Modern.az

ABŞ-dəki siyasi dəyişiklik Cənubi Qafqaza necə təsir edəcək... - ŞƏRH

ABŞ-dəki siyasi dəyişiklik Cənubi Qafqaza necə təsir edəcək... - ŞƏRH

Analitika

Bu gün, 15:04

ABŞ-də keçirilmiş 3 noyabr 2026-cı il tarixli aralıq seçkilərində Demokratlar həm Senatda, həm də Nümayəndələr Palatasında üstünlük əldə ediblər. Bu nəticə prezident Donald Trampın siyasi kursuna seçici reaksiyası kimi qiymətləndirilir. Xüsusilə iqtisadi çətinliklər, bahalaşma, İranla müharibə və administrasiyanın xarici siyasət qərarları seçki nəticələrinə təsir edən əsas amillər sırasında göstərilir. 

Demokratlar 2027-ci il yanvarın 3-dən etibarən Konqresin hər iki palatasına nəzarəti həyata keçirəcəklər. Təbii ki, yaranmış vəziyyət Trampın qanunvericilik təşəbbüslərinin qarşısında ciddi maneə yaradacaq. Görünən odur ki, Trampın təyinatları da çətinləşəcək.Vaşinqton yeni institusional qarşıdurma mərhələsinə daxil olur. Amerikada respublikaçılar və demokratlar arasındakı mübarizə dövlətin daxili və xarici siyasətinin hansı xətt üzərində qurulacağına dair mübarizədir. Amerikadakı siyasi dəyişikliklərin bizim regiona təsiri də xüsusi diqqətçəkən məsələdir.

Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, ABŞ siyasətində dəyişikliklər Trampın Cənubi Qafqaz siyasətində ciddi dəyişikliklərə gətirib çıxarmayacaq:

"Hazırkı dəyişiklər özünü daha çox daxili siyasətdə göstərəcək. Trampa qarşı ittihamlar daha da ardıcıl xarakter alacaq. Xarici siyasətdə isə ciddi dəyişikliklərin baş verəcəyinə inanmıram. Trampın xarici siyasətlə bağlı təşəbbüslərinin bloklanması mümkündür. Çünki həmin təşəbbüslər üçün Konqres  maliyyə ayırmalıdır. Bu məsələdə əngəllər ola bilər. Lakin Konqres xarici siyasətlə bağlı özünə aid təşəbbüsləri nadir hallarda icra edir. Bu baxımdan iki il ərzində ciddi dəyişikliklər gözləmirəm. Hazırda Respublikaçıların uğursuzluğu Trampla bağlıdır. Lakin növbəti prezident seçkisinə hələ iki il var. Daxili siyasətdə nə baş verəcəyini demək hazırda çox çətindir". 

T.Zülfüqarov Trampın impiçmenti məsələsinin gündəmə gəlmə ehtimalından da danışıb.

"İmpiçment üçün 10-12 səs çatmır. Bu təşəbbüsə Respublikaçıların da qoşulmasına ehtiyac var", - o deyib.

Sabiq nazir ABŞ-nin Cənubi Qafqaz və Azərbaycan siyasəti ilə bağlı dəyişikliklərin olmasını gözləmir:

"Etiraf etmək lazımdır ki, hazırda Cənubi Qafqaz və Azərbaycan siyasəti hazırda birnömrəli məsələ deyil. Başa düşməliyik ki, TRIPP təşəbbüsü hazırda bir çox tərəflərin marağına uyğundur. Bu məsələdə hansısa dəyişikliklərin olmasını gözləmirəm. Sadəcə olaraq, ermənilər bu təşəbbüsə Rusiyanı daxil etmək istəyə bilər. Rusya faktiki olaraq 1992-ci ildən oradadır. Ermənilər rusların və İranın mövqeyini səsləndirəcək və təhlükəsizliyi təmin edənlərin rus sərhədçiləri olduğunu deyəcəklər. Hazırda Ermənistan tərəfindən verilən bəyanatlar məhz buna işarədir. Azərbaycanın məsələyə münasibətini isə zaman göstərəcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?