə işləyərək hədəflərimə və arzularıma çatmaq üçün əlimdən gələni edirəm”.