Arxiv
6 Aprel 2010, 14:01 | MEDİA
Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Modern.az “Media əhvalatları» rubrikasının budəfəki qonaqlarını təqdim edir. Əhvalatları APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər, “525-ci qəzet”in əməkdaşı Rufik İsmayılov və “Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu danışır.     Vüsalə Mahirqızı, APA-nın baş direktoru

 

“Bir cümləlik yeri doldura bilməyən dizayner nəyimizə lazımdır?”

- “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru idim. Növbəti nömrəni buraxırdıq, növbətçi redaktor da Qulu Ağsəs idi. Gecə saat 12:00 olardı, texniki heyət qəzetin ikinci səhifəsinin “vyortskası” ilə məşğul idi. Mən də çapa verilən səhifələri gözdən keçirirdim.

Bir də gördüm dizaynerimiz Mərdanla redaktor Qulu dalaşmağa başladılar. İkinci səhifədə təxminən bir cümləlik yer qalmışdı, onun üstündə sözləşirdilər. Mərdan Qulunu məcbur edirdi ki, tez olsun boş qalan yerə informasiya versin. Bir cümləlik yerə də informasiya vermək qeyri-mümkün idi. Mərdan Quluya dedi ki, “heç olmasa, özündən bir elan ver”. Qulu da “yaxşı” dedi. Onda Mərdan elan üçün ramka açandan sonra Qulu elanın mətnini dedi: “Yaz ki, “Xalq Cəbhəsi” qəzetinə təzə dizayner axtarılır. Elanın aşağısından əlaqə telefonlarını yaz”. Mərdan yazıb qurtarandan sonra birdən ağlına gəldi ki, dizayner burada özüdü axı. Dərhal başını qaldırıb Quluya dedi: “Xeyir ola?!”.

Qulu dedi: “Xeyirdir. Bir cümləlik yeri doldura bilməyən dizayner mənim nəyimə lazımdır? Sən səhifənin şriftini bir azca böyütməli idin. Sənin ağlın bunu kəsmirdi?”.

“Biz də arvad saxlayırıq da...” - Yenə “Xalq Cəbhəsi” qəzetində çalışırdıq. Əməkdaşlarımızdan biri yeni ailə həyatı qurmuşdu. Onun həyat yoldaşı hər gün tez-tez mobil telefonuna zəng edirdi. Bizim dizayner kompüter arxasında iş görə-görə təxminən hər 10 dəqiqədən bir “Hardasan? Təksənmi? Otaqdan kimin səsi gəlir?” və sair kimi suallara cavab verməli olurdu. Bir dəfə yenə ona zəng gələndə mən dedim ki, “əgər sənin həyat yoldaşın iş vaxtı zəng etsə, işdən çıxacaqsan”.

Onda işçilərimizdən digəri də dedi ki, “Vüsalə xanım sevir də....imkan verin. Həyat yoldaşıdır”. Əsas dizaynerimiz də Mərdan dözə bilməyib dedi: “Bizim evdəkilər əsgər yoldaşı deyil ki?! Biz də arvad saxlayırıq da...".

 

“APA xanımı olaar?”

 

- APA-nın yeni yarandığı vaxtlar idi. Bir dəfə mən işə gələndə redaktorumuz Nurşən Quliyev dedi: “Biz biabır olmuşuq”. Səbəbin soruşanda o dedi: “Rayonların birinin İcra Hakimiyyətindən zəng etmişdilər. Telefonun dəstəyin mən götürdüm. APA-nı soruşdular. Mən də dedim ki, “buyurun eşidirəm”. Xəttin o başındakı da israr etdi ki, “mənə siz yox, APA xanım lazımdır. Ona başa saldım ki, APA agentliyimizin adıdır, belə adda işçimiz yoxdu. Belə deyəndə dəstəyi asdı. Təkrar yenə zəng gəldi. Yenə də “mənə APA xanım lazımdır” deyib durdular”. Nurşən yenə birtəhər həmin adamı başa sala bilib ki, APA qurumun adıdır. Sonra zəng edən adam ona deyib: “Biz APA-nı çox sevirik. Nə vaxt bizim rayona tərəf gəlsəniz, at-eşşək və sairnən sizin qulluğunuzda hazırıq”. Daha bilmirəm bizi nə qurumu hesab etmişdilər.

Aqil Ələsgər, “Yeni Çağ” qəzetinin baş redaktoru

Sifarişli yazı

- Dostum Namiqlə “Yeni Çağ”ın ilk sayını çıxaranda çox əziyyət çəkdik, yalnız səhərə yaxın redaksiyada yuxuladıq. Amma təzəcə  yatmışdıq ki, mənim telefonuma zəng gəldi. Kənardan baxan elə bilərdi ki, kimsə təcili yardıma zəng edib. Saat 07.25 olardı. Mən gözümü açıb telefona cavab verəndə xəttin o başındakı adam soruşdu: “Cavanşırlə bağlı yazının sifarişini kimdən almısınız?”. Əvvəl özümü itirdim, sonra soruşdum ki, “Cavanşir kimdir?” Adam halını pozmadan, “Girdman hökmdarı Cavanşiri kimin sifarişi ilə “vurursunuz”?”. Yadıma düşdü ki, bu adam tarixçi alim Kərəm Məmmədovun qəzetdə gedən yazısını nəzərdə tutur. Onda kefimi pozmadan dedim ki, “Sifarişi Harun ər-Rəşiddən almışıq”. Adam da “çox sağ olun” deyib, telefonu qapatdı. Üstündən iki dəqiqə keçmişdi, təkrar zəng gəldi: “Deyin görüm o Harun ər-Rəşid harda işləyir?”. Mən də cavab verdim ki. “Bağdadda xəlifə işləyirdi”. Yenə “çox sağ olun” dedi və daha zəng etmədi”.

 

“Telefon konturu korpusa verir”

- Bir dəfə də “Yeni Çağ”ın son səhifəsinə bir lətifə yerləşdirmişdik. Lətifənin mövzusu belə idi ki, deputat Adil Əliyev yeni aldığı telefonu geri qaytarır və səbəb olaraq da göstərir ki, telefon konturu korpusa verir.

Qəzet çıxandan iki gün sonra o zamanlar Adil Əliyevin mətbuat xidmətinin rəhbəri olan jurnalist Nahid Canbaxışlı zəng etdi. Onun yarım saatlıq gileydən canımı qurtarmaq üçün dedim ki, “Nahid, neyləyim, təkzib verim?”. Dedi ki, “ver”.

Nahid gedib Adil Əliyevə deyib ki, Aqil Ələsgər təkzib verəcək.

Mən də növbəti nömrədə lətifəyə belə bir təkzib yazdım: “Redaksiyamıza daxil olan məlumatı araşdırdıq və məlum oldu ki, Adil Əliyevin telefonu konturu korpusa vermirmiş”.

 

“Cəlal Əliyevin yazısı bizi xilas etdi”

 

- 2006-cı ildə həmkarımız Ceyhun Musaoğlu İranla bağlı yazı yazmışdı. Onu bir çox qəzetlər dərc etməyə çəkinmişdilər. Mənə dedi ki, “qorxursansa, sən də vermə”. ”Yeni Çağ”ın da dəli-dolu vaxtları idi. Yazını oxumadan yerləşdirdim səhifəyə. Dedim Ceyhun fikirləşməsin ki, qorxağam.

Üstündən iki-üç gün keçmiş Ceyhun gəldi ki, “Allah Cəlal Əliyevin canını sağ eləsin, o kişi olmasaydı, getmişdik içəri”. Sən demə, İranın o vaxtkı səfiri Əfşar Süleymani qəzeti götürüb gedib xarici işlər naziri Elmar Məmmədyarovun yanına, deyib ki, “bunlarla bağlı tədbir görməsəniz, İran nota verəcək”. Qəzetin həmin sayı 10 may ərəfəsinə təsadüf etdiyindən mən də akademik Cəlal Əliyevin mərhum Heydər Əliyevlə bağlı yazısını da dərc etmişdim.

Nazir də bunu görüb, Əfşar Süleymaniyə deyib ki, “vallah bu uşaqlar birdən Cəlal müəllimə yaxın olarlar, özünü də, məni də cəncələ salma, elə bil heç birimiz görməmişik”.

Bunu Ceyhuna Xarici İşlər Nazirliyindən çox mötəbər bir adam xəbər vermişdi.

Beləcə, Cəlal müəllimin yazısı bizi xilas etdi

“Reytinq”də “Viskas” əhvalatı - “Reytinq”də işlədiyim vaxtlar idi. Bizim indi də kökəlmək arzusunda olan və kökələ bilməyən xanım həmkarımız elə hey məndən soruşurdu ki, “nə yeyirsən ki, kökəlirsən?”. Bunu həmkarımız Ramil Hüseyn də eşidər, eləmə tənbəllik, ona deyər ki, “Aqil və Zaur Əhməd pişik yeməyi olan “Viskas” yeyirlər”. Xanım həmkarımız da gəlib bunu mənə deyəndə təsdiqlədim. Hətta Zaurla xəlvətcə gedib “Viskas”ın qutusunu tapıb soyuducuya qoyduq  və ona göstərdik.  Xanım jurnalist o qədər inanmışdı ki, gedib özünə “Viskas” almışdı. Yemək istəyirmiş, amma bizim yalanımızdan xəbər tutan jurnalist Bahar Rüstəmli son anda ona mane olmuşdu.

 

Rufik İsmayılov, “525-ci qəzet”-in əməkdaşı

 

“Rufiiikkk!! Ə bə nə tez dala verdin???”

- Tale elə gətirib ki, mən magistr təhsilimi Naxçıvan Dövlət Universitetində almalı olmuşam. Həmin illərdə ali təhsilimi davam etdirməklə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin rəsmi orqanı olan “Şərq qapısı” qəzetində müxbir işləyirdim. Günlərin birində hansısa dövlət tədbiri ilə əlaqədar idarə və təşkilat nümayəndələri Naxçıvan şəhərindəki Gənclik mərkəzinə toplaşmışdı. Həmin tədbirə bütün mətbuat nümayəndələri, eləcə də yerli KİV-lərin rəhbərləri dəvət olunmuşdu. Mən də həmin tədbirdə idim, “Şərq qapısı” qəzetinin o zamankı baş redaktoru, tarix elmləri namizədi Məmməd Məmmədovla yanaşı oturmuşduq. Adəti üzrə mərasim rəsmi şəxslərin bir-birinin ardınca çıxışları ilə davam edirdi. Mən bu çıxışlardan bezərək, əlimdəki mobil telefonun menyusunu qurdalayır, başımı nə ilə isə qatmağa çalışırdım. Tələbkar rəhbər olmaqla yanaşı, həm də güclü yumor hissinə malik olan Məmməd müəllim bu an mobil telefonumun funksiyaları ilə maraqlandı. Mən ona izah etdim ki, bu telefondakı “Bluetooth” vasitəsilə başqa adamların telefonunun menyusuna girib, istədiyim faylı pozar, yaxud da kiməsə mesaj göndərə bilərəm. Tədbir qurtarandan sonra hamı kimi biz də öz iş yerimizə qayıtdıq. Bu hadisənin üstündən bir neçə saat keçmiş mənim cib telefonuma bilinməyən bir nömrədən zəng gəldi. Telefonu açdım və xəttin o biri başındakı tanımadığım qalın səsli bir kişinin əsəbi şəkildə mənə ünvanladığı sualları eşitməli oldum. Tanımadığım həmin şəxs kim olduğumu, nə işlə məşğul olduğumu, harada işləməyimi soruşur və iddia edirdi ki, mənim telefonumdan onun həyat yoldaşının cib telefonuna “Bluetooth” vasitəsilə şəkil, mahnı, tanışlıq mesajı göndərilib. Bütün bunları etməsəm də, əsəbi halda olan bir adamın bunlara inanmayacağını fikirləşib tez vəziyyətdən çıxış yolu kimi söhbəti “fırlatmağa” başladım. Ona dedim ki, bəs telefonumu kiçik qardaşım götürmüşdü. Ola bilər ki, o nə isə nadinclik edib. Amma mən onun əvəzindən üzrxahlıq edirəm. Bir də belə şey təkrarlanmaz. Elə təzəcə danışıb qurtarmışdım ki, baş redaktor Məmməd Məmmədov otağa daxil olub dedi: “Rufiiikkk!! Ə bə nə tez dala verdin??? Rəngin-zadın ağardı eyyy!!”. Təbii ki, bu zarafata hər birimizin münasibəti gülüş oldu. Amma öz aramızdı, bu zarafat məndə azca da olsa qorxu hissi yaratmışdı.

 

Muxtar Məmmədovun eynəyinin “itməkliyi”

 

- Bir dəfə “Şərq qapısı” qəzetində şöbə müdiri vəzifəsində çalışan Muxtar Məmmədov müxbirlərin otağına daxil olub heç nə soruşmadan hər yeri ələk-fələk eləməyə başladı. Sözsüz ki, bu, otaqdakı kompüterlərin arxasında əyləşib yazı yazan müxbirlərin hamısının diqqətini cəlb elədi. Amma biz Muxtar müəllimdən nəyi axtardığını soruşsaq da o, cavab verməyib inadkar şəkildə öz işini davam etdirirdi. Nəhayət axtarmaqdan yorulanda üzünü bizlərə tutub dedi: “Bilirsiz uşaqlar, eynəyimi itirmişəm, tapa bilmirəm. Redaksiyada axtarmadığım yer qalmayıb”. Bunu eşitcək bizləri gülmək tutdu. Çünki Muxtar müəllim eynəyini gözlərinə taxmışdı. Sadəcə o, bir anlıq bunu yadından çıxarmışdı. Bizim gülüşümüzdən bir az pərt kimi olan Muxtar müəllim, yarıciddi, yarızarafat şəkildə üzünü bizlərə tutub: “Nəyə gülürsünüz? Mənim kimi bir az yaşlanın, onda görüm nə qalır sizin yaddaşınızda”- deyib otağı tərk etdi.

 

“Qoca kişi Məmməd Arazın şeirini öz adına çıxırdı”

- “Şərq qapısı”nda məsul katib işlədiyim günlərin birində bir nəfər ahıl yaşlı kişi otağıma daxil olaraq qəzetdə şeirlərini çap etdirmək istədiyini bildirdi. Həm ağsaqqal olduğu üçün, həm də redaksiyanı tanımadığı üçün mən onu müşaiət edərək şöbə müdiri Elxan Yurdoğlunun yanına gətirdim. Çünki ədəbiyyat sahəsinə bilavasitə o nəzarət edirdi. Elxan müəllimə dedim ki, “bu ağsaqqal bizim qəzetə müəllifi olduğu şeirlərini vermək istəyir”. Sözün əsl mənasında yaxşı insan, mehriban xasiyyətə malik Elxan müəllim nəzakətlə ağsaqqala yer göstərdi və ondan qəzetə verəcəyi şeirləri istədi. Mən onları otaqda qoyub bayıra çıxdım. Heç bir dəqiqə keçməmiş Elxan müəllim qapını açıb qaçaraq hara isə getdi. Doğrusu onun bu hərəkəti məni təəccübləndirdi. Səbrlə olacaqların sonunu gözlədim. Beş dəqiqə keçməmiş Elxan müəllim əlində bir kitab təngənəfəs içəri daxil oldu. Bayaq hara getdiyini soruşduqda, o, “Ordubadi adına Naxçıvan Dövlət Kitabxanasına” deyə cavab verdi. Onun otağına getdim. Elxan müəllim qəzetimizə şeirlərini gətirən ağsaqqalla üzbəüz oturub tanınmış şair Məmməd Arazın şeirlərindən ibarət kitabı açdı. “Duman salamat qal, dağ salamat qal” adlı şeiri olan səhifədə dayandı. Ağsaqqal isə heç nə olmayıbmış kimi, özünü qürurlu aparır, bəlkə də nəvələri yaşında olan iki gənci aldadacağını zənn dirdi. Məsələ burasındaydı ki, bizim qəzetə şeir gətirən qoca Məmməd Arazın həmin şeirinin hər bəndinin sonuncu misrasının, sonuncu sözünü dəyişməklə plagiatlığa yol vermişdi. Elxan müəllim bunu qocanın verdiyi əlyazmaları oxuyan kimi bilmişdi. Qocaya bu barədə deyəndə isə o, etiraz edərək, inadla bu şeirin ona məxsus olduğunu demişdi. Elxan müəllim də məcbur qalıb qaçaraq kitabxanaya getmiş və Məmməd Arazın kitabını əldə eləyərək, qocaya səhvini sübut etməyə çalışmışdı. Yalanının üzə çıxmasına baxmayaraq, qoca bunu bizə “yenilik” kimi təqdim etməkdən belə çəkinmir, şeiri mətbuatda verməyəcəyimiz təqdirdə Ali Məclisə gedib qəzetdən şikayət edəcəyini deyirdi. Bununla bizə təzyiq göstərməyə çalışırdı. Təbii ki, bütün olanlara baxmayaraq, biz həmin qocanın şeirini qəzetdə vermədik. Bu hadisə isə həmkarım Elxan Yurdoğlu ilə mənim yaddaşımda gülməli bir hadisə kimi qaldı.

 

 

Anar Bayramoğlu, “Şərq” qəzetinin əməkdaşı

“Rauf Arifoğlunu səhv saldığım üçün qəzetdə təkzib verməli olduq”

 

- 2008-ci ildə futbol üzrə Avropa Çempionatının başlanmasına bir gün qalmışdı. Mən tanınmışların hansı yığma komandalara azarkeşlik edəcəyi ilə bağlı yazı hazırlayırdım. Bununla bağlı sualımı «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğluna da ünvanlamaq istədim. Rauf bəyin telefonuna zəng edib hansı milliyə azarkeşlik edəcəyini soruşdum. Baş redaktorun telefonunu açan şəxs «Rusiya millisinə «bolet» edəcəyəm” deyə cavab verdi. Mən Rauf bəyin fikrini o cür də yazdım. Qəzetimiz çıxan gün isə aləm bir-birnə dəydi. Rauf Arifoğlu redaksiyaməza zəng vurub dedi ki, nə “Şərq”dən ona telefon açan olub, nə də o, kiməsə “Rusiyaya «bolet» edəcəyəm” deyib. Sonra da əlavə etdi ki, o, Avropa Çempionatında Türkiyəyə azarkeşlik edəcək. Bundan sonra razılaşdıq ki, qəzetimizdə təkzib verək. Amma mənim özümə də aydın olmadı ki, Rauf Arifoğlunun nömrəsinə zəng etmişəm yoxsa, başqa birinə. O da dəqiq yadımdadır ki, dəstəyi götürənə «Rauf bəy necəsiz?» deyəndə, «çox sağ olun yaxşıyam» cavabı almışdım. Yəqin Rauf adlı başqa adama zəng etmişəm. Həmin əhvalatdan sonra bir müddət heç bir məsələ ilə bağlı Rauf Arifoğlu ilə danışmadım. Amma indi münasibətlərimiz qaydasına düşüb. Lakin indi Rauf bəyə zəng edəndə çox ehtiyatlı davranıram.

 

«Dünyanı sel aparacaq, cəhənnəmə aparsın”

 

- Bir dəfə öz internet bloqumda «Dünyanı sel aparacaq» adlı yazı yazmışdım. Bir nəfər oxucum bilib ki, mən həm də «Şərq» qəzetinin əməkdaşıyam, redaksiyaməza zəng vurub. Həmkarım Vüsalə Rafiqqızı dedi ki, məni telefona çağırırlar. Dəstəyi götürəndə bir nəfər qışqıra-qışqıra dedi ki, “dünyanı sel aparacaq, cəhənnəmə aparsın”. Mən də soruşdum ki, “ay qardaş kimsən, nə sel, nə dünya?”. Həmin adam cavab verdi ki, “Azərbaycanın problemlərini yarıtdız, indi də dünyamı qaldı?”, sonra da dəstəyi asdı. Düzü başa düşmədim ki, bu adam nə demək istəyir. Sonra ağlıma gəldi ki, mən axı bloqda bu mövzuda yazı yazmışam. Bloqa daxil oldum və gördüm həmin məqaləmin şərhinə mənə telefonda deyilən eyni sözlər yazılıb. Sən demə bu adam bir neçə dəfə öz problemi ilə bağlı mənim elektron poçtuma şikayət məktubu yazıb, mən onu qəzetdə işıqlandırmamışam. Bundan qəzəblənibmiş.

 

Hazırladı Günay Musayeva 

 

  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sarkisyanın pasportunu əlindən aldılar - Rusiyaya gedə bilmədi 6 Dekabr 2019, 13:56 Onlar Milli Məclisin adının dəyişdirilməsi təklifini süngü ilə QARŞILADILAR 6 Dekabr 2019, 13:49 Siyavuş Novruzov müxalifəti ağacəkməyə dəvət etdi 6 Dekabr 2019, 13:42 Naxçıvan Ali Məclisi də buraxılacaq? 6 Dekabr 2019, 13:35 Mikayıl Cabbarov erməni nazir müavinini susdurdu - VİDEO  6 Dekabr 2019, 13:27 “Qarabağ azərbaycanlıları danışıqlarda tərəf olub” - Paşinyanın növbəti diplomatik MƏĞLUBİYYƏTİ 6 Dekabr 2019, 13:22 Hacıqabulda ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 13:17 Sabahın hava PROQNOZU açıqlandı 6 Dekabr 2019, 13:15 Cümşüd Nuriyev yenə qadınlardan danışdı - VİDEO 6 Dekabr 2019, 13:01 YAP-ın gənclər təşkilatının sədri seçici görüşünə helikopterlə gəldi - FOTO 6 Dekabr 2019, 13:01 Onları necə təqdim edək - deputat, yoxsa sabiq deputat? 6 Dekabr 2019, 12:56 AQTA daha bir qəssabxananı yoxladı - 227 kq ət məhv edildi 6 Dekabr 2019, 12:56 Prezident və birinci xanım Şamaxıda ağacəkmə aksiyasında... - FOTOLAR 6 Dekabr 2019, 12:46 Ali Hərbi Məktəbin kursantları çöl çıxışlarına başlayıb - VİDEO 6 Dekabr 2019, 12:39 Bakıda bayram yarmarkaları təşkil ediləcək 6 Dekabr 2019, 12:35 İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar 6 Dekabr 2019, 12:28 “Xalqın etimadını qazanmaq lazımdır” - Naqif Həmzəyev 6 Dekabr 2019, 12:22 Bahar Muradova YAP-ın növbədənkənar seçkidəki namizədlərindən DANIŞDI 6 Dekabr 2019, 12:22 Nazirlik övladlığagötürmə qaydalarını müzakirəyə çıxardı 6 Dekabr 2019, 12:14 Alman polisinin saxladığı Əlövsət Əliyevdən XƏBƏR VAR 6 Dekabr 2019, 12:13 Baş nazirin müavini: “Azərbaycanda hər bir vətəndaş üçün daha layiqli şərait yaradılır” 6 Dekabr 2019, 12:06 Tramp İrana qarşı 12 min hərbçi göndərir? - AÇIQLAMA 6 Dekabr 2019, 12:04 Serj Sarkisyan məhkəməyə müraciət etdi 6 Dekabr 2019, 11:56 Ölkə vətəndaşları Mehriban Əliyevanın təşəbbüsünə qoşulublar - FOTOLAR 6 Dekabr 2019, 11:50 Argentina səfiri: AZƏRTAC-ın ispan dilində xəbər yayması təqdirəlayiqdir - FOTO 6 Dekabr 2019, 11:42 Əli Əhmədov: “YAP parlamentdəki çoxluğunu qoruyub saxlamaq istəyir” 6 Dekabr 2019, 11:35 MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclas ÇAĞIRDI 6 Dekabr 2019, 11:23 Azərbaycan polisləri də ağac əkdi - FOTO 6 Dekabr 2019, 11:17 Polis 12 şübhəlini saxladı 6 Dekabr 2019, 11:08 Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi 6 Dekabr 2019, 10:55 Vahid Mustafayevdən ETİRAZ: “Niyə məhz 102 FM-in tezliyi satışa çıxarılıb?” 6 Dekabr 2019, 10:47 Mikayıl Cabbarov: “TRACECA-nın cəlbediciliyini artıra bilərik 6 Dekabr 2019, 10:40 Əli Məsimli növbədənkənar seçkilərə gedəcək?.. 6 Dekabr 2019, 10:33 Bərdədə pendir sexi bağlandı 6 Dekabr 2019, 10:22 Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimləri keçiriləcək 6 Dekabr 2019, 10:19
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?