22 iyul Azərbaycan Milli Mətbuatının yarandığı gündür - onun 151 yaşı tamam olur. Adətən bu tarix jurnalistlərin peşə bayramı kimi qeyd olunur, uğurlar və yeni nailiyyətlər yada salınır. Ancaq 2026-cı ilin 22 iyulu həm də kədərli bir xatirə ilə də yadda qalır. Çünki bu ildə də Azərbaycan mətbuatının sıralarından bir neçə qələm sahibi əbədiyyətə qovuşub.
Onlar müxtəlif nəsilləri, fərqli redaksiyaları təmsil ediblər. Jurnalistika peşənin məsuliyyətini daşıyan həmin qələm sahibləri aramızda olmasalar da, yaddan çıxmayıb, unudulmayıblar.
Milli mətbuatımızın 151 illiyi münasibətilə onları da ehtiramla anmaq, keçdikləri peşə yolunu xatırlatmaq yerinə düşür.
Modern.az saytı 2026-cı ildə vəfat edən jurnalistləri bir daha xatırladır:

“Ədalət” qəzetinin parlament müxbiri Nicat Novruzoğlu (Rüstəmov) 6 mart 2026-cı il tarixində dünyasını dəyişib.
Mərhum həmkarımızı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
N.Rüstəmov 1978-ci ildə Ağdam şəhərində anadan olmuşdu. O, uzun müddət idi ki, “Ədalət” qəzetində çalışırdı.
Mərhumun iki övladı - bir qızı, bir oğlu yadigar qalıb, hər ikisi məktəblidir.

"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsinin iştirakçısı Rəşad Baxşəliyev 27 mart 2026-cı ildə vəfat edib. Jurnalistin ölümünə ürək çatışmazlığı səbəb olub. O, 2025-ci ildə ağır ürək əməliyyatı keçirmişdi.
Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olmuşdu. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi.
R.Baxşəliyev “Qubadlının azad olunmasına görə” medalı, “Tərəqqi” medalı ilə təltif edilib.
Həmkarımızın bir qızı, bir oğlu yadigar qalıb.

Əslən Qubadlı rayonunun Məmər kəndindən olan jurnalist Əli Səlimov (Əli Xasayoğlu) 4 mart 2026-cı ildə Almaniyada vəfat edib. Mərhumun 59 yaşı vardı.
Əli Səlimov Qubadlının “Bərgüşad” qəzetində əmək fəaliyyətinə başlayıb. O, 1990-cı illərin ortalarından 2010-cu ilədək Əli Xasayoğlu imzası ilə “Azərbaycan işıqları”, “Azərbaycan”, “Zaman”, "Xalq cəbhəsi" qəzetlərində jurnalist kimi fəaliyyət göstərib. Daha sonra ailəsilə birgə Almaniyaya köçüb və orada yaşamağa başlayıb.
Mərhum Almaniyada - Berlində dəfn olunub. Jurnalistin bir oğlu, bir qızı var.

“Qızıl qələm”, Həsən bəy Zərdabi mükafatları laureatı, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının mükafatçısı, uzun illər Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon təşkilatının sədri, “Yeni həyat” qəzetinin məsul katibi kimi fəaliyyət göstərmiş Həsənağa Murtuza oğlu Əliyev 20 mart 2026-cı ildə dünyasını dəyişib.
Ömrünün 76-cı ilində vəfat edən Həsənağa Əliyev bölgə mətbuatının inkişafına töhfələr verən qələm sahibi kimi tanınıb.
Həsənağa Əliyev 1 noyabr 1949-cu ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, bundan sonra rayon qəzetində korrektor, ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, redaktor müavini və məsul katib vəzifələrində çalışıb.

Tanınmış telejurnalist Ramiz Məşədihəsənli 2026-cı ilin 4 iyulunda qəfil ürək tutmasından haqqın dərgahına qovuşub.
68 yaşında həyatla vidalaşan həmkarımız uzun illər Azərbaycan Dövlət Televiziyasında (AzTV) müxtəlif layihələrin, sənədli filmlərin və verilişlərin müəllifi kimi yadda qalıb. O, vaxtilə AzTV-nin Almaniya, Mərkəzi Avropa, Qazaxıstan və Orta Asiyada təmsilçisi kimi fəaliyyət göstərib.
Ramiz Məşədihəsənlinin yaradıcılıq yolu təkcə televiziyadan ibarət olmayıb, eyni zamanda Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyətində, onun tarixinin işıqlandırılmasında və repertuarının zənginləşməsində mühüm xidmətlər göstərib, ölkənin bir sıra digər nüfuzlu media qurumları və özəl telekanalları ilə yaxından əməkdaşlıq edib.
R.Məşədihəsənli son illər Beynəlxalq TÜRKEL Media Holdingin baş redaktoru kimi fəaliyyəıt göstərirdir.
Ramiz Abbas oğlu Məşədihəsənli 15 may 1958-ci ildə Qərbi Azərbaycanda anadan olub.
O, Beynəlxalq TÜRKSOY mükafatının laureatı idi, Qazaxıstan Prezidentinin Fərmanı ilə iki dəfə medal və Fəxri Fərmanla təltif olunmuşdu.
Allah rəhmət eləsin!
Ə.Qafarlı