Naftalanda yerləşən "Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi"ndə şəhid ailələrinin üzvləri və qazilərin bərpa-müalicəsi uğurla davam etdirilir.
Modern.az xəbər verir ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş sağlamlıq mərkəzi şəhid ailələrinin üzvləri, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının reabilitasiyası üzrə ixtisaslaşmış müəssisələrdən biridir.
Mərkəzdə döyüşlər zamanı müxtəlif xəsarətlər almış qazilər və digər imtiyazlı şəxslər üçün müasir tibbi yanaşmalar əsasında müalicə və reabilitasiya xidmətləri göstərilir.
Hazırda sağlamlıq mərkəzində 200-ə yaxın şəxs müalicə alır. 2026-cı ilin əvvəlindən indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə qəbul olunan 1400-dən çox şəhid ailəsi üzvü və qazi əvvəlcə hərtərəfli tibbi müayinədən keçirilib, daha sonra onların sağlamlıq vəziyyətinə uyğun fərdi müalicə və reabilitasiya proqramı müəyyənləşdirilib. Müalicə kursu 14 gün davam edir və prosesin ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.
Sağlamlıq mərkəzində əsasən dayaq-hərəkət sistemi, oynaq və digər əlaqəli xəstəliklərdən əziyyət çəkən şəxslər müalicə olunur. Müalicə proqramına masaj, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iqlimoterapiya, ozonoterapiya, hidrokolonoterapiya, eləcə də müalicəvi xüsusiyyətləri ilə tanınan Naftalan neft vannaları daxildir.
Qeyd olunur ki, həyata keçirilən reabilitasiya tədbirləri pasiyentlərin funksional imkanlarının bərpasına, gündəlik həyata daha rahat qayıtmalarına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.