Modern.az

“Əkinçi”dən rəqəmsal mediaya: deputat-jurnalistlər iki dövrü müqayisə etdilər

“Əkinçi”dən rəqəmsal mediaya: deputat-jurnalistlər iki dövrü müqayisə etdilər

Parlament

Bu gün, 15:16

Bu gün Azərbaycan Milli Mətbuatının 151 yaşı tamam olur. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız bu gün tamamilə fərqli bir mərhələyə qədəm qoyub. Vaxtilə mürəkkəb qoxulu qəzet səhifələrində, uzun zəhmət və böyük məsuliyyətlə hazırlanan yazılar bu gün saniyələr ərzində milyonlarla insana çatdırılır.

Jurnalistikanın həm texniki imkanları, həm də cəmiyyətdəki rolu illər ərzində dəyişsə də, əsas missiyası – cəmiyyətə doğru, operativ və obyektiv informasiya çatdırmaq prinsipi dəyişməyib. Bir dövrün jurnalistləri qələm və kağızla çalışırdısa, bu gün media nümayəndələri rəqəmsal platformalar, sosial şəbəkələr və yeni texnologiyaların imkanlarından istifadə edir.

Modern.az saytı vaxtilə jurnalistika fəaliyyəti ilə məşğul olmuş bir neçə deputatdan həmin dövrə aid xatirələrini soruşub. Onlar keçmiş dövrün jurnalistikasını bugünkü media mühiti ilə müqayisə ediblər.


Deputat, “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru Hikmət Babaoğlu milli mətbuatda imzası olan hər kəsin öz peşəsi ilə fəxr edə biləcəyini bildirib:

“Jurnalistika çox qiymətli, amma çox çətin peşədir. Jurnalistika qısqancdır. O istəyir ki, qələm sahibi özünü tamamilə bu peşəyə həsr etsin, daim qələmini itiləşdirsin. Amma bununla kifayətlənmir. Jurnalist daim intellektini, təfəkkürünü, analiz və düşünmək qabiliyyətini inkişaf etdirməlidir. Yalnız bu halda jurnalistikada uğur qazanmaq mümkündür.

Mən jurnalist fəaliyyətimə Bakı Soyuducular Zavodunun “Çinar” qəzetində başlamışam. O vaxt istehsalat müəssisələrinin də qəzetləri olurdu və mənim ilk peşəkar jurnalist fəaliyyətim məhz bu qəzetdən başlayıb. Daha sonra “Aydınlıq” qəzetindəki yazılarımla böyük mənada mətbuata gəlmişəm.

Allah Məmməd Nazimoğluna rəhmət eləsin. O dövrdə “Aydınlıq” qəzetinin redaktoru idi və ilk yazılarım məhz həmin qəzetdə dərc olundu. Bundan sonra Azərbaycan mətbuatında imzam daha tez-tez görünməyə başladı. Bu, 1989-1991-ci illərə təsadüf edir.

“Çinar” qəzetinin baş redaktoru, əslən İlisu kəndindən olan Şaban Şabanov vaxtilə “Bakı -Baku”, “Axşam” qəzetlərində mərhum Nəsir İmanquliyevlə birgə çalışmışdı və jurnalistika ənənələrini bizə öyrədirdi. O deyirdi ki, yaxşı jurnalist bəzən bir səhifədə deyə biləcəyi fikri bir cümlədə ifadə etməyi, bəzən də bir cümlədə ifadə edə biləcəyi fikri bir səhifə qədər yazmağı bacarmalıdır. Düşünürəm ki, bu, çox dəyərli bir tövsiyə idi.

1993-cü ildə Şaban Şabanovun təqdimatı ilə Azərbaycan Jurnalistlər Birliyinə gəldim. Həmin vaxt Birliyin sədri mərhum Hacı Hacıyev idi və o, mənə üzvlük vəsiqəsini təqdim etdi. Bu, həyatımın ən yaddaqalan günlərindən biri oldu.

Bu yol 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə mənə “Əməkdar jurnalist” fəxri adının verilməsinə qədər davam etdi. Bu gün fəxr edirəm ki, Əməkdar jurnalistəm.

Deyirlər ki, hər peşənin iş yeri və iş saatı var. Amma jurnalistlərin nə iş yeri, nə də iş saatı olur. Jurnalist sutkanın 24 saatı çalışır. Çünki hər hansı mövzu diqqət dairəsinə düşdükdən sonra artıq iş saatı və məkan tanımır. O mövzu yolda da, evdə də, istirahət zamanı da insanı düşündürür. Yaxşı yazı hazırlamaq üçün bütün enerjini və intellektual imkanları ortaya qoymaq tələb olunur.

Mən düşünürəm ki, hər bir Azərbaycan jurnalisti və milli mətbuatımızda imzası olan hər kəs öz peşəsi ilə fəxr edə bilər. Çünki bu, xalqa və milli mətbuatımızın inkişafına xidmətdir.

Bu gün media tamamilə yeni mərhələyə qədəm qoyub. Jurnalistikanın əsas xammalı olan informasiya artıq sadəcə xəbər deyil, müxtəlif psixoloji və manipulyativ təsirlərlə yüklənmiş məzmundur. Jurnalist həmin informasiyanı analitik təfəkkürlə qiymətləndirmədən cəmiyyətə çatdırarsa, yanlış nəticələrə səbəb ola bilər.

Məhz buna görə informasiya təhlükəsizliyi məsələsi böyük əhəmiyyət daşıyır. Müasir jurnalistika hər bir jurnalistdən yüksək zəka, düşünmək və təhlil etmək bacarığı tələb edir”.

Hikmət Babaoğlu qəzet dövründən danışarkən deyib ki, səbrsizliklə hər həftə öz imzasının görünməsini gözləyirdi:

“Baş redaktor təyin olunana qədər mən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında çalışırdım. 1993-1998-ci illərdə İdeologiya şöbəsində fəaliyyət göstərdiyim üçün həmin dövrdə “Yeni Azərbaycan” və “Səs” qəzetlərinin hər nömrəsində məqalələrim dərc olunurdu.
O dövrdə bütün qəzetlər həftədə iki dəfə - ikinci və beşinci günlər çap olunurdu. Biz hər nömrəni səbirsizliklə gözləyirdik ki, növbəti yazımız dərc olunsun, imzamız görünsün. Bu, çox maraqlı bir dövr idi.

Sonrakı mərhələdə “Yeni Azərbaycan” qəzetinə baş redaktor təyin olunmağımın səbəblərindən biri də məhz bu idi. Yəni partiyamızın mənə göstərdiyi etimad həm də bu fəaliyyətimlə bağlı idi”.

Deputat bugünkü jurnalistlərin işinin daha çətin olduğunu bildirib:

“Media funksiyasını yerinə yetirən vasitələrin sayının artması nəticəsində qanunvericilikdə “media subyekti” anlayışı yaradıldı. Çünki sosial şəbəkələr vasitəsilə minlərlə insana informasiya çatdırmaq mümkündür və bu da müəyyən mənada media funksiyasıdır.

Bu gün jurnalistlərin işi daha çətin, eyni zamanda daha şərəflidir. Söz və mətbuat azadlığı, jurnalistlərin hüquqları konstitusion səviyyədə qorunur. Jurnalistlərimizə həm dövlət, həm də ictimai qayğı göstərilir.

Bütün jurnalist həmkarlarımı ürəkdən təbrik edir, onlara böyük uğurlar arzulayıram. Mətbuatımız daha mürəkkəb, daha məsuliyyətli və daha şərəfli gələcəyə doğru irəliləyir”.

H.Babaoğlu deyib ki, jurnalistikada qələmi əldən verdinsə, onu geri qaytarmaq çətindir:

“Mənim jurnalist kimi fəaliyyətimdə 2008-2021-ci illər ayrıca bir dövr təşkil edir. Çünki mən 2008-ci ildə “Yeni Azərbaycan” qəzetinə baş redaktor təyin olundum və 14 ilə yaxın bir müddət ərzində bu qəzetə rəhbərlik etdim.

Şübhəsiz ki, bu, daha böyük məsuliyyət idi. Çünki “Yeni Azərbaycan” qəzeti ölkəmizin ideoloji, mətbu və siyasi proseslərinin demək olar ki, mərkəzində dayanan bir nəşr idi. Bu dövr mənim üçün xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən mənə belə bir etimadın göstərilməsi, partiyanın ruporuna rəhbərliyin həvalə olunması mənim üçün böyük şərəf və böyük məsuliyyət idi.

14 il ərzində mən hər günümü, iş saatlarımı qəzetin fəaliyyətinə həsr edirdim. İş günümü AzərTAC-ın redaksiyalara göndərdiyi son məlumatla yekunlaşdırırdım. Çünki bütün rəsmi məlumatlar AzərTAC vasitəsilə daxil olduqdan sonra, əlbəttə ki, biz səhifələri bağlaya bilməzdik və mən hər bir səhifəyə imza ataraq onu çapa göndərməli idim.

Bu, olduqca məsuliyyətli və şərəfli bir iş idi.

Ona görə düşünürəm ki, ümumiyyətlə, jurnalistikada rəhbər vəzifə anlayışı yoxdur. Baş redaktor, baş redaktor müavini, redaktor və digər vəzifələr şərti ifadələrdir. Çünki həqiqi jurnalistikada hər kəs qərar sahibidir və hər kəs bərabər status daşıyır.

Əgər kimsə özünü jurnalistikada rəhbər kadr hesab edirsə, orada artıq jurnalistikanın mahiyyəti itir. Çünki qələmi əldən verdinsə, onu geri qaytarmaq çox çətin olur”.


Deputat, Əməkdar jurnalist Sahib Alıyev 22 iyul tarixinin sadəcə mətbuat işçilərinin bayramı deyil, milli bayram olduğunu bildirib:

“Bizim görkəmli romantik şairimiz Məhəmməd Hadi "Görmürəm" şeirində “Yoxdur millətimin imzası bu imzalar içində" yazanda dövlətimizin olmamasını nəzərdə tuturdu və bunda da haqlı idi. Amma mən nədənsə “Əkinçi”yə millətin ilk imzası kimi baxmışam. Deyin, milli kimlik formalaşmadan milli dövlət qurmaq olardımı? Əlbəttə, yox. Bu baxımdan “Əkinçi”nin və ardınca çıxan digər qəzetlərin rolu misilsizdir.

Mən əminəm ki, əgər Müsəlman Şərqində ilk milli qəzet Azərbaycanda dərc edilməsəydi (1831-ci ildə İstanbulda və Qahirədə çıxan "Takvim-i Vekayi" ilə "El-Veqaiul-Misriyye" milli qəzet deyildilər), ilk demokratik cümhuriyyət də burada qurulmayacaqdı. Yəni bu millət öz imzasını artıq 1875-ci ildə əkmişdi, o, 1918-ci ildə boy verdi. Ona görə də 22 iyul sadəcə mətbuat işçilərinin bayramı deyil. Bu gün milli bayramdır. Bayramımız mübarək olsun!”


Deputat, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, jurnalistikaya gələn şəxs bu sahəni sevməli, daim çalışmalıdır:

“Əvvəla, mən bütün həmkarlarımı bu gün münasibətilə ürəkdən təbrik edirəm. Düşünürəm ki, bu bayram təkcə jurnalistlərin deyil, eyni zamanda cəmiyyətin hər bir üzvünün bayramıdır.

Jurnalistika elə bir sahədir ki, kifayət qədər böyük yaradıcılıq, maraq və məsuliyyət tələb edir. Bu baxımdan düşünürəm ki, bütün dövrlərdə Azərbaycan jurnalistikasında peşəkarlar formalaşıb, yetişib və bu gün də peşəkar jurnalistlərimiz fəaliyyət göstərirlər. Jurnalistikaya yaradıcılıq baxımından önəm verən, bu sahəni inkişaf etdirən kifayət qədər peşəkarlarımız var.

Mən ilk dəfə dördüncü sinifdə oxuyarkən rayon qəzetində çıxış etmişəm. Orta məktəbdə təhsil aldığım dövrdə Culfa rayonunda, Saltax kəndində böyümüşəm. Bizim rayonun həftəlik nəşr olunan “Zəfər” qəzeti var idi. Sonradan həmin qəzetin adı “Arazın səsi” oldu. Eyni zamanda “Sovet Naxçıvanı” qəzeti fəaliyyət göstərirdi. Sonralar həmin qəzet “Şərq qapısı” adı ilə fəaliyyətini davam etdirdi.

Mən həm “Şərq qapısı” qəzetində, həm də rayon qəzetində mütəmadi olaraq əməkdaşlıq edirdim. Kənddə keçirilən idman yarışları, eləcə də digər sahələrlə bağlı kiçik yazılarım nəşr olunurdu. Bu, mənim jurnalistikaya gəlişimdə ilk addımlarım idi. Düzdür, o vaxtdan bu sahəyə böyük həvəsim olub və daim bağlılıq hiss etmişəm.

Hətta o dövrdə yazılarıma görə qonorar da alırdım. Beş manat, səkkiz manat, doqquz manat qonorar aldığım vaxtlar olub. Hətta həmin qonorarları toplayaraq özümə velosiped də almışdım. Bu, mənim jurnalistikaya ilk gəlişim idi.

Rəsmi olaraq isə 1989-cu ildən jurnalistikada fəaliyyət göstərirəm. İlk olaraq Bakıda “Böyük kimya uğrunda” çoxtirajlı qəzetinə müxbir kimi işə qəbul olunmuşam. 1989-cu ildə fəaliyyətə başlamışam, 1990-cı ildə redaktor olmuşam, 1991-ci ildən isə “İki sahil” qəzetində fəaliyyətimi davam etdirmişəm. Bu, mənim jurnalistikaya gəlişim barədə qısa məlumatdır.

Bugünkü dövrün jurnalistikası və gənc jurnalistlər haqqında danışarkən qeyd etmək istəyirəm ki, əvvəlki dövrdə imzanın qəzetdə görünməsi çox böyük hadisə idi. Mən çox yaxşı xatırlayıram ki, “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Azərbaycan pioneri” kimi qəzetlərdə müxtəlif mövzularda yazılarla çıxış edirdim. O vaxt elektron media mövcud deyildi. İnformasiya əldə etməyin əsas yolları qəzetlər və televiziya idi”.

V.Rəhimzadə artıq jurnalistikanın əhatə dairəsinin çox genişləndiyini bildirib:

“Həmin dövrdə qəzetdə imzanın çıxması insan üçün böyük sevinc idi. Mən də o sevinci yaşamışam. Kənddə orta məktəbdə oxuyarkən hər gün səbirsizliklə poçtalyonumuzu gözləyirdim. Poçt maşınının gəlməsini, qəzetləri almağı böyük həvəslə gözləyirdim və həmin qəzetləri maraqla oxuyurdum.

Bu gün isə imkanlar kifayət qədər genişdir. Çap mediası ilə yanaşı, elektron media qurumları da geniş fəaliyyət göstərir. Məsələn, sizin Modern.az saytı kimi kifayət qədər maraqlı, geniş və əhatəli media platformaları mövcuddur. Jurnalistikanın əhatə dairəsi çox böyüyüb.

Bu gün istənilən şəxs maraqlı yazı ilə çıxış etmək üçün elektron media orqanlarına və ya qəzetlərə müraciət edə bilər. İmkanlar çoxalıb, həm qəzetlərin, həm də elektron media qurumlarının sayı artıb. Əvvəlki dövrdə qəzetlərin sayı məhdud idi, amma bu gün jurnalistikaya marağı olan insanlar üçün daha geniş imkanlar və böyük bir meydan yaranıb.

Gənc jurnalistlərə gəlincə, mən jurnalistikadan dərs deyirəm. Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri vəzifəsində çalışıram və universitetdə “Jurnalistika” fənnini tədris edirəm. Eyni zamanda “Kütləvi informasiya vasitələrinin hüquqi tənzimlənməsi” fənnini də tədris edirəm. Təxminən 15 ilə yaxındır ki, Slavyan Universitetində fəaliyyət göstərirəm.

Mənim gənc jurnalistlərə əsas tövsiyəm budur ki, əgər jurnalistikaya gəlirlərsə, bu sahəni mütləq sevməlidirlər və bu sahəyə bağlı olmalıdırlar. Jurnalistika yaradıcı sahədir. Bu sahə kütləvi həssaslıq, yaradıcılıq və daim çalışmağı tələb edir”.

Əməkdar jurnalist jurnalistikanın prinsiplərini inkişaf etdirmək və qorumaq lazım olduğunu söyləyib:

“Əgər insanın jurnalistikaya meyli yoxdursa, yaradıcılığa bağlı deyilsə, o zaman başqa sahədə özünü sınaya bilər. Amma jurnalistika xüsusi diqqət və məsuliyyət tələb edən bir peşədir.

Gənclər daim işləməli, çalışmalı və öz üzərlərində inkişaf etməlidirlər. Yazı yazarkən səhv etməkdən çəkinməməlidirlər. Bəzən tələbələr düşünürlər ki, yazdıqları bəyənilməyə bilər, səhvlərə yol verə bilərlər. Amma düşünürəm ki, beyin hücumu metodu ilə işləmək lazımdır. Beş dəfə səhv edə bilərsən, amma altıncı dəfə artıq müəyyən informasiyanın, xəbərin və ya yazının formalaşmasında öz yaradıcılıq məhsulunu ortaya qoya bilərsən.

Əsas məsələ işləmək, fəaliyyət göstərmək, obyektiv olmaq və jurnalistikanın prinsiplərinə hər zaman sadiq qalmaqdır. Jurnalistikanın prinsiplərini inkişaf etdirmək və qorumaq lazımdır.

Belə gənclərimiz də kifayət qədərdir. Mənim şəxsən dərs dediyim onlarla tələbə bu gün ölkənin aparıcı KİV orqanlarında, televiziyalarda, saytlarda çalışır. Onları görəndə böyük qürur hissi keçirirəm və qeyd edirəm ki, bu tələbəyə mən dərs demişəm. Hesab edirəm ki, bu, mənim həyatımda və fəaliyyətimdə əldə etdiyim ən böyük uğurlardan biridir.

Mən gənclərə tövsiyə edirəm ki, ədalətli, qərəzsiz olsunlar, jurnalistikanın prinsiplərinə və etik davranış qaydalarına hər zaman hörmətlə yanaşsınlar. Həsən bəy Zərdabinin 151 il bundan əvvəl yaratdığı jurnalistika ənənələrindən irəli gələn prinsipləri özləri üçün peşə amalı hesab etsinlər və bu prinsiplərə daim sadiq qalsınlar”.

Nicat Rüstəmzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi