Modern.az

Hadi Rəcəbli hökuməti tənqid etdi - Eksklüziv

Hadi Rəcəbli hökuməti tənqid etdi - Eksklüziv

16 Mart 2012, 19:54

Milli Məclisin Sosial Siyasət komitəsinin sərdi Hadi Rəcəbli hökumətin hesabatı ilə bağlı Modern.az saytına eksklüziv açıqlama verib.

Deputat Nazirlər Kabinetinin bu gün Milli Məclisdə müzakirəyə çıxarılan hesabatı ilə bağlı bir çox məsələlərə toxunaraq hökumətin ötən ildə gördüyü işləri yüksək qiymətləndirib.
Eyni zamanda bir sıra ciddi problemlərə də diqqəti cəlb edib.

“Hökumətin bu ilki illik hesabatı təqdirə layiqdir. Qeyd edim ki, hökumətin 430 səhifəlik kitab halında çap olunmuş hesabatında sosial müdafiə sistemi ayrıca fəsil kimi təhlil olunaraq tutarlı rəqəmlərlə ortaya qoyulub. Burada səhiyyə sahəsinə ayrılan vəsaitlərin xeyli artırılması və sosial müdafiə sistemində ciddi yenilikərin baş verməsi maraqlı rəqəmlərlə təsbit olunub. Bildiyimiz kimi ötən il Azərbaycanda 900 min pensiyaçının təqaüdü 40 faiz artırılıb, bütün qruplardan olan insanların əmək haqqları 10 faiz yüksəlib. Bu müddətdə sosial müdafiə sisteminin xüsusi ictimai şuralar vasitəsi ilə idarə edilməsi təcrübəsi həyata keçirilib. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində atılan hər bir addım xüsusi şura vasitəsi ilə ictimaiyyətin geniş iştirakı ilə müzakirə olunur. Bu çox önəmli məsələdir”- deyə millət vəkili vurğulayıb.

Deputatın sözlərinə görə, ölkədə sosial müdafiənin bir sıra sahələrində aparılan müsbət işlər hökumətin hesabatında komporativ müqayisə yolu ilə pozitiv rəqəmlərdə öz əksini tapıb.

“Qeyd edim ki, eyni zamanda uzun illər söz söhbət mövzusu olan ünvanlı yardım institutunun dəyişdirilməsi istiqamətində də mütərəqqi addımlar atılıb. Bunun üçün “özünədəstək” deyilən xüsusi fəaliyyət növü, yəni sosial müdafiəyə ehtiyacı olan qruplara iş yerlərinin açılması, kiçik kreditlərin verilməsi sistemi həyata keçirilməyə başlayıb. Bu yolla ələbaxımlıq-deqradasiya sistemindən uzaqlaşmaq istiqamətində önəmli addımlar atılıb. Bunlar hamısı yeniliklərdir.

Bununla yanaşı hökumətin fəaliyyətində bir sıra çatışmazlıqlar və nöqsanlar da diqqəti cəlb edir və sözün əsl mənasında kəskin tənqid hədifinə çevrilməlidir”.

Millət vəkilinin fikrincə, bu sahədə müvafiq qanunun, prezidentin bir neçə fərman və sərəncamlarının olmasına baxmayaraq tibbi sığorta ilə bağlı hələ də, demək olar ki, heç bir addım atılmayıb.

Bu qanun təxminən on il bundan öncə qəbul olunubb, sonradan ona 7 dekabr 2007-ci il tarixdə əlavə və dəyişikliklər edilmişdir. Yeni əlavə və dəyişikliklərlə bağlı cənab Prezidentin xüsusi fərmanı dərc olunub. Bu fərmanla Tibbi Sığorta üzə Dövlət Ağentliyinin Nazirlər Kabinetində yaradılması məsələsi təsdiq olunub. Eyni zamanda bununla bağlı Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi konsepsiyası təsdiq edildi. Bu da 10 yanvar 2008-ci il tarixində Prezident sərəncamı ilə “2008-2012 –ci illərdə respublikamızda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi konsepsiyasının həyata keçirilməsi üzrə tədbirlər planı” təsdiq edildi. Bu məqsədlər üçün dövlət büdcəsindən Tibbi Sığorta Agentliyinə 2009-cu ildə 51 milyon, 2010-cu ildə 30 milyon, 2011-ci ildə 30 milyon manat vəsait ayrılıb. Bu vəsaitlərin illərlə büdcədə təsbit olunmasına baxmayaraq səhlənkarlıq ucbatından heç biri icra olunmayıb”.

Azərbaycanda hələ də Tibbi Sığorta Agentliyinin fəaliyyətinin bütövlükdə olmamasından narahatlığını ifadə edən deputat hökuməti bu sahədə heç bir iş görmədiyinə görə ittiham edib. H.Rəcəbli bildirib ki, Nazirlər Kabinetinin bu sahəyə göstərdiyi biganəlik heç bir çərçivəyə sığmır.

Bu çox ciddi bir məsələdir. Mən başa düşmürəm ki, bu soyuqqanlılıq nədən qaynaqlanır. Təsəvvür edin ki, təkcə bu  hesabat həkimlərin əmək haqqını 50% artırmaq olardı. Bütün bunlar onu göstərir ki, hökumət bu sahədə çox pis işləyib. Özü də bir il yox, bir neçə il. Mən hökumətin bu sahədəki işini kəskin tənqid edirəm. Cox inanıram ki, nəhayət tibbi sığorta agentliyi 2012-ci ildə fəaliyyətə başlayacaqdır. Bu cənab prezidentimizin tələbidir. Bunu bizim səhiyyə işçiləri istəyirlər, bunu sadə vətəndaşlarımız istəyirlər.

Deputat sonda əlavə edib ki, prezidentin əmanətlərin qaytarılması ilə bağlı sərəncamı insanların maddi rifahına müsbət təsir göstərəcək. Bu gün imzalanan sosial xidmət haqqında qanun ölkəmizdə sosial müdafiənin bir az da gücləndirilməsinə xidmət edəcəkdir. Tibbi sığorta ilə bağlı sosial tələb mütləq həyata keçirələcəkdir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir