Modern.az

Generalın ölümü...

Generalın ölümü...

15 İyul 2020, 21:10

Bilmirəm, hardan başlayım. Mən adətən kiməsə rəğbətimi asan dilə gətirən insan deyiləm. Həm də ölən insanın arxasınca nə deyəsən, nə yazasan, nece yazasan axı?...Nə deyib tərifləyəsən, nə deyib cümlələrini süsləyəsən...Amma yaxşı insanların vaxtsız ölümü məni həmişə sarsıdıb. Bəlkə də vaxtsız deyildi, Allahın da işinə qarışmaq istəmirəm.


Amma hər halda bu dünyadan bir general keçdi getdi... Özü də mənim ölkəmin generalı. Həm də 45 yaşında. Hələ alnına qırışlar xətt çəkməmiş, saçları da tamam bəyazlamamışdı. Amma hər hərbçi kimi o da bu gerçəklə üzləşdi. Xidmət apardığı torpaqların uğrunda bir gün vuruşub öləcəkdi o da. Və bu acı ölüm...Nəhayət, bu torpaq onu da uddu, çəkdi apardı öz dərinliyinə. Azərbaycan dağ boyda bir general itirdi. Amma həm də qazandı. Polad iradəli, qətiyyətli, vətənpərvər, mərd bir generalın varlığından bir çoxu xəbərdar idi bəlkə də. Amma həm də yaxşı bir insan, yaxşı bir vətəndaş olduğunu da öyrənmiş oldu ölümü ilə. Generalımın ölüsü də gözəldir...Onun ölümü Azərbaycan insanına olan hörməti artırdı bir çoxlarının gözündə. Hamı bir daha anladı ki, bu ölkənin 1 yaxşısı 100 pisindən yenə də çoxdur. Yaraşdırmırdıq evinin baxımsız eyvanını rütbəsinə. Çünki gözlərimiz öyrəşməmişdi hansısa yüksək rütbəli azərbaycanlının belə sadə evinin olduğuna, təvazökar həyat sürdüyünə. Amma bizi daha da təəccübləndirdi. Məsələn, o ölməsəydi, biz bilməyəcəkdik ki, heç demə bu ölkədə Prezidentin ona verdiyi evi şəhid ailəsinə bağışlayan bir general var imiş. Özü də o, bu evi elə-belə yox, öz canı-qanı bahasına xidmət apardığı "Aprel döyüşləri"ndə göstərdiyi şücaətə görə almışdı. Heç belə də general olarmı? Amma olurmuş...Çünki o ev üçün döyüşməmişdi ki, mal-mülk davası aparsın.

 

Onun davası Qarabağ davası idi. Vətən borcunu çiyinlərində yük kimi daşımırdı, ürəyində sevgi ilə gəzdirirdi. Görünür, o da anlamışdı dünyada heç bir malın-mülkün şərəfdən, vətən sevgisindən üstün olmadığını. Çünki o, "kabinet generalı" deyildi. O da bilirdi ki, Süleymana qalmayan dünya heç kimə qalmayacaq. Amma ona qalan nə oldu? 10 milyonun sevgisi...Generalın ölümü ile bu xalq meydan hadisələrindən bu yana göstərmədiyi birliyi nümayiş etdirdi bir gündə. Yenidən meydana toplaşdılar. Bəli, xalq öz generalına sahib çıxdı. Öz qəhrəmanını, sözün əsl mənasında öz milli qəhrəmanını qürurla qarşıladı... Deyirəm axı generalımın ölüsü də gözəldir...Çünki asan deyil dağ boyda general itirmək. Axı, belə generallar da nadir hallarda gəlir dünyaya. Baxmayaraq ki, Azərbaycanın müstəqilliyindən bu yana İsmət Qayıbov, Məhəmməd Əsədovdan sonra itirdiyi üçüncü generali idi, amma onun üçün toplaşan xalqın önünə Azəbaycanın bir məmuru tapılmadı qarşıya çıxmağa. Bəlkə, də utandılar çıxın baş saglığı vermyə. Axı ayıbdır general itirmək. Həm də bir qarış torpaq belə almadan...

 

Necə demişdi generalın bacısı? Şəhid kasıbın şəhidir. Elə belə göründü ki, general da kasıbın generalı idi. Nə yaxşı da kasıbın generalı idi. İnanıram ki, bundan sonra Polad deyiləndə ağıllara müğənnilər deyil, elə Polad Həşimov gələcək. Övladlarını polad kimi görmək istəyənlər isə onlara Polad adı qoyacaq. Çünki Polad Həşimov kimi Poladların çox olması Vətənə ancaq baş ucalğı gətirə bilər...
Məmləkətimin başı sağ olsun!

 

Leyla BEHBUDLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?