Modern.az

Məhkəmədən müstəntiqə görə Kamran Əliyevə MÜRACİƏT

Məhkəmədən müstəntiqə görə Kamran Əliyevə MÜRACİƏT

29 Noyabr 2021, 15:12

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonunda qətl törətməkdə təqsirləndirilən İntizam Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

 

Modern.az xəbər verir ki, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Daha sonra dövlət ittihamçısı Zaur Qasımov vəsatətlə məhkəməyə müraciət edərək təqsirləndirilən İ.Hüseynovun Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.7 (qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4, 228.1 və 228.4-cü (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.

Eyni zamanda, Z.Qasımov məhkəməyədək icraat zamanı Cinayət-Prosessual Məcəlləsinin (CPM) tələblərinin kobud surətdə pozulmasına yol verən Şəmkir Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən III dərəcəli hüquqşünas barəsində xüsusi qərar çıxarılmasını, təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlanılma müddətinin 1 ay uzadılmasını istəyib.

Prokuror vəsatətini onunla əsaslandırıb ki, təqsirləndirilən şəxsin zərərçəkmiş qismində tanınan azyaşlı oğluna qanuni nümayəndə təyin edilməsi təmin olunmayıb, həmçinin məhkəmə tibbi ekspertizasının rəyi ilə zərərçəkmiş Sədaqət İbadullayevanın ölümünün səbəbi müəyyən edilsə də, İ.Hüseynova verilmiş ittihamda S.İbadullayevanın ölümünün səbəbi göstərilməyib.

Bundan başqa, istintaq zamanı təyin edilən Məhkəmə-Tibbi Ekspertizasının rəyi ilə zərərçəkmiş şəxsin bədəni üzərində 10 ədəd bədən xəsarətinin olması müəyyən edilsə də, təqsirləndirilən şəxsə verilmiş ittihamda cinayət əməli nəticəsində zərərçəkmiş şəxsin cəmi 8 ədəd xəsarət alması qeyd edilib.

Məhkəmənin qərarında deyilir ki, Şəmkir Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən III dərəcəli hüquqşünas cinayət işi üzrə CPM-nin 303.3.6 və 303.3.8-ci maddələrinin tələblərini kobud surətdə pozduğundan onun barəsində müvafiq tədbirlərin görülməsi üçün Baş prokurora məlumat verilsin.

Eyni zamanda, qərarın surəti Baş prokurora göndərilsin: “Görülən tədbirlər barədə 30 gündən gec olmayaraq məhkəməyə məlumat verilsin”.(report)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir