Modern.az

Şuşa Bəyannaməsində milli təhlükəsizlik  - Azərbaycan və Türkiyə deputatları DANIŞDI

Şuşa Bəyannaməsində milli təhlükəsizlik  - Azərbaycan və Türkiyə deputatları DANIŞDI

Aktual

17 İyun 2021, 18:07

İyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev imzaladığı Bəyannaməyə görə, tərəflərin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcək və bu iclaslarda milli mənafe, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcək.

Tərəflər iki qardaş ölkənin Silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər.

Tərəflər minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə işğaldan azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər.


Türkiyəli və azərbaycanlı deputatlar Şuşa bəyannaməsinin təhlükəsizlik məsələlərinə dair müddəaları barədə Modern.az-a danışıblar.


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib ki, istənilən ölkənin Təhlükəsizlik Şurası həmin ölkənin ən vacib məsələlərini müzakirə edir:


“Türkiyə və Azərbaycan Təhlükəsizlik şuralarının birgə iclasının keçirilməsi qərara alınıbsa, bu o deməkdir ki, həmin dövlətlər özlərinin daxili və xarici məsələlərini koordinasiya etmək istəyirlər. Öz resurslarını hər iki ölkə üçün ümumi olan problemlərin həllinə yönəltmək istəyirlər. Ölkələrin müstəqilliyi, hər bir məsələnin həllində sərbəstliyi qalır. Bununla belə dövlətlər arasında münasibətlər daha yüksək səviyyəyə çatır. Azərbaycan və Türkiyə son 30 il ərzində çoxsaylı nümunələrlə dostluq və qardaşlıqlarını sübut edə biliblər. Bəyannamədə bunun qeyd edilməsi fikrimcə, iki dövlət arasında münasibətlərin daha da dərinləşdiyini və bunun sonrakı əlaqələr üçün əsas olduğunu göstərir”.


Türkiyə-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü, Türkiyə Böyük Millət Məclisinin üzvü Orhan Erdem qeyd edib ki, Türkiyə həmişə Qarabağdakı mübarizədə olduğu kimi Azərbaycanın arxasında, yanında maddi-mənəvi yer alacaq:


“İki ölkə rəhbərinin Şuşa Bəyannaməsi iki ölkənin əlaqələrini daha da gücləndirəcəyini ehtiva edir. Bu Bəyannamə ilə müdafiə, iqtisadiyyat, sənaye, ticarət, beynəlxalq münasibətlər və s. sahələrdə “iki dövlət bir millət” olma yolunda rifah və sülh üçün işbirliyi sürətlənir. Sənəd təhdid və hücumlar zamanı Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə uyğun olaraq Silahlı qüvvələrimizin iş birliyini və modernizasiyasını da özündə ehtiva edir.

Bəyannamədə minalı ərazilərin təmizlənməsi məsələsində birlik nümayiş olunması da qeyd edilir”.


Orhan Erdemin fikrincə, Bəyannamənin müddəaları olduqca geniş sahələri əhatə edir:


“Bu bir Bəyannamədir. Təhlükəsizlik şuralarının rəhbərləri bir araya gələrək, sənədin həyata keçirilməsini möhkəmləndirəcək, əməli fəaliyyətə başlanmasını gücləndirəcək. Gələcək üçün güvənliyi və işbirliyini əbədi hala gətirəcəkdir.

Açılacaq koridor sayəsində Zəngəzur vasitəsilə Naxçıvanla birbaşa əlaqə Türkiyə ilə yeni nəqliyyat əlaqəsi deməkdir. Bununla iqtisadi, ticari əlaqələr, kommunikasiya yüksələcək, qardaşlıq bağı güclənəcək. Şuşa Bəyannaməsinin hər iki ölkə üçün xeyirli olmasını diləyirəm”.


TBMM-in deputatı Atilla Sertel vurğulayıb ki, Azərbaycan və Türkiyəyə “bir millət, iki dövlət deyilir” və qardaşlığımız bütün dünyada tanınır:


“Türkiyə olaraq, hər məsələdə Azərbaycanın yanında olmalıyıq, Azərbaycan da bizim yanımızda.

Son imzalanmış Bəyannamə həyata keçirilməsi lazım olan vacib bir sənəddir. Yalnız iki dövlət arasındakı əməkdaşlıq kifayət deyil, hər iki dövlət həm də bir-birinin dünyadakı lobbiçiliyində iştirak etməlidir.

Türkiyədə "Türkün Türkdən başqa dostu yoxdur" deyimi var, gəlin, bu şəkildə deyək, "dostluqlarımız qalıcı və faydalı olmalıdır" deyək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü