Böyük Qayıdış proqramı çərçivəsində Ağdərə rayonunun Kolatağ kəndinə qayıdan sakinlərdən biri də Arif Baxşəliyevdir.
Modern.az xəbər verir ki, Arif Baxşəliyev uzun illər ailəsi ilə birlikdə Yevlax şəhərində yaşayıb. Dövlətin həyata keçirdiyi Böyük Qayıdış proqramı sayəsində o, illər sonra yenidən ata-baba yurduna qovuşub.
Beş övlad atası olan Arif Baxşəliyevin həyat yoldaşı Nəzakət Baxşəliyeva Xankəndi Pedaqoji Universitetinin məzunudur. O, uzun illər ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib və hazırda təqaüddədir.
Nəzakət xanım da doğma Kolatağ kəndinə qayıtmağın sevincini yaşadığını bildirir. Ailə hazırda kənddə təsərrüfatla məşğul olur, yeni həyatını qurur və doğma yurdun yenidən dirçəlməsinə öz töhfəsini verir.
Baxşəliyevlərin evi tez-tez övladlarının, nəvələrinin və qonaqların gəlişi ilə canlanır. Onlar üçün Böyük Qayıdış təkcə doğma ünvana dönüş deyil, ata-baba yurdunda yenidən kök salmaq, ailə dəyərlərini yaşatmaq və gələcəyə inamla baxmaq deməkdir.
Kolatağa qayıdan Baxşəliyevlər ailəsinin timsalında Böyük Qayıdış proqramının insanların həyatında yaratdığı yeni başlanğıc və doğma yurda bağlılıq bir daha öz təsdiqini tapır.