Modern.az

CBC Sport və İTV şərhçiləri mundialın ən böyük sürprizini açıqladı

CBC Sport və İTV şərhçiləri mundialın ən böyük sürprizini açıqladı

Aktual

Bu gün, 17:22

Dörd il boyunca həsrətlə gözlənilən futbol bayramı artıq başa çatdı. Dünya Kuboku təkcə çempionu müəyyən etmədi, həm də milyonlarla azarkeşə unudulmaz duyğular yaşatdı. Hər kəs öz sevdiyi komandanın uğuruna sevindi, məğlubiyyətinə kədərləndi, hər qol, hər təhlükəli epizod, hər final fiti milyonlarla insanın yaddaşında silinməz iz buraxdı. Bu möhtəşəm anların tamaşaçılara dolğun şəkildə çatdırılmasında isə idman şərhçilərinin rolu danılmaz oldu.

Canlı yayım zamanı şərhçi sadəcə oyunu təsvir etmir. O, meydandakı atmosferi, futbolçuların emosiyalarını və azarkeşlərin coşqusunu izləyiciyə hiss etdirən əsas vasitədir. Oyunun tempi yüksəldikcə şərhçinin səsinin tonu da dəyişir, təhlükəli hücumlarda həyəcan artır, vurulan qolda isə sevinc və coşqu istər-istəməz səsinə yansıyır. Bəzən isə qaçırılan yüzfaizlik qol və ya dramatik məğlubiyyət şərhçinin də hisslərini gizlədə bilməməsinə səbəb olur.

Peşəkar şərhçilər şəxsi favoritləri olsa belə, efirdə mümkün qədər obyektiv qalmağa çalışırlar. Bununla yanaşı, meydanda üstünlük quran komandanın daha sürətli ötürmələrini, taktiki üstünlüyünü, topa nəzarətini və yaratdığı təhlükəli epizodları xüsusi vurğulayırlar. Güclü pressinq, düzgün müdafiə xətti və yaradıcı hücumlar onların şərhlərində tez-tez tərif olunur. Məqsəd hansısa komandanı dəstəkləmək deyil, meydanda baş verən futbol keyfiyyətini tamaşaçıya düzgün çatdırmaqdır.

Canlı şərh zamanı ən çətin məqamlardan biri yüksək tempə uyğunlaşmaqdır. Şərhçi saniyələr ərzində oyunu izləməli, statistik məlumatları təqdim etməli, futbolçular haqqında məlumat verməli, eyni zamanda emosiyanı qoruyub saxlamalıdır. Xüsusilə final qarşılaşmalarında məsuliyyət daha da artır. Bir neçə saniyəlik diqqətsizlik belə vacib epizodun qaçırılmasına səbəb ola bilər.

Dünya Kuboku bir daha göstərdi ki, futbol təkcə meydanda oynanmır. O, tribunada, ekran qarşısında, dost məclislərində və canlı yayım kabinəsində də yaşanır. Azarkeşlər öz komandaları ilə birlikdə sevindi, üzüldü və qürur duydu. Şərhçilər isə bu hissləri sözə çevirərək milyonlarla tamaşaçının yaddaşında qalacaq anların ayrılmaz hissəsinə çevrildilər. Mundial başa çatsa da, onun yaratdığı emosiyalar, dramatik qarşılaşmalar və canlı şərhlərin həyəcanı futbolsevərlərin xatirəsində uzun illər yaşayacaq.

 

“CBC Sport”un şərhçisi Fərid Ramazanov mövzu ilə bağlı Modern.az-a açıqlama verib.

 

Şərhçi, bu mundialın indiyədək izlədiyi ən maraqlı və ən yüksək templi dünya çempionatı olduğunu bildirib:

“Mundialla bağlı oyun tempi məsələsinə gəldikdə, məncə, kifayət qədər yüksək templi oyunlar izlədik. Baxmayaraq ki, yarış yay aylarında keçirilirdi və stadionların böyük əksəriyyəti açıq stadionlar idi, yəni üstüörtülü deyildi, düşünürəm ki, havanın temperaturu və digər amillər komandalara, eləcə də oyunun tempinə ciddi təsir göstərmədi.

Düzdür, bu amil nəzərə alınaraq oyunlarda ilk dəfə olaraq üç dəqiqəlik su fasilələri tətbiq edilmişdi. Təbii ki, bunun müəyyən mənada reklam və kommersiya tərəfi ilə bağlı izahları da var. Amma yenə də qeyd etdiyim kimi, oyunların tempi kifayət qədər yüksək idi. Ümumiyyətlə, mənim fikrimcə, bu mundial indiyədək izlədiyim dünya çempionatları arasında ən maraqlı və ən yüksək templi turnirlərdən biri oldu.

Oyunun dinamikası kifayət qədər sürətli idi və komandaların çempionata yanaşmasını da ümumilikdə yüksək qiymətləndirirəm. Təbii ki, kimlər üçünsə əvvəlcədən verilən proqnozlar özünü doğrultmaya bilər. Çünki elə komandalar var idi ki, onlardan daha böyük uğurlar gözlənilirdi. Məsələn, Portuqaliya və Braziliyanı qeyd etmək olar. Digər tərəfdən, İspaniya da turnirin əsas favoritlərindən biri hesab olunurdu və sonda da çempion oldu. Düşünürəm ki, hər kəs razılaşar: bu, tam haqlı və tam layiqli qazanılmış çempionluq idi”.

 

İсtimai Televiziyanın şərhçisi Tural Dadaşov belə birtərəfli final görməyin həqiqətən də gözlənilməz olduğunu bildirib:

“Mən 1994-cü ildən dünya çempionatlarını izləyirəm. 2014-cü ildən isə şərh edirəm. 2014-cü ildə dördüncü dünya çempionatımı şərh edirdim. Onlardan üçünün – 2018, 2022 və 2026-cı illərin dünya çempionatlarının – final oyunlarında şərhçi olmuşam. 2014-cü ildə isə final oyununda Marakanada, yəni oyunun keçirildiyi stadionda, Rio-de-Janeyroda jurnalist kimi çalışmışam.

Yəni, 1994-cü ildən bu yana dünya çempionatlarını, demək olar ki, bütün oyunları, təbii ki, finalları da izləyirəm və üç finalda şərhçi olmuşam. Bu baxımdan belə birtərəfli final, həqiqətən də, gözlənilməz oldu. Mən indiyə qədər belə bir final görməmişdim. Təbii ki, futbolda üstün olan tərəflər olur, amma bu dəfə vəziyyət fərqli idi. Oyunun böyük hissəsində Argentinanın zərbə statistikasında sıfırlar var idi. Şərh zamanı da bunu təəccüblə qeyd edirdim. Digər parametrlərdə də – qol gözləntilərində, topa nəzarətdə və ümumilikdə bütün göstəricilərdə Argentina geri qalırdı. Bu, həqiqətən də, çox təəccüblü və gözlənilməz nəticə idi.

Xüsusilə İngiltərə ilə oyunda Argentina oyunu necə dəyişdi, matçın sonlarında necə geri dönüş etdi – bunu da xatırlamaq lazımdır. Bundan əvvəlki oyunlarda da İngiltərə onların dünya çempionatındakı əsas güclü rəqiblərindən biri idi. Amma İspaniyanın üstün olacağı gözlənilirdi, çünki turnirin əsas favoritlərindən biri məhz İspaniya idi. Ancaq bu qədər böyük üstünlük heç kim tərəfindən gözlənilmirdi. İspanlar bütün oyunlarda öz oyun üslubları ilə seçilirdilər.

Fransa da turnirin əsas favoritlərindən biri idi. Onların heyətində çoxlu ulduz futbolçular var idi. Amma yekunda məlum oldu ki, sadəcə ulduz futbolçulardan ibarət komanda yox, komandanın özünün ulduz olması daha vacibdir. İspaniya Fransanı da məğlub etdikdən sonra finala əsas favorit kimi gəldi və həlledici oyunda da öz oyun prinsiplərinə sadiq qaldı. Topu nəzarətdə saxladılar, rəqibə imkan vermədilər, sıxaraq, təzyiq altında saxlayaraq oynadılar. Qol bir qədər gec gəldi, əsas vaxtda tapa bilmədilər, amma sonda həmin qolu tapdılar. Halbuki oyun ərzində kifayət qədər imkanları var idi.

O, İspaniyanın çempionluğa tam layiq olduğunu söyləyib:

“Argentinanın dəyişikliklərinə gəldikdə isə, orada ilk əvəzetmə məcburi oldu. İlk hissənin sonlarında Lisandro Martinez zədələndi və onu dəyişmək məcburiyyətində qaldılar. Ondan sonrakı dəyişikliklər isə baş məşqçi Lionel Skaloninin öz qərarları idi. Amma həmin dəyişikliklər oyunun gedişatına ciddi təsir edə bilmədi. İspaniya oyunun dəyişməsinə imkan vermədi. Əsas vaxtın sonlarında Enzo Fernandesin qırmızı vərəqə alması isə Argentinanın vəziyyətini daha da çətinləşdirdi.

Onsuz da Argentina qapanmışdı, topa sahib olmaqda çətinlik çəkirdi. On nəfər qalandan sonra vəziyyət onlar üçün daha ağır oldu. Yeganə ümid oyunu penalti seriyasına aparmaq idi. Çünki tarixi statistikaya görə, Argentina dünya çempionatlarında penalti seriyalarında çox vaxt uğurlu olub, İspaniya isə əksər hallarda bu mərhələdə çətinlik yaşayıb. Amma Argentina həmin mərhələyə qədər gedə bilmədi.

İspaniya bir qol tapdı və üstünlüyünü qorudu. Son dəqiqələrdə isə Argentinanın bir neçə təhlükəli hücumunun şahidi olduq. Simeonenin qapının üzərindən keçən zərbəsi, həmçinin künc zərbəsindən sonra yaranan təhlükəli vəziyyət buna nümunə idi. Əgər həmin imkanlardan istifadə edə bilsəydilər, bəlkə də oyunu penalti seriyasına qədər daşıya bilərdilər. Amma bunu bacarmadılar.

Yenə də qeyd edirəm, bu, İspaniya milli komandasının tam layiqli qələbəsi idi. Onlar layiqli şəkildə dünya çempionu oldular və mənim fikrimcə, bu 48 komanda arasında dünya çempionluğuna ən çox layiq olan komanda məhz İspaniya idi”.

 

Nicat Rüstəmzadə

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR