Modern.az

“Qal, sənə qurban” mahnısı ilə bağlı tarixi faktlar

“Qal, sənə qurban” mahnısı ilə bağlı tarixi faktlar

Mədəni̇yyət

27 Sentyabr 2015, 14:00

Uzun müddətdir ki, Azərbaycan İncəsənətinin, xüsusən də musiqimizin tarixi ilə bağlı araşdırmalar aparıram. Bu tarixi yazılarımın kiçik bir qismi mediada işıqlansa da, böyük qismi hələ də mənim özümdə qalır. Modern.az saytında məşhur Azərbaycan mahnısı “Qal, sənə qurban”la bağlı bir yazıya rastladım. Yazıda bu mahnının xalq mahnısı kimi tanındığı qeyd olunmuşdu. Lakin məlum cəmiyyətimizdə musiqini sevə-sevə dinləyənlər heç vaxt onun müəllifi ilə maraqlanmırlar. Əslində bu çox vacib məsələdir.

Əgər söhbət “Qal, sənə qurban”dan düşübsə, tarixi araşdırmalarım arasında bu mahnı haqqda olan yazıların bir qismini sizə təqdim etməliyəm:

1972-ci ildə Təranə Vəlizadə bir gün həyat yoldaşı Eyvaz Həsənovla dalaşır və inciyərək öz atası evinə gedir. Bir müddət sonra qaynı və qaynanası Təranə xanımı Eyvazın yanına, yəni, ər evinə geri gətirirlər. Təranə Vəlizadə görür ki, Eyvaz bəy saç-saqqal içində, kirli paltardadır və səsi batıb.

    Təranə xanımın qayıdışını görən Eyvəz bəy  kövrələrək öz otağına girir. Təranə Vəlizadə isə masanın üstündə bir kağız görür. Kağızın üstündə məşhur “Qal, sənə qurban” mahnısının sözləri yazılmış olur. Bu vaxt Təranə xanım zənn edir ki, bu şeiri Eyvaz Həsənov ona həsr edib.

    Amma tarixi gerçəklər başqadır. Bu hadisədən iki il əvvəl, yəni 1970-ci ildə Hacıqabul xalq teatrının rejissoru Miryusif Manafov teatr üçün “Süsən-sünbül” adlı bir pyes işləmişdi. Həmin pyesdə qadın surətlərin birinin dilindən “Qal, sənə qurban” adlı bir mahnı ifa olunurdu. Pyesin müəllifi Miryusif Manafov əsərdəki bu şeirin müəllifi olduğunu dəfələrlə müsahibələrində qeyd edib.  Həmin şeirə Bəhram Nəsibov mahnı bəstələmişdi, lakin mahnının dördüncü bəndi Bəhram Nəsibovun əlavəsidir. Pyesdəki orjinal mətndə həmin bənd yoxdur.

    Beləliklə uzun müddət mahnının sözlərinin müəllifi mübahisəli qalsa da, mahnının üç bəndinin Miryusif Manafova, bir bəndinin Eyvaz Həsənova, bir bəndinin də Bəhram Nəsibova – bəstəkarın özünə məxsus olduğu daha çox mənbələrdə qeyd olunub.

   Həmin gecə  içdiyi soyuq içkilərdən səsi batan Eyvaz Həsənov, bu mahnıya

“Getmə kimsəsizəm, qal, sənə qurban.
Bu dilsiz, ağızsız lal sənə qurban”  - bəndini əlavə etmişdi.

Bəhram Nəsibovun əlavəsi isə bu bənddir:

“Amandır qəlbinə düşməsin əğyar,
Yanağında qara xal, xal sənə qurban.”

 Amma 1972-ci ildə bu mahnı hələ böyük dinləyici auditoriyası qazanmamışdı. Sadəcə müğənnilər, bəstəkarlar, aktyorlar, aktrisalar və əyalətdə teatr həvəskarları bu mahnıdan xəbərdar idilər. Görünür mahnıdan xəbərdar olan şəxslərdən biri də Eyvaz Həsənov olmuşdu ki, xanımı ilə soyuq münasibət yarandığı zaman bu sözlərlə təsəlli tapmış, hətta onu kağıza köçürərək düşdüyü vəziyyəti təsəvvür edən bir bənd də əlavə etmişdi.

Bu mahnını 1979-cu ildə Eyvaz Həsənov da ifa edib. Amma Eyvaz Həsənova qədər və Eyvaz Həsənovdan sonra bu mahnının saysız-hesabsız ifaçıları olub.

Məsələnin müəmmalı tərəfi odur ki, həm sözlərində, həm melodiyasında dərin hüzün, ağrı olan bu mahnının öz taleyi də hüzünlü və ağrılıdır. Ona görə ki, Bəhram Nəsibovun musiqi təhsili olmadığına görə Sovet dönəmində müəllifin adının çəkilməsinə icazə verilmirdi və bütün ifalarda mahnı xalq mahnısı kimi təqdim olunurdu. Amma çox keçmədi ki, Sovet İttifaqı dağıldı və mahnı öz həqiqi müəllifinin adı ilə təqdim olundu. Məhz buna görə bu mahnını xalq mahnısı hesab edənlər hələ də var.

Eyni zamanda qeyd etməliyəm ki, Türkiyə sənətçiləri bu əsərə dəfələrlə müraciət etsələr də heç birində əsl müəllifin adını qeyd etməyiblər. Ya Azərbaycan xalq mahnısı, ya Türk xalq mahnısı, ya da hər hansı Türkiyə bəstəkarının adı ilə təqdim olunub. Amma mahnının sözlərinin müəllifi Türkiyədə anonim, Azərbaycanda isə gah Bəhram Nəsibovun, gah Miryusif Manafovun, gah da Eyvaz Həsənovun imzası ilə yayımlanıb.

İndi bu mahnının sözlərinin müəllifi olduğunu iddia edən Asif Babazadə bunu sübut etmək üçün tutarlı mənbələr təqdim etməlidir. Çünki araşdırdığım heç bir mənbədə mən bu imzaya rast gəlməmişəm. Modern.az saytına təqdim olunan şəkildə şeirin mətni var, məlum olduğu kimi bu mətn mahnının öz mətnindən azca fərqlənir. Bu da çox güman ki, bəstəkarın öz əlavə və ixtisarlarıdır. Amma həmin şəkildə kitabın nəşr olunma tarixi 2009-cu il göstərilir. Mahnının yaranma tarixi isə 1970-ci illərin əvvəlləridir.

Əgər bu mahnının sözlərinin həqiqi müəllifi Asif Babazadədirsə, mütləq ki, bəstəkarı Bəhram Nəsibovla əlaqələri olmuş, mətni ona şəxsən təqdim etmişdir. İkinci variantda isə mətn Miryusif Manafova təqdim olunmuş, o da mətni öz işlədiyi dram əsərinə salmışdır. Bu zaman belə nəticəyə gəlmək olar ki, Miryusif Manafov mətni oğurlamış və müsahibələrində bu mətnə sahib çıxmışdır. Belədirsə, bəs indiyə qədər Asif Babazadə və ya oğlu niyə buna etiraz etməmişdilər?

Dərinə getdikcə çoxlu cavabsız suallar çıxır ortaya. Hər halda mən bildiklərimin bir qismini sizə təqdim etdim. Çalışaram, ardını da yazım.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan xəbərdarlıq etdi- bütün təxribatçılar saxlanılacaq