Qarabağ, Gəncə-Daşkəsən və Şirvan-Salyan Regional Təhsil İdarələrinə yeni müdir müavinləri təyin olunub.
Bu barədə Modern.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrləri ilə Rzayev Ruslan Rasim oğlu Qarabağ Regional Təhsil İdarəsinə, Məmmədtağıyev Elmin Məmmədtağı oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə, Baxışov Rəvan Baxış oğlu isə Şirvan-Salyan Regional Təhsil İdarəsinə müdir müavini vəzifəsinə təyin edilib.
Bildirilib ki, Ruslan Rzayev əmək fəaliyyətinə 2011-ci ildə Qazax şəhərində İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbdə müəllim kimi başlayıb. O, 2020-ci ilədək müəllim işləyib, 2020–2022-ci illərdə həmin məktəbdə direktor vəzifəsində çalışıb. 2022-ci ildən bu təyinata qədər isə Qazax rayonu üzrə təhsil sektorunun müdiri olub.
Elmin Məmmədtağıyev 2017-ci ildə Lerik rayonunun Veri Əliabad kənd ümumi orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb. O, 2018–2022-ci illərdə Kəlbəcər rayon Təhsil şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2022-ci ildən etibarən Mərkəzi Aran Regional Təhsil İdarəsində əvvəlcə məsləhətçi, daha sonra İnzibati təşkilat sektorunun müdiri vəzifələrində çalışıb. 2025-ci ildən bu təyinata qədər isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri olub.
Rəvan Baxışov 1998-ci ildən əmək fəaliyyətinə başlayıb. O, 2020-ci ilə qədər müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışıb, 2020–2022-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 17 saylı Regional Xəzinədarlıq İdarəsində işləyib. Təyinata qədər Şirvan-Salyan Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun müdiri vəzifəsini icra edib.