Bu gün Vətən müharibəsi şəhidi Fuad Habil oğlu Məhərrəmlinin doğum günüdür. Yaşasaydı, 32 yaşı tamam olacaqdı. Tərtər rayonunda onunla eyni ad və soyadı daşıyan daha bir hərbi qulluqçu – Fuad Fizuli oğlu Məhərrəmli də Vətən müharibəsində şəhid olub.
Kiçik çavuş Fuad Habil oğlu Məhərrəmli (1994–2020)
Modern.az xatırladır ki, Fuad Habil oğlu Məhərrəmli 1994-cü il noyabrın 28-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. 2012–2014-cü illərdə həqiqi hərbi xidmət keçib. 2020-ci ildə orduya qayıdaraq minaatan bölməsində kiçik çavuş kimi xidmət edib.
Suqovuşan və Ağdərə istiqamətlərində döyüşən kiçik çavuş 25 yaşında şəhid olub. Evoğlu kəndində dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsgər Fuad Fizuli oğlu Məhərrəmli (2001–2020)
Fuad Fizuli oğlu Məhərrəmli 2001-ci il mayın 10-da Tərtər rayonunda anadan olub. Əslən Kəlbəcərdən olan Fuad Bakının Yeni Ramana qəsəbəsində fəaliyyət göstərən Qubadlı rayon Qaralar kənd tam orta məktəbində oxuyub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb və kəşfiyyat bölüyündə xidmət edib.
Füzuli və Cəbrayıl istiqamətlərində döyüşən əsgər 19 yaşında Cəbrayılın Nüzgar kəndi yaxınlığında şəhid olub. Göygöl rayonunun Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Fuad Fizuli oğlu müharibə başlamazdan bir həftə əvvəl dəftərçəsinə şəhid bulağının şəklini çəkmişdi. Sonradan təhsil aldığı məktəbin qarşısında onun adına bulaq tikilib.