İran və ABŞ arasında yeni sazişin imzalanmasının iyunun 14-nə planlaşdırıldığı bildirilir.
Modern.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Tramp qeyd edib ki, ABŞ-nin keçmiş prezidenti Barak Obamanın dövründə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı İrana nüvə silahı hazırlamaq imkanları yaradıb. Onun sözlərinə görə, Vaşinqton və Tehran arasında əldə olunan hazırkı razılaşma isə bunun əksinə olaraq, qlobal nüvə təhlükəsizliyini təmin etməyə xidmət edir.
"İranla əldə etdiyim saziş bunun tam əksidir və nüvə silahının yayılmasının qarşısını alan möhkəm maneədir. Faktiki olaraq, İran artıq nüvə silahı əldə etmək niyyətində deyil və buna malik olmayacaq. Nə satın almaqla, nə hazırlamaqla, nə də başqa yollarla belə bir silaha sahib ola bilməyəcək", – Tramp vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, sazişin imzalanması bazar gününə nəzərdə tutulub və bundan dərhal sonra Hörmüz boğazı bütün ölkələr üçün açıq olacaq.
O bildirib ki, tərəflər arasındakı münasibətlər əvvəlki dövrlərlə müqayisədə xeyli yaxşılaşıb. Trampın sözlərinə görə, ABŞ zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılmasını da planlaşdırır.
"Biz İran və bütövlükdə Yaxın Şərqlə gələcək əməkdaşlığı səbirsizliklə gözləyirik. Ümid edirəm ki, bu proses sürətli və problemsiz şəkildə başa çatacaq. Əks halda, son alternativimiz də mövcuddur. Ümid edirəm ki, ona bir daha müraciət etməyə ehtiyac qalmayacaq", – ABŞ Prezidenti qeyd edib.