Modern.az

Milli mətbuatda dövlətçilik düşüncəsi

Milli mətbuatda dövlətçilik düşüncəsi

Aktual

Bu gün, 09:50

Dövlətlərin tarixini müəyyənləşdirən amillər sırasında siyasi liderlərin fəaliyyəti, iqtisadi inkişaf, hərbi qələbələr və hüquqi institutlar xüsusi yer tutur. Ancaq həmin tarixin görünməyən bir xətti də mövcuddur. Bu xətt cəmiyyətin necə düşündüyünü, hansı dəyərləri qəbul etdiyini, həqiqətlər uğrunda necə mübarizə apardığını göstərir. 

Dövlətlərin uzunömürlülüyü də çox vaxt məhz həmin düşüncə mühitinin möhkəmliyi ilə müəyyən olunur. Dövlət idarəçiliyi siyasi qərarlar qəbul edir, mətbuat isə həmin qərarların cəmiyyət tərəfindən necə qarşılanacağına təsir göstərən ictimai mühit formalaşdırır. Bu baxımdan milli mətbuat dövlət həyatının kənarında dayanan müşahidəçi yox, dövlətçilik təfəkkürünün formalaşmasında birbaşa iştirak edən əsas ictimai institutlardan biridir.

Tarixin müxtəlif mərhələləri bu həqiqəti dəfələrlə təsdiqləyib. XV əsrdə İohann Qutenberqin çap dəzgahını təkmilləşdirməsi texniki yenilik kimi qiymətləndirilsə də, sonrakı yüzilliklər onun ictima-siyasi nəticələrinin daha böyük olduğunu göstərdi. Çap məhsullarının geniş yayılması Avropada maarifçilik hərəkatını sürətləndirdi, dini islahatlara, elmi düşüncənin inkişafına və hüquqi dövlət ideyasının möhkəmlənməsinə ciddi təsir göstərdi. İngilis dövlət xadimi Edmund Börk yazırdı ki, parlamentdə üç hakimiyyət mövcuddur, mətbuat isə onların hamısından güclü təsir imkanına malik dördüncü hakimiyyətdir. Bu fikir təkcə jurnalistikanın nüfuzunu ifadə etmirdi. O, ictimai rəyin dövlət idarəçiliyində tutduğu yeri müəyyənləşdirirdi.

XVIII əsrdə Amerika istiqlal mübarizəsi və Fransa inqilabı zamanı qəzetlər siyasi ideyaların əsas daşıyıcısına çevrildi. İnsan hüquqları, vətəndaş azadlıqları və xalq hakimiyyəti haqqında düşüncələr əvvəlcə qəzet səhifələrində müzakirə olundu, sonra dövlətlərin siyasi həyatına daxil oldu. Bu hadisələr göstərdi ki, söz bəzən orduların aça bilmədiyi qapıları açır.

XX əsr isə mətbuatın həm qurucu, həm də dağıdıcı gücünü bütün miqyası ilə ortaya qoydu. Birinci Dünya müharibəsi zamanı Böyük Britaniyada yaradılmış "Wellington House" adlı xüsusi təbliğat bürosu tarixdə dövlət səviyyəsində təşkil olunmuş ilk informasiya mərkəzlərindən biri hesab olunur. Onun əsas vəzifəsi cəbhədə qələbə qazanmaq deyildi. Məqsəd ictimai rəyi idarə etmək, müttəfiq ölkələrdə dəstəyi gücləndirmək və rəqib dövlətlərin mövqeyini zəiflətmək idi. Müharibədən sonra aparılan araşdırmalar göstərdi ki, informasiya üzərində qazanılan üstünlük bir çox halda hərbi əməliyyatların nəticəsinə də təsir göstərmişdi.

İkinci Dünya müharibəsi informasiyanın siyasi silaha çevrilməsinin ən ağır nəticələrini ortaya çıxardı. 1933-cü ildə Almaniyada Xalq Maarifləndirilməsi və Təbliğat Nazirliyinin yaradılması təsadüfi qərar deyildi. Jozef Qebbels mətbuatı, radionu, kinonu və nəşriyyatları vahid idarəetmə sistemi altında birləşdirərək bütöv cəmiyyətin düşüncəsinə təsir göstərən mexanizm qurdu. Təkrarlanan yalanın həqiqət kimi qəbul etdirilməsi, nifrətin ideologiyaya çevrilməsi və insan şüurunun sistemli şəkildə istiqamətləndirilməsi tarixdə ağır faciələrə səbəb oldu. Nürnberq məhkəmələri faşizmin cinayətlərini hüquqi müstəvidə qiymətləndirərkən təbliğat maşınının həmin cinayətlərdə oynadığı rolu da ayrıca qeyd etdi.

Eyni dövrdə sosialist ideologiyası da mətbuatı dövlət siyasətinin əsas alətlərindən biri kimi formalaşdırdı. "Pravda" və "İzvestiya" kimi qəzetlərin milyonlarla nüsxə tirajla çap olunması təkcə jurnalistikanın uğuru hesab edilmirdi. Bu nəşrlər ideoloji idarəetmə sisteminin mühüm hissəsi idi. İnformasiya seçilir, şərh olunur və müəyyən olunmuş siyasi xəttə uyğun təqdim edilirdi. Dövlətlə informasiya arasında yaranan bu münasibət uzun illər bütöv bir cəmiyyətin düşüncə modelini formalaşdırdı.

Soyuq müharibə illərində informasiya sahəsində rəqabət yeni mərhələyə qədəm qoydu. Qarşıdurma yalnız raketlərin sayı, orduların gücü və hərbi blokların imkanları ilə ölçülmürdü. Dövlətlər insanların düşüncəsinə təsir göstərmək üçün radio yayımlarından, qəzetlərdən, televiziya proqramlarından və analitik mərkəzlərdən geniş istifadə edirdilər. "Azad Avropa" radiosu, "Amerikanın səsi", Sovet İttifaqının mərkəzi informasiya resursları və digər media qurumları geosiyasi rəqabətin görünən tərəflərindən biri idi. Hər məlumat siyasi məqsəd daşıyır, hər şərh müəyyən strateji marağa xidmət edirdi. İnformasiya təhlükəsizliyi anlayışı da məhz həmin dövrdə dövlət siyasətinin ayrılmaz istiqamətlərindən birinə çevrildi. Bu tarixi təcrübə mühüm nəticə ortaya qoydu. Cəmiyyətin düşüncə mühiti zəiflədikcə xarici təsirlərin imkanları genişlənir, milli həmrəylik gücləndikcə informasiya təxribatlarının təsir dairəsi daralır. Dövlət sərhədlərini qoruyan əsgər fiziki təhlükəsizliyi təmin edir, informasiya məkanını qoruyan peşəkar media isə milli düşüncənin dayanıqlılığını möhkəmləndirir. Bu iki istiqamət bir-birini tamamlayan strateji amillərdir.

Azərbaycan milli mətbuatı da mürəkkəb beynəlxalq proseslərin fonunda formalaşaraq özünəməxsus inkişaf yolu keçib. 1875-ci il 22 iyul tarixində Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti milli mətbuatımızın əsasını qoymaqla yanaşı, yeni ictimai düşüncə məktəbi yaratdı. Zərdabi üçün qəzet gündəlik xəbərlər toplusu deyildi. O, xalqın maariflənməsini, elmə marağın artmasını, ana dilinin inkişafını və milli özünüdərk hissinin möhkəmlənməsini əsas məqsəd hesab edirdi. "Əkinçi"nin cəmi 56 nömrəsi çap olunub. Bu rəqəm kiçik görünə bilər. Lakin həmin 56 nömrənin yaratdığı intellektual təsir sonrakı onilliklərdə yüzlərlə nəşrin görə bilmədiyi işi görüb.

Zərdabi yazırdı ki, xalqın tərəqqisinin yolu elmdən keçir. Bu fikir, sadəcə, maarifçilik çağırışı deyildi. O, gələcək dövlətçilik düşüncəsinin fəlsəfi əsaslarından birinə çevrildi. Savadlı və məlumatlı insanın yetişməsi milli inkişafın başlanğıcı kimi qəbul olunurdu. Sonrakı dövrlərdə milli mətbuatın aparıcı nümayəndələri də məhz bu xətti davam etdirdilər.

Əhməd bəy Ağaoğlu mətbuatı milli azadlığın siyasi tribunasına çevirdi. Onun publisistikası cəmiyyətdə hüquq, vətəndaş məsuliyyəti və milli dövlət anlayışını möhkəmləndirirdi. Əli bəy Hüseynzadə "Türkləşmək, islamlaşmaq, müasirləşmək" ideyasını irəli sürərkən mətbuatı həmin ideyanın daşıyıcısı kimi görürdü. Əlimərdan bəy Topçubaşov publisistik fəaliyyəti ilə hüquqi dövlət düşüncəsini inkişaf etdirir, Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" vasitəsilə cəmiyyətin sosial problemlərini, savadsızlığı, xurafatı və ictimai laqeydliyi kəskin satira ilə tənqid edirdi. Üzeyir bəy Hacıbəylinin publisistikası isə milli həmrəyliyi, mədəniyyətin dövlət həyatındakı rolunu və ziyalının məsuliyyətini yeni məzmunda təqdim edirdi. Bu ziyalıların hər biri müxtəlif üslubda yazırdı. Fərqli mövzulara toxunurdular. Onları birləşdirən ortaq cəhət isə dəyişmirdi: mətbuat xalqı hadisələrin tamaşaçısı kimi yox, gələcəyin iştirakçısı kimi hazırlamalıdır. Dövlətçilik əvvəlcə düşüncədə möhkəmlənir, düşüncə isə cəmiyyətə söz vasitəsilə çatır. Azərbaycan milli mətbuatının ilk böyük məktəbi məhz bu prinsiplər üzərində formalaşdı.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli mətbuat qarşısında yeni vəzifələr müəyyənləşdirdi. Müstəqil dövlət artıq yalnız siyasi qərarlarla idarə olunmurdu. Cəmiyyətin həmin qərarlara münasibəti, milli ideyanın qəbul olunması və dövlətçilik şüurunun möhkəmlənməsi mətbuatın fəaliyyətindən də asılı idi. Parlamentin iclasları, qəbul olunan qanunlar, diplomatik danışıqlar, milli ordunun yaradılması, təhsil islahatları və dövlət rəmzləri ilə bağlı müzakirələr qəzetlərin əsas mövzularını təşkil edirdi. Cəmi iyirmi üç ay yaşayan cümhuriyyət özündən sonra hüquqi dövlət modeli ilə yanaşı, azad söz ənənəsini də miras qoydu.

1920-ci ilin aprelindən sonra Azərbaycan yeni siyasi sistem daxilində fəaliyyət göstərməyə başladı. Mətbuat da həmin sistemin ideoloji mexanizminin tərkib hissəsinə çevrildi. Bununla yanaşı, milli düşüncə tamamilə arxa plana keçmədi. Azərbaycan dili, ədəbiyyatı, klassik irs, tarix və mədəniyyət haqqında aparılan araşdırmalar xalqın milli kimliyini qoruyan mənəvi dayaqlardan biri oldu. Bəzən bir elmi məqalə, bəzən tarixi şəxsiyyət haqqında yazılmış publisistik yazı, bəzən də ədəbi əsər milli yaddaşın qorunmasına xidmət edirdi. Siyasi sərhədlər dəyişə bilərdi, milli kimlik söz vasitəsilə yaşamağa davam edirdi.

1988-ci ildən etibarən Azərbaycan xalqının milli azadlıq hərəkatı yeni mərhələyə daxil oldu. Meydanlarda səslənən çağırışlar qəzet səhifələrinə, qəzet səhifələrində yazılan fikirlər isə cəmiyyətin ümumi mövqeyinə çevrilirdi. Həmin dövr informasiya üzərində nəzarətin siyasi hakimiyyət üçün nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha göstərdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya yeridilməsi hərbi əməliyyat olmaqla yanaşı, genişmiqyaslı informasiya əməliyyatı ilə müşayiət olundu. Faciədən bir neçə saat əvvəl Azərbaycan Televiziyasının enerji blokunun partladılması təsadüfi addım deyildi. Respublika əhalisini informasiya mənbəyindən ayırmaq, baş verən hadisələr haqqında operativ məlumatın yayılmasına imkan verməmək planın əsas hissələrindən biri idi. Həmin gecə insanlar xəbəri radio dalğalarından, bir-birinə ötürülən məlumatlardan və xarici radiostansiyalardan almağa çalışırdı. İnformasiya üzərində nəzarət silahlı müdaxilənin ayrılmaz hissəsinə çevrilmişdi. Belə mürəkkəb şəraitdə Ümummilli Lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransı müasir siyasi tariximizin dönüş nöqtələrindən biri oldu. Sovet İttifaqının hələ mövcud olduğu, ciddi siyasi təzyiqlərin davam etdiyi bir vaxtda SSRİ rəhbərliyinin hərəkətlərini açıq şəkildə qanunsuz və cinayət kimi qiymətləndirmək böyük siyasi iradə tələb edirdi. Həmin çıxış dünya informasiya agentlikləri tərəfindən geniş yayıldı və Azərbaycan xalqına qarşı törədilmiş faciənin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. O gün təkcə siyasi bəyanat səslənmədi. Dövlət xadiminin qətiyyətli mövqeyi informasiya blokadasını yararaq həqiqətin beynəlxalq hüquq müstəvisinə çıxmasına yol açdı.

Tarix göstərir ki, bəzən bir çıxış ordunun əldə edə bilmədiyi nəticəni təmin edir. 1990-cı il yanvarın 21-də Moskvada baş verən hadisə də bunun parlaq nümunələrindən biri idi. Həqiqət siyasi iradə ilə ifadə olunanda informasiya ən güclü müdafiə vasitəsinə çevrilir. Azərbaycanın müstəqillik tarixi həmin gün sözün dövlətçilik qarşısındakı məsuliyyətini bütün aydınlığı ilə nümayiş etdirdi.

1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini bərpa etsə də, dövlət quruculuğu son dərəcə mürəkkəb şəraitdə aparılırdı. Xarici hərbi təcavüz, iqtisadi böhran, siyasi qarşıdurmalar və hakimiyyət uğrunda mübarizə ölkənin gələcəyini ciddi təhlükə qarşısında qoymuşdu. Həmin dövrdə informasiya məkanı da siyasi mübarizənin əsas istiqamətlərindən birinə çevrildi. Ayrı-ayrı mətbuat orqanları müxtəlif siyasi qrupların təsiri altında fəaliyyət göstərir, cəmiyyətə təqdim olunan məlumatlar çox vaxt emosiyalar üzərində qurulur, faktla mövqe arasındakı sərhəd sürətlə aradan qalxırdı. İnformasiyanın cəmiyyətə təsiri barədə dünya tarixinin verdiyi dərslər Azərbaycanda da özünü göstərirdi.

1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri dövlətçiliyin yalnız silahlı müdaxilə ilə deyil, informasiya müstəvisində də ciddi sınaqlarla üzləşdiyini nümayiş etdirdi. Həmin günlərdə bəzi media qurumları və informasiya platformaları siyasi qarşıdurmanın iştirakçısına çevrilərək cəmiyyətdə gərginliyin artmasına xidmət edən mövqelər sərgiləyirdilər. Dövlət çevrilişi cəhdlərinin uğur qazanması üçün ilk növbədə ictimai rəyin parçalanmasına ehtiyac duyulurdu. Tarixi təcrübə dəfələrlə göstərib ki, cəmiyyətin inamı sarsıldıqda dövlət institutları daha böyük təzyiqlə üzləşir. Məhz buna görə informasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin ayrılmaz hissəsi hesab olunur.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyində olduğu kimi, media sahəsində də sistemli yanaşma formalaşdı. Onun siyasi baxışında mətbuat dövlətin rəqibi kimi yox, ictimai nəzarətin və sağlam dialoqun mühüm vasitəsi kimi qəbul edilirdi. Hüquqi islahatlar mərhələli şəkildə həyata keçirilir, söz və mətbuat azadlığının təmin olunması istiqamətində ardıcıl qərarlar qəbul edilirdi. 1998-ci il avqustun 6-da senzuranın ləğvi haqqında fərmanın imzalanması Azərbaycanın müasir media tarixinin ən mühüm hadisələrindən biri oldu. Bu qərar yalnız hüquqi sənəd deyildi, həm də dövlətin azad sözə güvənən siyasi iradəsinin ifadəsi idi.

Heydər Əliyev müxtəlif çıxışlarında mətbuatın cəmiyyət qarşısında məsuliyyətini xüsusi vurğulayırdı. Onun fikrincə, mətbuat azadlığı dövlətin demokratik inkişafının vacib şərtidir, jurnalistin peşəkarlığı isə həmin azadlığın ən böyük təminatıdır. Bu yanaşma həm hüquqi islahatlarda, həm də media ilə dövlət arasında formalaşan münasibətlərdə öz əksini tapdı.

Mətbuatın azadlığı hüquqi anlayışdır. Onun cəmiyyətə verdiyi faydanı müəyyən edən isə peşə məsuliyyətidir. Azad mətbuatla məsuliyyətsiz mətbuat arasında sərhəd hüquqi normalarla yanaşı, müəllif vicdanı ilə də müəyyən olunur. Dövlət idarəçiliyində mövcud problemlərin araşdırılması, ictimai nəzarətin həyata keçirilməsi və tənqidi fikrin səsləndirilməsi jurnalistikanın inkişafını təmin edən başlıca amillərdəndir. Eyni zamanda milli maraqlara qarşı aparılan informasiya kampaniyalarının təsir dairəsinə daxil olmaq, xaricdə hazırlanmış siyasi tezisləri araşdırmadan cəmiyyətə təqdim etmək və dövlətçiliyə qarşı yönəlmiş çağırışların informasiya daşıyıcısına çevrilmək peşə məsuliyyəti ilə uyğunluq təşkil etmir.

Bu kontekstdə "sapı özümüzdən olan baltalar"ın məkrli dezinformasiya kampaniyaları xüsusilə diqqəti cəlb edir. Antiazərbaycançı şəbəkənin "marioneti" olan, xarici ölkələrdə dünya erməniliyinin himayəsinə sığınan bir ovuc "bloqçu-jurnalistin" məlum destruktivlikləri yalnız millət və dövlət əleyhinə qərəzli fəaliyyət deyil, həm də beynəlxalq jurnalistikanın təməl prinsiplərinə, müasir dəyərlərinə, strateji çağırışlarına tamamilə ziddir. Sevindirici haldır ki, bu kimi bədnam kampaniyalar ictimai rəydə planlaşdırılan təsiri əsla yaratmır. Vətəndaşlarımızın yüksələn ictimai şüuru verilən informasiyanın dəqiqliyini, mötəbərliyini ayırd etmək səviyyəsinə çatdığından, belə qarayaxmalar cəmiyyətdə mənəvi bütövlüyü də əsla zədələyə bilmir.

Tarix bir həqiqəti dəfələrlə təsdiqləyib: xarici qüvvələr hər zaman daxildə özünə dayaq axtarır. İnformasiya müharibələri də bu qanunauyğunluqdan kənarda qalmır. Dövlətçiliyə münasibət siyasi baxışdan daha geniş anlayışdır. Müxtəlif fikirlər, fərqli mövqelər və müxtəlif siyasi yanaşmalar demokratik inkişafın təbii tərkib hissəsidir. Milli maraqlar isə həmin müxtəlifliyi birləşdirən ümumi dəyərdir. Mətbuatın böyüklüyü də məhz bu dəyəri qorumaq bacarığında özünü göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə milli media yeni geosiyasi reallıqların və rəqəmsal dövrün tələblərinə uyğun inkişaf istiqaməti qazandı. İnformasiya təhlükəsizliyi dövlət siyasətinin mühüm komponentlərindən birinə çevrildi. Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" qanunun qəbul edilməsi, jurnalist peşəkarlığının yüksəldilməsi, media subyektlərinin iqtisadi dayanıqlılığının gücləndirilməsi və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlər bu sahədə sistemli yanaşmanın göstəricisidir. Söhbət yalnız qanunvericiliyin yenilənməsindən getmirdi. Məqsəd sürətlə dəyişən informasiya mühitində milli medianın rəqabət qabiliyyətini artırmaq, peşə standartlarını möhkəmləndirmək və ictimai etimadı gücləndirmək idi.

Müasir dövrdə dövlət başçılarının fəaliyyəti təkcə qəbul etdikləri qərarlarla qiymətləndirilmir. Həmin qərarların beynəlxalq ictimaiyyətə necə çatdırılması da siyasi liderliyin mühüm meyarlarından biri hesab olunur. Prezident İlham Əliyevin dünyanın aparıcı televiziya kanallarına, informasiya agentliklərinə və nüfuzlu qəzetlərinə verdiyi çoxsaylı müsahibələr bu baxımdan ayrıca təhlil mövzusudur. CNN, BBC, "France 24", "Euronews", CGTN, Nikkei, "El Pais", TASS, RİA Novosti, Anadolu Agentliyi və digər media qurumları ilə açıq dialoqlar zamanı Azərbaycanın mövqeyi emosiyalarla deyil, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, tarixi sənədlərə və faktlara əsaslanan arqumentlərlə təqdim olunurdu. İnformasiya diplomatiyası anlayışı da məhz belə formalaşır.

2020-ci il Vətən müharibəsi informasiya məkanının strateji əhəmiyyətini bütün dünyaya bir daha göstərdi. Döyüş meydanında gedən mübarizə ilə informasiya cəbhəsində aparılan fəaliyyət vahid strategiyanın tərkib hissəsi idi. Ermənistan uzun illər ərzində formalaşdırmağa çalışdığı təbliğat modelini davam etdirir, müxtəlif xarici media resurslarında Azərbaycanın mövqeyini kölgədə saxlamağa cəhd göstərirdi. Azərbaycan isə tamamilə fərqli yol seçdi. Rəsmi məlumatların operativ təqdim olunması, hərbi əməliyyatların gedişi barədə dəqiq informasiyanın verilməsi, saxta xəbərlərin dərhal təkzib edilməsi və Prezident İlham Əliyevin müharibə dövründə xarici jurnalistlərə verdiyi ardıcıl müsahibələr beynəlxalq informasiya məkanında yeni reallıq formalaşdırdı.

Bu müsahibələrin hər biri ayrıca diplomatik hadisə idi. Çünki qarşı tərəfin illərlə formalaşdırdığı stereotiplər ilk dəfə açıq debat şəraitində hüquqi arqumentlərlə cavablandırılırdı. Müharibə başa çatdıqdan sonra dünyanın bir çox analitik mərkəzi informasiya cəbhəsində Azərbaycanın üstünlüyünü ayrıca təhlil etməyə başladı. Bu nəticə təsadüfi deyildi. Həqiqətin sistemli şəkildə təqdim olunması uzunmüddətli dövlət siyasətinin məntiqi nəticəsi idi.

Müharibədən sonra informasiya məkanının gündəliyi dəyişdi. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma layihələri, "Böyük qayıdış" proqramının icrası, dağıdılmış şəhərlərin və kəndlərin bərpası, tarixi-mədəni irsin dirçəldilməsi dünya mediasının diqqət mərkəzinə çevrildi. Ağdam, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər və Şuşada həyata keçirilən layihələr haqqında hazırlanmış reportajlar Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi inkişaf modelini beynəlxalq auditoriyaya çatdırdı. Bu istiqamətdə Şuşa Qlobal Media Forumu xüsusi əhəmiyyət daşıyır. Forum müxtəlif ölkələrdən media rəhbərlərini, jurnalistləri, ekspertləri və tədqiqatçıları bir araya gətirərək informasiya təhlükəsizliyi, süni manipulyasiya texnologiyaları, media etikası və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edən nüfuzlu platformaya çevrilib. Azərbaycanın mədəniyyət paytaxtında keçirilən belə forumlar həm tarixi ədalətin bərpasını, həm də ölkəmizin beynəlxalq informasiya gündəliyinin formalaşmasında fəal iştirakını nümayiş etdirir. Bu, informasiya siyasətinə strateji baxışın ifadəsidir.

Azərbaycan milli mətbuatının qarşısında dayanan strateji vəzifələr zaman keçdikcə yeni məzmun qazanır. Qarabağ məsələsində əldə olunan tarixi Zəfər informasiya siyasətinin qarşısında yeni istiqamətlər açdı. Bu gün həmin istiqamətlərin ən mühümlərindən biri Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə ardıcıl, elmi əsaslarla və hüquqi arqumentlərlə çatdırılmasıdır. Uzun illər doğma yurdlarından məcburi çıxarılan yüz minlərlə azərbaycanlının taleyi yalnız humanitar problem kimi qiymətləndirilə bilməz. Bu məsələ insan hüquqları, beynəlxalq hüquq, tarixi ədalət və mədəni irsin qorunması ilə birbaşa bağlıdır. Milli media bu həqiqətləri arxiv sənədləri, tarixi xəritələr, beynəlxalq müqavilələr, məhkəmə presedentləri və elmi araşdırmalar üzərində qurulan arqumentlərlə təqdim etdikcə Azərbaycanın mövqeyi daha inandırıcı görünür.

İnformasiya əsrində həqiqətin müdafiəsi yeni məsuliyyət anlayışı formalaşdırıb. Sürətlə yayılan xəbər hər zaman həqiqət anlamına gəlmir. Məlumatın dəyərini onun yayılma sürəti yox, etibarlılığı müəyyən edir. Mətbuatın nüfuzu da məhz burada yaranır. Oxucu hər gün yeni xəbər oxuyur, lakin etibar etdiyi müəllifi uzun illər ərzində seçir. Bu etibar peşəkarlığın, vicdanın və prinsipial mövqenin nəticəsidir. Jurnalistin əsas kapitalı çalışdığı redaksiya və ya istifadə etdiyi texnologiya yox, qazandığı ictimai inamdır.

Qlobal informasiya məkanında müşahidə olunan proseslər yeni təhlükələri də üzə çıxarır. Rəqəmsal platformalar vasitəsilə hazırlanan manipulyativ məlumatlar, məqsədli dezinformasiya kampaniyaları, saxta vizual materiallar və koordinasiya olunmuş informasiya hücumları dövlətlərin milli təhlükəsizlik gündəliyində mühüm yer tutur. Belə şəraitdə peşəkar jurnalistikanın dəyəri daha da artır. Faktın yoxlanılması, mənbənin dəqiqliyi, hüquqi məsuliyyət və etik prinsiplər milli medianın gücünü müəyyən edən əsas meyarlardır.

Yuxarıda vurğuladığımız kimi, xaricdən təzyiq etmək istəyənlər hər zaman daxildə özünə dayaq axtarır. İnformasiya müharibələri də bu qayda ilə aparılır. Dövlətçiliyə münasibətdə şəxsi ambisiyalar, qısamüddətli siyasi maraqlar və kənardan yönləndirilən təsirlər milli maraqların önünə keçəndə cəmiyyət bütövlüyünü itirməyə başlayır. Bu səbəbdən mətbuatın azadlığı ilə məsuliyyəti eyni dərəcədə əhəmiyyət daşıyır. Mətbuatın azadlığı qanunla qorunur, nüfuzu isə vicdanla qazanılır. Vicdanın istiqamət verdiyi qələm cəmiyyətə inam gətirir, milli həmrəyliyi möhkəmləndirir və dövlətçiliyin dayaqlarını gücləndirir.

Azərbaycan milli mətbuatının 151 illik tarixi Həsən bəy Zərdabinin maarifçilik ideyalarından başlayaraq Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasətinə, Prezident İlham Əliyevin formalaşdırdığı müasir informasiya diplomatiyasına qədər vahid inkişaf xətti təşkil edir. Dövrlər dəyişib, texnologiyalar yenilənib, informasiya vasitələri fərqli məzmun qazanıb. Dəyişməyən bir dəyər var: milli maraqlara sədaqət. Məhz bu dəyər Azərbaycan jurnalistikasını 151 il ərzində yaşadıb, inkişaf etdirib və yeni tarixi vəzifələr qarşısında daha da məsuliyyətli edib.

Bu gün milli mətbuat qarşısında duran məqsəd Azərbaycan haqqında həqiqətləri elmi əsaslarla dünyaya çatdırmaq, dövlətçilik düşüncəsini möhkəmləndirmək, milli maraqlarımızı hüquqi arqumentlərlə müdafiə etmək, gənc nəslin informasiya mədəniyyətini formalaşdırmaq və cəmiyyətin intellektual inkişafına töhfə verməkdir. Güclü media güclü dövlətin nəticəsi olmaqla yanaşı, onun gələcəyini formalaşdıran əsas amillərdən biridir.

Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, publisistləri, redaktorları, media tədqiqatçılarını və bu məsuliyyətli peşəyə ömrünü həsr etmiş hər kəsi səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, peşə uğurları və yeni nailiyyətlər arzulayırıq. Azərbaycan milli mətbuatı bundan sonra da Həsən bəy Zərdabinin yandırdığı maarifçilik çırağını daha da gur yandıracaq, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsiplərinə sadiq qalacaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurların, Qarabağ Zəfərinin, Qərbi Azərbaycan həqiqətlərinin və milli maraqlarımızın beynəlxalq informasiya məkanında layiqincə təqdim olunmasına öz sanballı töhfəsini verəcək.

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR