Günvurma yay aylarında ən çox rast gəlinən və vaxtında müdaxilə edilmədikdə ciddi fəsadlara səbəb ola bilən hallardan biridir. Bu vəziyyət insanın uzun müddət birbaşa günəş şüalarının, xüsusilə də yüksək temperaturun təsiri altında qalması nəticəsində yaranır. Belə ki, günəşdən yayılan infraqırmızı şüalar təkcə dərini deyil, baş nahiyəsindən keçərək dərin toxumaları, o cümlədən beyin toxumasını da qızdırır. Nəticədə mərkəzi sinir sisteminin fəaliyyəti pozulur, beyin damarları genişlənir, qan dövranında dəyişikliklər baş verir və beyin hüceyrələrinin oksigenlə təminatı zəifləyir. Uzun müddət davam edən yüksək temperatur təsiri sinir hüceyrələrinin zədələnməsinə, hətta məhvinə səbəb ola bilər. Bu proses həssaslıq və hərəkət funksiyalarının pozulması ilə yanaşı, ürək-damar və tənəffüs sistemi də daxil olmaqla digər orqanların fəaliyyətinə də mənfi təsir göstərir.
Günvurmanın əsas əlamətləri
Günvurma zamanı ilk əlamətlər adətən ümumi halsızlıq və gücsüzlük hissi ilə başlayır. Daha sonra güclü baş ağrısı, başgicəllənmə, nəfəs darlığı, nəbzin sürətlənməsi, ürəkbulanma və qusma müşahidə oluna bilər. Bəzi hallarda burun qanaması baş verir, bədən hərarəti 38-40 dərəcəyədək yüksəlir, qısamüddətli huş itkisi qeydə alınır. Ağır hallarda isə şüurun pozulması, qıcolma və həyati təhlükə yaradan vəziyyətlər yarana bilər.
Günvurma zamanı ilk yardım necə göstərilməlidir?
Belə hallarda ilk yardımın düzgün göstərilməsi həyati əhəmiyyət daşıyır. İlk növbədə zərərçəkən şəxs dərhal birbaşa günəş şüalarının altından çıxarılaraq kölgəli və ya sərin, yaxşı havalandırılan otağa aparılmalıdır. Onun uzanmasına şərait yaradılmalı, başı və ayaqları bir qədər qaldırılmalıdır. Boyun və ayaq biləyi altına yumşaq dayaq qoyulması qan dövranının yaxşılaşmasına kömək edir.
Bədənin sıxılmasına səbəb olan paltarlar, xüsusilə yaxalıq və kəmər boşaldılmalı, nəfəs almasına mane olan geyimlər çıxarılmalıdır. Zərərçəkən ayıq vəziyyətdədirsə, ona sərin su verilməsi tövsiyə olunur. Mineral su daha məqsədəuyğundur. Belə imkan olmadıqda isə adi suya az miqdarda duz və şəkər əlavə etməklə orqanizmin itirdiyi su və elektrolit balansını qismən bərpa etmək mümkündür.
Bədən temperaturunu necə aşağı salmaq olar?
Bədən temperaturunun aşağı salınması üçün sinə, boyun, alın və bilək nahiyələrinə sərin, nəm parça qoyula bilər. Zərurət yarandıqda bədəni nəm dəsmalla örtmək və ya 20 dərəcədən isti olmayan su ilə islatmaq da faydalıdır. Lakin çox soyuq su və ya buzun birbaşa bütün bədənə tətbiqi tövsiyə edilmir.
Əgər zərərçəkəndə qusma başlayarsa, onun nəfəs yollarına qusuntu getməsinin qarşısını almaq üçün şəxs mütləq yan vəziyyətə çevrilməlidir. Huşun itməsi, tənəffüsün dayanması və ya nəbzin hiss olunmaması kimi ağır vəziyyətlərdə isə təcili tibbi yardım gələnədək süni tənəffüs və ürəyin dolayı masajı tətbiq edilməlidir.
Hansı hallarda təcili tibbi yardım çağırılmalıdır?
Günvurma əlamətləri qısa müddətdə aradan qalxmırsa və ya vəziyyət sürətlə ağırlaşırsa, dərhal təcili tibbi yardım çağırılmalıdır. İlk yardım göstərildikdən sonra zərərçəkənin mümkün qədər tez yaxınlıqdakı tibb müəssisəsinə çatdırılması tövsiyə olunur.
Günvurmadan necə qorunmaq olar?
Mütəxəssislər günvurmanın qarşısını almaq üçün xüsusilə günəş şüalarının daha intensiv olduğu saat 11:00-dan 17:00-dək açıq havada uzun müddət qalmamağı tövsiyə edirlər. Bu saatlarda zərurət olmadıqda birbaşa günəş altında olmaqdan çəkinmək, açıq rəngli və yüngül geyimlərdən istifadə etmək, baş örtüyü taxmaq, kifayət qədər maye qəbul etmək və kölgədə istirahət etmək günvurma riskini əhəmiyyətli dərəcədə azaldır.