Modern.az

Kimsə restoran açıb ingiliscə ad qoyursa, bu, artıq düşüncə məsələsidir

Kimsə restoran açıb ingiliscə ad qoyursa, bu, artıq düşüncə məsələsidir

Aktual

21 Fevral 2021, 20:25

Bu gün - 21 fevral Beynəlxalq Ana Dili Günüdür. Tanınmış dilçi alim, filologiya üzrə fəlsəfə doktoru  Şahlar Göytürk yeni sözlərin yaradılmasına ehtiyac olduğunu bildirib. O, dilimizdə olan sözlərdən bəzən düzgün istifadə olunmadığını qeyd edib. Məsələn, “gələcək perspektivlər”, “əsas prioritet məsələ” və bu kimi yanlış söz birləşmələrindən çox istifadə edildiyini deyib.

 

Şahlar Göytürk alınma sözlərin milli sözlərimizi üstələdiyini həyəcanla vurğulayır: “Misal üçün, “preventiv tədbir” yazırlar. Bu söz bizim dilimizdə var, qabaqlayıcı, önləyici deməkdir. Sözlər bəzən yerində, düzgün işlədilmir. Bağlayıcılardan necə gəldi istifadə olunur. Biz saytların monitorinqini apardığımız zaman hətta 3 cümlədə bir-birinin ardınca "və" bağlayıcısı ilə cümlənin başlandığını müşahidə etdik''.

 

Alim dərsliklərdə, KİV-də, o cümlədən tərcümə sahəsində də problemlərin olduğunu bildirib. Şahlar Göytürk bəzi sözlərə qarşılığın tapılmadığını, hətta yazarların və tərcüməçilərin söz kasadlığı problemi ilə üzləşdiyini vurğulayıb.

 

“Məsələn, avtomobilin oturacağındakı baş söykənəcəyinə ingilis dilində “headrest” (başaltı) deyirlər. Azərbaycan dilində isə belə sözlərə uğurlu qarşılıq tapmamaqdan gileylənirlər. Dilə yeni daxil olan sözlərə ya qarşılıq tapılmalı, ya da həmin sözlər Azərbaycan dilinin yazı sisteminə uyğunlaşdırılmalıdır.

Sovet dövründə Azərbaycan dilinin tətbiq sahəsi məhdud idi, indi dilimiz dövlət dilidir, bütün sahələrdə tətbiq olunur. Bu baxımdan qüsurlar meydana çıxa bilər, amma onlara dilin qüsuru kimi baxmaq doğru deyil. Burada dilə yanaşmada problemlər var. Kimsə restoran açıb ingiliscə ad qoyursa, bu, artıq düşüncə məsələsidir”.

 

Şahlar Göytürk monitorinqlər zamanı nöqsanlarla qarşılaşdıqlarını bildirib.


“Təxminən 60 saytın monitorinqini aparmışıq. Əvvəllər inzibati baxımdan təsir imkanımız yox idi. Hazırda cərimələrin tətbiqi ilə bağlı qanun nəzərdə tutulub.

Norma pozuntularının aradan qaldırılması ilə bağlı ayrıca təlimlərimiz olacaq, dil normalarını pozanlara xəbərdarlıq ediləcək, bir nəticəsi olmasa, cərimə tətbiqi ola bilər. Amma məqsəd cərimə tətbiq etmək deyil, aşkar edilən nöqsanları müzakirəyə çıxarmaq, problemləri aradan qaldırmaq və dövlət dilinin normalarını qorumaqdır", - deyə, dilçi alim ana dilimizin qorunması istiqamətində hər kəsi diqqətli olmağa çağırır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir