Modern.az

Müdafiə nazirinin yeni müavini kimdir - Nizam Osmanovun DOSYESİ

Müdafiə nazirinin yeni müavini kimdir - Nizam Osmanovun DOSYESİ

9 İyul 2020, 10:54

Xəbər verdiyimiz kimi, general-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına başlayıb.

Modern.az saytı xəbər verir ki, bu təyinata qədər Nizam Osmanov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.


Modern.az saytı Müdafiə Nazirliyinə istinadən generalın tərcümeyi-halını təqdim edir.

General-leytenant Osmanov Nizam Ramazan oğlu 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub.


1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.


1986-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib.


1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. 1992-2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib.


2002-2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmət edib.


2014-2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.


Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.


Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 24.06.2003-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 25.06.2011-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 24.06.2016-cı il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, 25.06.2018-ci il tarixli Sərəncamı ilə “İgidliyə görə” medalı, 27.05.2019-cu il tarixli  Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.


08.07.2020-ci ildə Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.


Ailəlidir. İki övladı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır