Modern.az

Mənim Nəsir ƏMİM...

Mənim Nəsir ƏMİM...

Aktual

21 Dekabr 2020, 15:07

22 dekabr Azərbaycanın  görkəmli  jurnalisti Nəsir İmanquliyevin doğum günüdür.

 

Qəribədir, yaşa dolduqca həyatın təsadüflər üzərində qurulan zərurətlərdən ibarət olmasını daha çox dərk edirsən... Bir el bayatısında deyilən həqiqət kimi:

 

Ay var bir günə dəyməz,

Gün də var min aya dəyər...

 

 Bəli həyatda elə hadisələr olur ki, onları təsadüf hesab etmək olduqca çətindir. Bir həqiqət var ki, təsadüf həmişə zərurətdən doğur... Sanki Ulu Tanrı gələcək həyat yolunu müəyyən etmək üçün insanı elə şəxsiyyətlərlə qarşılaşdırır ki, bununla da  ona gəlcəyinin işarələrini, görüntülərini  göstərir, istiqamətlərini verir... Bu, bəlkə də, bəşər övladının adına qismət dediyi taleh yolunun bələdçisi, aparıcı qüvvəsi, ilhamvericisidir... 

 

Desəm ki, mənim də gələcək taleh yolum Azərbaycanın görkəmli ziyalısı, Azərbaycan mətbuatının patriarxlarından biri, Azərbaycanın əməkdar jurnalisti, gözəl insan, ləyaqətli şəxsiyyət, əziz əmim, ən nəhayət ustadım Nəsir İmanquliyevlə  görüşümdən sonra formalşıb səhv etmərəm. Nəsir müəllimin doğum günü ərəfəsində haqqında qəlbimdə bəslədiyin ən şirin xatirələri qələmə almaqla, həmişə onun ruhunu şad etmək, nurlu şəxsiyyətinin cizgilərini yartamaq  istəyində  oluram...   

 

Belə bir deyim də var ki, tarixi şəxsiyyətlər yaradır... və bu tarix hər gün, hər saat çoxlarının gözləri önündə  yaranır... Fikrimin davamı olaraq deyim ki, az qala hər kəsin ömründə elə təsadüfi və ya zəriri, fərqi yoxdur, qəribə hadisələr olur ki, yaddaşlarda iz buraxır, xatırlana-xatırlana nəsildən-nəslə  ötürülür. Sən demə elə bu, yaranmaqda olan tarixin özüdür...Mən atamı çox erkən yaşımda itirmişdim... Yaxşı yadımdadır, həmin ərəfədə Hacı Şamil əmim dedi ki, köhnə dostumuz Nəsir müəllim, Əyyubla  Lerikə  gəlir ki, uşaqlara baş çəksin...

 

Mən dərsdən qayıdanda həyətimizdə «Volqa»nın dayandığını gördüm... Evə keçdim. Əyyub əmimlə görüşdüm və  Əyyub əmi mənə:  Bu da Nəsir əmindi, mənim qardaşım... Onunla da görüş –dedi. Belə başladı hələ onda yaxşı tanımadığım, Azərbaycan  mətbuatının  görkəmli simalarından biri, böyük ziyalı Nəsir  müəllim İmanquliyevlə  tanışlığım...   

 

 

...Bir müddət qolları boynumda qalan Nəsir müəllim ilk söhbətdən dərslərimlə maraqlandı... Deyəsən, məndən razı qalmışdı... Sonra Əyyub əmim bizi kəndimizə, Rvaruda apardı... Nəsir müəllim kəndə çatanda ayağı altda qurban kəsdilər... Sonra uca zirvələrə aparan yollarla bulaq başına qalxdıq... Nəsir müəllimin gəlişi kədimizdə toy-bayrama çevrilmişdi... Nəsir müəllim tez-tez dağlara baxır, ah çəkirdi. Əyyub əmim:

— Nə olub belə pərişansan, ay ağsaqqal? — deyə  zarafâtla soruşdu...

   — Eyyub, doğma yerlərin  havasını  duyuram... Bir addım o yana... 

İkisi də bir an sükuta qərq oldu... amma mən heç nə anlamadım...  Sonra, Hacı Şamil əmim dedi ki, Nəsir müəllim, elə öz yurdundasan da, bir addım o yana sənin el-obandı... Əyyub əmi, zarafatla Nəsir müəllimə dedi ki, ay ağsaqqal, sən çörəyini ye, bulaq suyundan iç, bir azdan maşın gələr, dağlara qalxıb el-obana tamaşa edəcəyik...

Uşaq olmağıma baxmayaraq bu söhbət məni yaman tutmuşdu. Ara sakitləşəndə Nəsir müəllimə baxıb: «Nəsir əmi, məyər bu kənd sizin də kəndiniz deyil ki?!, bura bizim kəndimizdir axı» dedim. Nəsir müəllim əlini boynuma salib gülümsündü və “hə, mən də buradanam, sadacə bizim evlər bir az o tərəfdədir” — dedi...  Biz ora gedəcəyik? — deyə soruşdum,.

— Allah qoysa   gedəcəyik — dedi...

Bir azdan maşın gəldi və əmilərim maşına oturub dağlara qalxdılar... Çox sonra bildim ki, Nəsir müəllimin əsli-kökü kəndimizə  yaxın,  sərhədin o tayındadır...

Rayona qayıdanda yenə, «Nəsir əmi, şizə getmədik axı» dedim... Kişini  qəhər  boğdu.

— Allah qoysa gedərik, bala, — dedi.

Əyyub əmim söhbətə qarışdı və dedi ki, ay bala, Nəsir əminin evi Bakıdadır, Bakıya gedəndə gedərsən onlara... Burada isə bizim evlərin hamısı onundur..Sonra da Nəsir müəllimə zarafatla dedi ki, “bu da  deyəsən  jurnalist olacaq, sual verməkdən yorulmur”. Nəsir müəllim  də qayıtdı  ki, təki elə olsun, məncə çox yaxşı olar... elə bilirsən olmaz,  əlbəttə, o da Nəsir əmisinin peşəsini seçəcək, görərsən....

       Onlar həmin gün rayon mərkəzində - Hacı Şamil əmim gildə  gecələdilər...  Səhər-səhər dərsə gedəndə onların yola hazırlaşdlğını  gördüm... Nəsir müəllim məni çağırıb:

— Hə, yoldaş jurnalist, sabahın xeyir, əmilərini yola salmaq istəmirsən?! Sonra da mənə xeyli nəsihətli sözlər dedi... Yadımdadır, dedi ki, sən böyük  şəxsiyyətin oğlusan, əmilərin də tanınmış adamlardı... Sonra da bir məsəl çəkdi və mən o məsəli məktəbə gedə-gedə dəftərimə yazdım: «Ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə, həm də dayaqdır...»

İllər keçdi... Məktəbi qurtarıb Bakıya, Əyyub əmim gilə gəlmişdim. İnstituta hazırlaşırdım... Əyyub əmi telefonda kiminləsə danışırdı... Hiss edirdim ki, qanı qaradı... Dəstəyi asandan sonra: «Bu kişiyə deyirəm özünü öldürmə, əsəbiləşdirmə, elə bildiyini edir...  Kardiologiyaya aparıblar, gedib ona dəyim görüm  necədəir...»  Astadan soruşdum ki, əmi, kimi aparıblar xəstəxanaya?!  Dedi:

— Nəsir müəllimi. İndi onun maşını gəlir, ora gedirəm...

 Ürəyimdən Nəsir müəllimi görmək keçsə da əmimə bu istəyimi bildirməyə qorxdum... əsəbi idi...  Birdən əmim mənə: “Çantanı götür, çıxaq “Baksovet“ metrosunun qabağına,  maşın ora gələcək” — deyənda Nəsir müəllimi görəcəyimə sevindim. “Baksovet“  metrosunun qabağında xeyli gözlədik... Yolun kənarında «Volqa»nın dayandığını gördüm... Lerikdə gördüyüm Möhsün kişi maşından düşəndə bildim ki, bu, Nəsir müəllimin sürücüsüdür. Əyyub əmi maşına yaxınlaşdı və keçib ön oturacaqda əyləşdi...  Sonra mənə “keç otur” dedi. Maşına oturanda arxa oturacaqda  bir qadının əyləşdiyini  gördüm. Salam verib maşına oturdum...

Bir qədər söhbətdən sonra bildim ki, bu qadın Nəsir müəllimin ömür-gün yoldaşı  Gövhər  xanım imiş  (məzarı nurla dolsun).  Gəlib 5 nömrəli xəstəxananın yanında dayandıq... Onlar düşüb Nəsir müəllimə dəyməyə getdilər... Bu dəfə Nəsir müəllimi görmək mənə nəsib olmadı...

 

 

1987-ci il idi... Noyabr ayının 15-də Əyyub əmim qəflətən vəfat etdi... Bu itki hamımız üçün çox ağır idi... Simasında varlğımı tapdığım, böyük bir elin arxası, dayağı olan  əmimin ölümü yaman sarsıtmışdı bizi...  O günlərdə də həmdəmimiz  Nəsir müəllim olurdu... məclis yığışandan sonra əmimin uşaqlarını, bizi evə yığıb xeyli söhbət edərdi, təsəlli verərdi... Söhbətlərinin birində dedi ki, sizə nə olub ki, nə olubsa Şamilə, mənə olub, qardaşımızı itirmişik… Sizin hələ Şamil əminiz, Nəsir əminiz var, ay bala...» Nəsir müəllim bir müddət  Lənkəranda əmimin evində qaldı, əzizini itirmiş ailəyə, qohum-əqrabaya dayaq durdu..

 

Əyyub əmim dünyasını dəyişəndən  sonra da o, bu ailə ilə əlaqəni kəsmədi, problemlerinin həllində yardımçı oldu... Nəsir müəllimin bir sözü heç yadımdan çıxmır. Deyirdi ki, dünyanın qanunudur, dost ölə bilər, heç kim əbədi deyil. Lakin gərək dostluq heç vaxt ölməsin, əbədi olsun…

 

Günlərin birində (səhv etmirəmsə 1991-ci ildə) Nəsir müəllim yenə  də əmim gilə gəlmişdi. Mən də tədris təcrübəni Lənkəranda keçirdim və əmim gildə qalırdım. Əmimin böyük oğlu Elşad Nəsir müəllimə mənim şeir yazdığımı demişdi... Bir də dedilər ki, Nəsir müəllim səni çağırır. Getdim. Dedi şeirlərini oxu görüm... Nəsir müəllimin qarşısında şeir oxumaq böyük hünər istəyirdi...

 

— Hə, nə oldu, köhnə dost, yoldaş  jurnalist, zəif yazırsan məyər?!

 

Dedim ki, mən şeirlərimi əzbər bilmirəm... Dedi : “Yazdıqlarını gətir...”

 

Onun sözünü yerə salmaq günah idi... O biri mənzilə keçib portfelimdəki şeirləri əmimin kiçik oğlu Vüqara verib Nəsir müəllimə göndərdim. Özüm isə utandığıma görə getmədim... Bir azdan dedilər ki, Nəsir müəllim dəhlizə çıxıb səni axtarır...  Tərəddüd içində dəhlizə  çıxdım...

— Ay kişi, sən əsl şairsən, səni təbrik edirəm... Sən bu gündən olursan hamımızın şair qardaşı. Üzünü evdəkilərə tutub: hamınız bu gündən sonra ona “şair qardaş” deyirsiniz, mən də belə deyəcəyəm — dedi. Bakıya nə vaxt gedirsən — soruşdu. Dedim, bir aydan sonra gedəcəyəm. Dedi gecdir, sən bu günlərdə get Bakıya. Gedərsən «Kommunist» naşriyyatında «Bakı» qazetinin redaksiyasına... Ədəbiyyat və incəsənət şöbəsinin müdiri Ağəddin Mansurzadədir. Tanıyırsanmı onu?

 

 

Dedim, bəli, tanıyıram. Ona deyərsən ki, bu şeirləri Nəsir İmanquliyev  bəyənib və xeyir-duasını da o verib. Yazıları ona ver, qayıt gəl. Mən onun məsləhətini yerinə yetirdim və bir neçə gündən sonra «Bakı» qəzetində altı şeirim xüsusi taqdimatla işıq üzü gördü... Sənətin astanasında Nəsir müəllimin xeyir-duası köməkçim, mayakım oldu..

 

 

Lerikdə “Ziyalı günü” keçirilirdi... Hacı Şamil əmim Nəsir müəllimi də dəvət etmişdi. Elşad Nəsir müəllimi öz maşını ilə gətirmişdi Lerikə. Məni görən kimi, «şair qardaş, xoş gördük» dedi görüşdük, nurlu üzündən öpdüm. Tədbirdə çıxış etdi və bu diyarla onu bağlayan soy-kökümüzlə qurduğu əbədi dostluqdan söz açdı... Tədbirin, eləcə də Nəsir müəllimin  gəzintilərinin, maraqlı söhbətlərinin  videoyazısı bu gün də ən əziz, ən dəyərli yadigar kimi arxivimdə qalır. Axşamüstü Şamil əmim gilə gəldik... Mən ona yeni çapdan çıxan «O gözlərin sirri»  adlı ilk kitabımı təqdim etdim. İlahi, o necə sevindi, necə sevindi... məni təbrik etdi və mənə inandığını bildirdi... Sənət adamı olaraq mənim üçün bundan böyük xeyir-dua, bundan böyük məsuliyyət, bundan böyük alxış indi də yoxdur. Gecə yarısınacan söhbət etdi. Əyyub əmimlə, Şamil əmimlə bağlı xatirələrini danışdı...

- Sizin bu Şamil əminiz köhnə kişilərdəndir. Onunla necə tanış olduğunu bizə danışdı… Dedi ki, onun cəsarəti, ağsaqqallığı,  təpədən-dırnağacan ziyalı olması məni valeh etmişdi... O vaxt kəsdiymiz çörək, bu gün da süfrəmizi bəzəyir.

 

 

Sonra Əyyub əmimlə bağlı xatirəlari yada saldı. Dedi ki, rəhmətlik Əyyub bəd günün adamı idi. Çox cəsarətli adam idi…, arada qəhər onu boğurdu. Gözləri yaşarırdı. Bir az fasilə edib sözünə  davam edirdi…

Bir neçə ildən sonra Bakıya köçdüm. Nəsir müəllim ilə atalarımızın başladığı dostluğu yaşadan da, davam etdirən də Nəsir müəllimin özü idi. Əyyub əminin böyük oğlu Elşadla tez-tez ona baş çəkərdik. Elşad onun qulluğunda övladı kimi durardı. Nəsir müəllim bir gün Elşadı görməyəndə tez zəng edərdi… onlar demək olar ki, hər gün görüşərdilər….  Nəsir müəllim deyirdi ki, Elşad Əyyubun yoxluğunu  mənə  unutdurub...  Biz Nəsir əminin ad günlərində  onun evinə toplanardıq… Azərbaycanın bütün ziyalı elitası orada olardı… Bu məclislərin birində  Nəsir əminin əziz nəvəsi, xeyirxahlığı ilə el məhəbbəti qazanmış, Azərbaycanın birinci-vitse  prezidenti  Mehriban xanım  Əliyeva da gəldi…   “Dünya gör götür dünaysıdır”  deyib müdriklər. Belə məclislər şəxsən bizimçün nə qədər ibrətamiz, nə qədər  dəyərli idi… Bunları  talehimin mənə ən böyük ərməğanı hesab edirəm…

 

 

...Nəsir müəllim xəstələnmişdi. Yığışıb onların Ü.Hacıbəyov küçəsində yerləşən evinə getdik… Hər gün Elşad, onun ailəsi və mən  ona baş çəkirdik. Bir dəfə də Nəsir müəllimin yanında olanda onun “Qoşa qanadlarım” dediyi nəvələri: akademik Nargiz xanım Paşayeva və Mehriban xanım Əliyeva ora gəldilər. Nəsir müəllim bizi nəvələrinə təqdim etdi və «Əyyub əminizin övladlarıdır, bir-birinizdan  muğayat  olun», — dedi…

 

…7 mart 1998-ci il. Həmin gün Nəsir əmimizi də itirdik. Biz öyüdlərinə, nəsihətinə daim ehtiyac duyduğumuz əzizimizi, Azərbaycan xalqı isə ağsaqqal ziyalısını itirdi. Bir vaxtlar həyatın axarı saydığım bu hadisələr əslində gözlərim qarşısında yaranan tarix imiş…

 

Mən bu xatirə - yaddaşı ustadım, Azərbaycan jurnalistikasının patriarxlarından biri olan  Nəsir İmanquliyevin  ali şəxsiyyətinin  incə  məqamları ilə oxucuları  tanış etmək   üçün qələmə aldım.  Onun şərəfli tərcümeyi-halı, elmi, jurnalistlik fəaliyyəti haqqında  çox yazılıb və hələ bundan sonra da çox yazılacaq.   Nəsir əminin anadan olmasının növbəti ildönümündə mənəvi borcum olaraq bu ali şəxsiyyətin,  sadə,  lakin əsl Azərbaycan kişisinə məxsus  mənəvi keyfiyyətləri, sədaqətli dostluğu haqqında gələcək nəsillərə  nümunə olacaq  xüsusiyyətlərindən  söz açdım.  Ruhu şad olsun.

 

 

ELDAR   İSKƏNDƏRZADƏ 

Azərbaycan Yazıçılar və  Jurnalistlər

Birliklərinin üzvü, telejurnalist

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok