Modern.az

Zelenski: Xəzərdəki Rusiya hədəflərini vurduq

Zelenski: Xəzərdəki Rusiya hədəflərini vurduq

Aktual

Bu gün, 16:16

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə qüvvələrinin gecə saatlarında Rusiyanın müxtəlif bölgələrində yerləşən hərbi və logistik obyektlərə uzaqmənzilli zərbələr endirdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, zərbələr Rusiyanın Kirov vilayətində yerləşən və Ukraynaya qarşı hücumlarda istifadə olunan vasitələr üçün komponentlər istehsal edən müəssisəyə endirilib. Prezident qeyd edib ki, həmin obyekt Ukrayna sərhədindən təxminən 1200 kilometr məsafədə yerləşir.

Zelenski bildirib ki, Tümen şəhərindəki neft emalı zavodu, Yekaterinburqdakı logistika obyekti və Rostov-na-Donudakı yanacaq-sürtkü materialları anbarı da hədəfə alınıb.

Ukrayna lideri Xəzər dənizində də uzaqmənzilli əməliyyatların uğurlu nəticələr verdiyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya ilə İran arasında hərbi yüklərin daşınmasında istifadə olunan gəmilərə və bir hərbi gəmiyə zərbələr endirilib.

Ukrayna Təhlükəsizlik Xidməti isə açıqlayıb ki, hücum nəticəsində "Molniya" raket kateri, Rusiya ilə İran arasında hərbi yük daşıyan "Port Olya 2" və Begey yük gəmiləri, həmçinin Filanovski yatağındakı neft hasilatı platforması vurulub.

Bundan başqa, qurumun məlumatına görə, Rostov-na-Donuda S-400 zenit-raket kompleksinin radiolokasiya stansiyası, "Tor-M2" zenit-raket kompleksi, "Pole-21" radioelektron mübarizə sistemi və FPV dronlarının saxlanıldığı anbarlar da hədəfə alınıb.

Rusiya tərəfi bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr