Sabah İsveçrədə əhalinin sayının məhdudlaşdırılması ilə bağlı mühüm referendum keçiriləcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ən böyük siyasi qüvvələrindən biri olan İsveçrə Xalq Partiyası (SVP) tərəfindən irəli sürülən "10 milyondan çox əhalisi olmayan İsveçrə! / Dayanıqlılıq təşəbbüsü" adlı layihə respublikanın demoqrafik gələcəyini müəyyənləşdirməyi hədəfləyir.
Hazırda ölkə əhalisi təxminən 9,1 milyon nəfərdir. SVP nümayəndələri qeyd edirlər ki, 2002-ci ildən, yəni Avropa İttifaqı ilə sərbəst hərəkət haqqında saziş qüvvəyə mindikdən sonra miqrasiya axını nəticəsində əhali 1,7 milyon nəfər artıb. Təşəbbüsün əsas məğzi ondan ibarətdir ki, əhalinin sayı 9,5 milyona çatdığı təqdirdə, hökumət və parlament miqrasiyanı azaltmaq üçün təcili tədbirlər görməlidir. Bu tədbirlərə, ilk növbədə, sığınacaq hüququ və ailə birləşməsi qaydalarının sərtləşdirilməsi daxildir.
Təşəbbüsün məqsədi 2050-ci ilə qədər ölkədə daimi yaşayanların sayını 10 milyonluq həddin altında saxlamaqdır.