Modern.az

Putin-Bayden görüşü MDB ölkələrində nəyi dəyişəcək...

Putin-Bayden görüşü MDB ölkələrində nəyi dəyişəcək...

Aktual

23 İyun 2021, 11:45

Ötən həftə Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Bayden Cenevrədə görüşərək, dünya gündəmini əhatə edən bir sıra məsələləri müzakirə ediblər. Putin və Baydenin masasında xüsusilə hər iki ölkənin səfirlərinin geri qayıtması, məhkum edilmiş şəxslərin təhvil verilməsinin müzakirəsi, Arktika, Ukrayna, kibertəhlükəsizlik ətrafındakı vəziyyət haqqında məqamlar olub.

Ukrayna məsələsinin iki nəhəng dünya liderinin diqqətində olması Müstəqil Dövlətlər Birliyi ölkələrinin vəziyyətini də gündəmə gətirdi. Hər kəsə maraqlı olan məqam iki liderin görüşünün MDB ölkələri üçün nə vəd etdiyidir.


Bu barədə Modern.az-a danışan deputat Asim Mollazadə hesab edir ki, Amerika Birləşmiş Ştatlarının keçmiş SSRİ ölkələri ilə münasibətlərdə MDB baxışı yoxdur. Yəni ABŞ-ın hər bir postsovet ölkəsi ilə fərdi münasibətləri var:

“Yaxın müddətdə, Rusiya ilə Amerika arasında prezidentlərinin görüşündən sonra kəskin dəyişiklik gözləmirəm. Proses davam edəcək və hər bir istiqamətdə əldə edilən və mövcud razılıqlarla bağlı danışıqlar davam edəcək”.

Politoloq Zərdüşt Əlizadə isə MDB dövlətlərinin ABŞ-ın dövlət maraqlarına ümumiyyətlə daxil olmadığı qənaətindədir:

“Amerika özünün xarici siyasətinin mühüm istiqamətlərini müəyyənləşdirib. Bu, ilk olaraq Çindir. Çinlə Cənub Şərqi Asiyanı bağlayan bölgənin problemləri, Rusiya, yaxın Şərq və Avropa da ABŞ-ın marağındadır. MDB ölkələri isə bu məsələlərdə əsas yoldur. Təbii ki, Amerikanın siyasəti ümumdünya, qlobal səciyyə daşıyır və bu Cənubi Qafqazda da, Mərkəzi Asiyada da, Ukraynada da fəal şəkildə aparılacaq. Ancaq bir məqamı unutmaq lazım deyil, ki, Amerikanın burada marağı bir nömrəli məqsəd deyil. Buna görə də MDB ölkələrinin rəhbərləri Amerika barədə düşünmək əvəzinə əhali ilə işləmək, səmərəli təkliflər hazırlamaq, haqqında düşünməlidirlər”.

Politoloqun sözlərinə görə, münaqişə yaşayan MDB ölkələrindən ən rahat mövqedə Azərbaycandır:


“Azərbaycan müharibə aparıb, qalib gəlib, ərazisinin 75 faizini geri qaytarıb. Bundan sonra tədbirli və ağıllı siyasət aparılarsa, qalan 25 faiz torpağımız da qaytarılacaq.

Gürcüstana gəldikdə, Abxaziya və Osetiyanı yaxın zamanda qaytarmaq imkanı yoxdur. Rusiya dövlət kimi mövcudluğunu qoruyarsa, bu bölgələr tamamilə itirilib deməkdir. Əgər Rusiya dərin böhrana düçar olarsa, ölkə kimi dağılarsa, Gürcüstan öz qanuni ərazilərini ancaq belə halda qaytara bilər.

Ukraynanın isə ən böyük bəlası Rusiya deyil. Rusiya şər qüvvə kimi həmişə mövcuddur. Ukraynanın ən böyük müşkülü hakim zümrəsinin qeyri-adekvat düşüncə tərzidir. Əməli gerçək düşünmə tərzindən məhrumdurlar və Ukraynanı əbədi bəlalara düçar edirlər”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü