Modern.az

“Aksiyanın qarşısı dünyada olmayan ən sivil formada alınıb” - Siyavuş Novruzov 

“Aksiyanın qarşısı dünyada olmayan ən sivil formada alınıb” - Siyavuş Novruzov 

Ölkə

18 Fevral 2020, 13:00

Fevralın 16-da bəzi deputatlığa namizədlər və onların tərəfdarları fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında etiraz aksiyası keçirib.

 

Bakı Şəhəri İcra Hakimiyyəti  “Respublikaçı alternativ” və "Müsavat” müxalifət partiyalarının mitinqinin Lökbatan qəsəbəsində keçirilməsinə icazə versə də, aksiya iştirakçıları MSK-nın önünə toplaşıb.

 

Maraqlı məqam odur ki, polis icazəsiz aksiyada saxladıqları şəxsləri avtobuslara mindirərək Bakıdan kənar yerlərə, hətta, Hacıqabul, Yevlax, Şamaxı rayonlarına apararaq yolda düşürüblər.

 

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş  Novruzov Modern.az-a açıqlamasında aksiya iştirakçılarının hansısa ərazidə sərbəst buraxımasından xəbərsiz olduğunu deyib:

 

“Bu məsələlər polisin səlahiyyətindədir”.

 

Siyavuş Novruzov həmçinin bildirib ki, qeyri-qanuni keçirilən aksiyanın qarşısı dünyada olmayan ən sivil formada alınıb:

 

“Hollandiyada,  Fransada, eləcə də,  Avropa İttifaqına daxil olan ölkələrdə atla, itlə gözyaşardıcı qazla,  rezin güllə ilə aksiya keçirənləri sakitləşdirirlər. Azərbaycanda isə bu baş vermədi. Belə bir fikrim var. Mandatı seçici, xalq  verir, MSK yox. Aksiya keçirənlər MSK-dan yox, seçicidən səs  istəməli idilər. Seçici də onlara səs vermədi. Hesab edirəm ki, bu cür şouları düzəltməyin heç bir mənası yoxdur”.

 

YAP rəsmisinin sözlərinə görə, öncədən planlaşdırılan şounun məqsədi bəllidir:

 

“Müəyyən dairələrdə təmsil olunanlar var ki,  xaricdə oturublar. Bu şouları ona görə təşkil edirlər ki, sabah Azərbaycana qarşı hər hansı qərar, qətnamə qəbul etmək istəyəndə əsasları olsun. Bunu göstərsinlər. Deməyim odur ki, bunlar əlaqəli şəkildə bu addımı atırlar”.

 

Siyavuş Novruzov bəzi YAP-çıların seçkidən kənarda qalmalarından da danışıb:

 

“Yeni Azərbaycan Partiyası, eləcə də, Siyasi Şurasının üzvləri var ki, növbədənkənar parlament seçkilərində qələbə çala bilmədilər. Seçicilər gəlib onlara səs vermədilər. Halbuki həmin şəxslər o ərazilərdə tanınmış, hörmətli insanlardır. Sadəcə seçici başqasına üstünlük verdi. Yaxud da hardasa  pozuntular olubsa, MSK həmin dairədə seçkinin nəticələrini ləğv elədi. Dünən ortaya çıxanlar bu gün gəlib şou düzəltməyə çalışır. Sosial şəbəkədə iki yazı yazan elə bilir ki, seçici buna səs verəcək. Halbuki məsələnin sivil forması var. O da Mərkəzi Seçki Komissiyasına müraciət etmək. Əgər etirazı varsa,  Konstitusiya Məhkəməsinə müraciət edə bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü