ABŞ-ın Kaliforniya ştatında Hollivud əfsanəsi Con Ueynin adını daşıyan hava limanının adının dəyişdirilməsi təklif olunub.
Modern.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Təşəbbüslə Orinc dairəsinin şura sədri Duq Çaffi çıxış edib. O, hava limanına əvvəlki adının — Orinc dairəsi hava limanının qaytarılmasını təklif edir. Məsələ dekabrın 1-də yerli hakimiyyət orqanlarının iclasında müzakirə olunacaq.
Təklifin səbəbi aktyorun 1971-ci ildə Playboy jurnalına müsahibəsində səsləndirdiyi, irqi ayrı-seçkilik kimi qiymətləndirilən fikirləridir. Bu açıqlamalar onun Orinc dairəsinin Şöhrət Zalına namizədliyinin dəstəklənməməsinə səbəb olub.
Hava limanı 1979-cu ildə, aktyorun ölümündən sonra onun adını alıb. Hazırda ildə təxminən 11,7 milyon sərnişinə xidmət göstərir.
Təşəbbüs cəmiyyətdə fikir ayrılığı yaradıb. Bəziləri bunu tarixi ədalətin bərpası, digərləri isə keçmişin yenidən yazılması cəhdi kimi qiymətləndirir.
Qeyd edək ki, Con Ueyn XX əsr Amerika kinosunun tanınmış simalarından olub və 1970-ci ildə “Əsl cəsarət” filminə görə “Oskar” mükafatı qazanıb.