Modern.az

Böyük Quruluş Partiyasında istefa

Böyük Quruluş Partiyasında istefa

31 May 2012, 19:33

Böyük Quruluş Partiyasının (BQP) rəhbərliyində istefa baş verib. Modern.az-ın məlumatına görə, partiya sədri Fazil Mustafanın müşaviri Etibar Əliyev bəyanat verərək vəzifəsindən və BQP sıralarından getdiyini bəyan edib.

“XXI Əsr” Tədris Mərkəzinin rəhbəri, təhsil eksperti E.Əliyev 2009-cu ildə Müsavat Partiyası sıralarından istefa verərək, BQP-a keçdiyini bəyan etmişdi. Bu transferdən sonra F.Mustafa E.Əliyevi özünə müşavir təyin etmişdi.

E.Əliyev “Yeni Müsavat”a deyib ki, partiyadan istefa verməsinin əsaslı səbəbləri var: “Kənardan mənə çatan məlumatlarda partiyanın qurultayının keçiriləcəyi bildirilir. Partiya sədrinin müşaviri kimi  nə təşkilat komitəsinə cəlb olunmuşam, nə qurultaya nümayəndə seçilmişəm, nə də qurultayın vaxtı və keçirildiyi yer haqqında mənə məlumat verilib. Hesab edirəm ki, BQP-də mənə qarşı böyük etinasızlıq var. İstefa verməyim həm də son dövrlərdə partiya sədri ilə mənim baxışlarım arasındakı ziddiyyətlərlə bağlıdır. Həm məşğul olduğum təhsil sahəsi, həm də siyasi məsələlərlə bağlı mövqeyim, partiya sədrindən icazəsiz bəzi fikirlər səsləndirməyim də ola bilsin ki, istefa verməyimə müəyyən dərəcədə səbəb olub. Ona görə də, belə bir partiyada gələcək fəaliyyətimi lüzumsuz görürəm. Bu bəyanatı verməklə müşavirlikdən və partiya sıralarından istefa verirəm. İstefa ərizəmi yaxın günlərdə partiya sədrinə göndərəcəm”.

E.Əliyev bildirib ki, bundan sonra cəmiyyət və dövlət üçün faydalı olacaq istiqamətlərdə işini davam etdirəcək.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa məsələyə qeyri-adi baxmağın tərəfdarı olmadığını və bu istefanı normal hadisə kimi yanaşdığını deyib.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi