
Bu rayondan olan jurnalistlər vəziyyəti "qeyi-kafi" qiymətləndirirlər
Modern.az saytının “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsinin bu dəfəki iştirakçıları Masallıdan olan jurnalistlərdir. Bu bölgəni təmsil edən KİV nümayəndələri öz rayonlarındakı vəziyyət barədə fikirlərini bölüşdülər.
“Paytaxtdan fərqli olaraq rayon məktəblərində müəllimlər rüşvət almırlar…”
“Azadlıq” qəzetinin redaktoru Şücəddin Şərifov Masallıda olan vəziyyətin ölkənin bütün rayonlarında yaşanan durumla təxminən eyni olduğunu bildirdi: “Amma Masallının lap əvvəllərdən ticarət ənənələri olması və digər spesifik xüsusuiyyətləri onu bəzi Aran rayonlarından fərqləndirir. Rayonun turizm potensialının olması əhalinin dolanışığı baxımından az da olsa öz töfhəsini verir. Ümumiyyətlə, bütün rayonlarda olduğu kimi, Masallıda da problemlər mövcuddur. Məsələn, işsizlik problemi var.
Masallının 190 mindən artıq əhalisi var və ölkədə əhalinin sıxlığına görə ikinci belə bir rayon yoxdur. Rayon camaatına müəyyən pay torpağı verilib, amma əhalinin böyük əksəriyyəti o torpaq sahələrini əkib-becərə bilmirlər. Ona görə ki, əhaliyə yardım edilmir, bazarda malı təqdim etmək üçün münbit şərait yoxdur. Əvvəllər Masallı rayonu çayçılıq üzrə ixtisaslaşmışdı. Amma indi həm alıcının, həm də həmin çay sahələrini inkişaf etdirmək üçün stimulun olmaması bu sahənin zəifləməsinə və məhvinə səbəb olub”.
Ş.Şərifov Masallı rayonunun qaz, işıq, yol problemlərindən də danışıb: “Son illər işıq problemi demək olar ki, həll olunub. Mavi yanacaq da istisnalarla bəzi kəndlərə çəkilib. Amma rayonun yolları bərbad vəziyyətdədir”.
Həmkarımız deyir ki, təhsilin səviyyəsinə görə ölkə rayonlarının reytinq cədvəlində Masallı sonuncu yerdə dayanır:
“Buna xüsusi səbəb axtara bilmirəm, bəlkə də bu təsadüfdür. Amma rayonda təhsilin səviyyəsi şəxsən məni qane eləmir. Əvvəlki illərlə müqayisədə təhsildə xeyli geriləmələr var. Müəllimlərin əksəriyyəti, xüsusən kişi müəllimlər məktəblərdə işləməklə ailələrini dolandıra bilmədikləri üçün orta təhsil müəssisələrindən uzaqlaşıblar. Onların yerlərini ya hansısa formada müəyyən kurs keçib müəllim adı qazanmış digər ixtisas sahibləri, ya da son illər universitetlərdə yaxşı təhsil görməyən gənc müəllimlər tutur. Bu da təhsilin səviyyəsinə mənfi təsirini göstərir.
Paytaxtdan fərqli olaraq rayon məktəblərində müəllimlər demək olar ki, rüşvət almırlar. Çünki kənddə hamı bir-brini tanıyır. Yalnız repetitorluqla məşğul olan müəllimlərin dolanışığı nisbətən yaxşı olur”.
Şücəddin Şərifov bildirdi ki, rayonda ambulator müalicə müəssisələri, kənd xəstəxanaları ya yoxdur, ya həddindən artıq bərbad vəziyyətdədir: “1992-ci ildən rayondan çıxmışam. Doğulduğum qəsəbə şəhər tipli qəsəbədir. Axırıncı dəfə ora ali təhsilli həkim 1997-ci ildə gəlib. 15 minlik qəsəbə üçün bu ağrılı bir göstəricidir.
Yeganə rayon xəstəxanası Masallının mərkəzindədir ki, burda da vəziyyət o qədər ürəkaçan deyil. Yaxşı həkimlər olsa da, müasir texniki imkanlar, tibbi ləvazimatlar yoxdur. Ona görə də rayonda ağır xəstələrin əksəriyyəti ya Bakıya gəlir, ya da İrana, az bir hisəsi də Lənkərana gedir”.
Ş.Şərifov deyir ki, rayon İcra Hakimiyyəti ilə əhali arasında münasibətlərin necə olduğu barədə o qədər də dərindən maraqlanmayıb.
“Digər rayonlarda icra başçısı ilə əhali arasında münasibətlər necədirsə, burada da elə bir fərq yoxdur. Əhaliyə münasibtlə bağlı bir missal göstərim: müyyən məqsədlər üçün rayon bazarı dağıdılmışdı. Xeyli sahibkar Bakıya Prezident Administrasiyasına şikayətə gəlmişdi.
İndi də rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən əhaliyə xüsusi bir qayğı görmürəm”.
“Təhsilin səviyyəsi gəncliyinin inkişafına təsirsiz ötüşmür”
Masallıdan olan digər jurnalist Nəzirməmməd Quliyevin fikrincə, rayonun iqtisadi-sosial vəziyyəti təxminən Azərbaycanın digər rayonlarında olduğu kimidir: “Masallıda sosial problem olduqca çoxdur və hələ öz həllini tapmayıb. Amma inkişaf da müşahidə olunur. Əvvəlki illərdən fərli olaraq indi Masallıda “işıq yanmır” demək, ədalətsizlik olardı. Rayonun özündə qaz olsa da, kəndləri hələ qazlaşdırılmayıb və ya qaz xətləri çəkilən kəndlərə hələ qaz verilməyib. Ümumilikdə isə insanların sosial vəziyyəti elə də ürəkaçan deyil”.
Rayonun mərkəzində və mərkəzə yaxın kəndlərində yolların nisbətən yaxşı olduğunu deyən N.Quliyev bildirdi ki, mərkəzdən uzaqlaşdıqca yollardakı problemlər özünü göstərir: “Hər dəfə rayona gedəndə bu problemi öz üzərimizdə hiss edirik və hər dəfə kəndin insanları, ziyalılar ilə söhbətlər aparıram ki, “ən böyük mədəniyyət yoldur, gəlin yolu düzəltdirək”. Amma nədənsə yol problemi hələ öz həllini tapmayıb və illərdi problem olaraq qalır”.
Nəzirməmməd Quliyev deyir ki, Masallı kənd təsərrüfatı rayonudur: “Əhali əsasən əkinçilik, maldarlıqla məşğuldur. Rayonda özəl sahələrdə təxminən 10 faizə qədər işləyən var. Qalan əhali isə kənd təsərrüfatı işləri ilə məşğuldur. Belədə əhali ac deyil, dolana bilir, amma problemləri də çoxdur”.
“Təkcə Masallıda yox, bütün Azərbaycan kəndlərində təhsil problemi mövcuddur” deyən həmkarımız bunun səbəbinin ya məktəblərin yaxşı fəaliyyət göstərə bilməməsində, ya şagirdlərin təhsildən yayınmasında görür, ya da dövrün bunu tələb etdiyini söyləyir.
“Bunun səbəbini dəqiq bilmirəm, amma əvvəlki illərlə müqayisədə rayonda təhsilin səviyyəsi aşağıdır. Elə şagirdlərin də davamiyyəti aşağı səviyyədədir. Bəzi yerlərdə ümumiyyətlə məktəblərə gedilməməsi məni çox narahat edir. Bu Azərbaycan gəncliyinin inkişafına mənfi təsir göstərəcək.
Əvvəllər rayonda işıqların verilmədiyi vaxtlarda da məktəbə getməyənlər çox olurdu. Artıq insanların davranışında, gənclərin həyata, ictimai-siyasi-iqtisadi proseslərə münasibətində təhsilsizlik öz mənfi təsirini göstərir. Təəssüf ki, təhsil problemi yenidən qabarıb, yenidən insanlarda təhsilə laqeydlik yaranıb. Mən Azərbaycanın gələcəyinə görə narahatam. Modern.az saytı vasitəsilə əlaqədar qurumlara müraciət edirəm ki, bu işləri nəzarətdə saxlasınlar və Azərbaycan gəncləri Azərbaycanın gələcəyi üçün yaxşı mənada potensial qüvvə kimi yetişsinlər, onların başqa istiqamətlərə getməsinin qarşısı alınsın”.
N.Quliyev qeyd etdi ki, Masallı rayonunda xəstəxanaların vəziyyəti pis deyil: “İnsanlar rayon mərkəzindəki xəstəxanada yüngül xəstəliklərdən müalicə oluna bilirlər. Yəni o dəqiqə filan qədər xərc çəkib, paytaxta gəlmək məcburiyyətində qalmırlar. Amma nisbətən ağır xəstəliklərin müalicəsi üçün Bakıya mütləq gəlməli olurlar”.
Jurnalist rayon İcra Hakimiyyəti ilə əhali arasında münasibətlərdən də danışıb: “Ən böyük problemlərdən biri də rayon İcra Hakimiyyəti ilə əhali arasında münasibətlərin pis olmasıdır. İnsanlarla icra strukturları arasında bir uçurum var. Onlar rayon əhalisinin həyat şəraiti ilə gəlib maraqlanmırlar, onların şikayətini lazımınca qəbul etmirlər. Mənim fikrimcə, rayonlarda həqiqi mənada “qaynar xət”lər fəaliyyət göstərməli və insanlar öz problemlərini, şikayətlərini bildirməlidirlər”.
Nəzirməmməd Quliyev rayonla bağlı öz təkliflərini də bildirdi: “Yaxşı olardı ki, rayona gələn rəhbərlər, tutaq ki, gənc kadrlardır və ya başqa rayondandırlar, ola bilsin Masallının adətlərini, torpağının xüsusiyyətlərini, dilini bilmirlər, ona görə rayon camaatı, ağsaqqalları ilə məsləhətləşərdilər ki, nələr etmək olar insanlar belə pis yaşayış tərzindən qurtulsunlar. Niyə Masallının gəncləri Bakıya gəlməli, burda kirayə qalmalı və işləməlidir? Bununla onlar həm Bakının, həm öz problemlərini ağırlaşdırırlar, həm də torpaqdan soyuyurlar”.
Həmkarımız deyir ki, hər yerə uyğun sahəni inkişaf etdirmək lazımdır. Əgər o yerdə nəsə bitərsə və ya heyvandarlıq yaxşı inkişaf edilə bilərsə, bu istiqamətdə fəaliyyət göstərmək lazımdır: “Masallı sovet dövründə tərəvəzçilik rayonu kimi tanınıb. Rayonun qara torpaq hissəsində yaxşı məhsul yetişib. Eyni zamanda rayonun bir hissəsi Muğan çöllərinə düşür və bura şoran torpaqlardır.
Yəni yerin relyefinə, şəraitinə uyğun istiqamət seçilməlidir”.
“Rusiyada olan masallı sakinləri hesabına rayonumuz özünü tutmağa çalışır…”
“Tia.az” saytının əməkdaşı Fikrət Fərəməzoğlu Masallı rayonunun iqtisadi vəziyyətinin həddindən artıq bərbad vəziyyətdə olduğunu bildirdi: “Rayonda işsizlik kifayət qədər çoxdur. İnsanların həyat səviyyəsi olduqca aşağıdır. Ümümiyyətlə, rayon rəhbərliyi son 17 il ərzində bu istiqamətdə ciddi bir iş görməyib. Masallı rayonu Cənub bölgəsində yol qovşağında yerləşdiyi üçün bir qədər inkişaf edir. Həm ticarət sahəsində, həm də Rusiyada yaşayan Masallı sakinlərinin sayı həddindən artıq çox olduğu üçün onların göstərdiyi maddi yardımların sayəsində rayon özünü tutmağa çalışır”.
F.Fərəməzoğlu qeyd edti ki, iş baxımından rayonda vəziyyət yaxşı deyil:
“Masallı ölkədə əhalinin sıxlığına görə birinci yerdədir, ona görə kənd təsərrüfatı sahəsində əhaliyə ayrılmış dövlət pay torpaqlarının da miqdarı azdır. Əkinçilik yox vəziyyətindədir. İnsanların maddi imkanları da yoxdur ki, pay torpaqlarını əkib-becərə bilsinlər”.
F.Fərəməzoğlu hesab edir ki, ölkənin hər yerində olduğu kimi, Masallıda da təhsil yaxşı vəziyyətdə deyil: “Orta məktəblərdə keçirilən dərslərin keyfiyyəti çox aşağıdır. Bundan əlavə, müəllimlərin davamiyyəti, şagirdlərin hazırlanması problemləri var. Başqa rayonlarda olduğu kimi, Masallıda da attestatlar satılır. Şagirdlər dərslərini məktəbdən çox repetitor yanına gedib öyrənməyə çalışırlar”.
Rayonun səhiyyə problemlərindən də danışan F.Fərəməzoğlu hələ sovet dövründən bu sahədə vəziyyətin heç vaxt yaxşı olmadığını vurğulayır: “Bu gün dövlətin ayırdığı vəsaitin azlığı və ya çoxluğundan asılı olmayaraq yenə də həmin vəziyyət davam edir. Rayonda peşəkar həkimlər çatışmır. Əgər həqiqətən səhiyyə sistemi normal vəziyyətdə olsaydı, rayon əhalisi adi xəstəliklərin müalicəsi üçün İrana getməzdi. Üstəlik korrupsiya və rüşvət məsələləri olandan sonra işlər bir az qəlizləşir. Vəziyyət bəlkə düşündüyümüzdən də vahiməlidir, mənim əlimdə bununla bağlı detallı məlumatlar yoxdur. Amma gedib özüm xəstəxanaların vəziyyətinin necə olduğunu görmüşəm. İnandırım ki, o otaqlarda ki, həkimlər oturur, orda heç kim oturmaz. Soyuq, pəncərəsi yox, dəhlizə keçəndə üfunət iyindən boğulursan. İndiyə qədər eşitməmişəm ki, Masallı rayon Xəstəxanasında hansısa xəstə iki-üç gün davamlı olaraq palatada qalıb”.
Fikrət Fərəməzoğlu qaz, işıq, yol məsələlərinə də münasibətini bildirdi: “Düzü elektrik enerjisinin kəsintisi əvvəlki illərə nisbətən az olur. Bəzi kəndlərə işığın verilməsində fasilələr olur, o da müvəqqəti hal kimi qiymətləndirilir.
Masallının kəndlərinin yolları demək olar ki, bərbaddır. Məsələn Gültəpə kəndinə 2 km 750 metr yolun çəkilməsi üçün icra başçısından Yol İstismar İdarəsinin rəhbərinə qədər hamısı əhalidən 25 min dollar pul istəyir. Bu pulun yolun çəkilməsi üçün istifadə olunacaqlarını deyirlər, amma inandırıcı deyil. Çünki yolun çəkilməsi üçün camaatdan pul yığılmasının nə adı var ki, bu sadəcə rüşvətdir. Bodman, Həsənli, Əhmədli, Xırmandalı və bir sıra kəndlərinin yolları bərbad vəziyyətdədir. Yalnız rayonun mərkəzindəki yollar yaxşıdır, bu da bütün rayonu əhatə eləmir. Yəni rayon özbaşına qalıb, vəziyyət Masallıda bu cürdür”.
F.Fərəməzoğlu rayonun icra başçısının mütəmadi görüşlər keçirdiyini, insanların problemlərini dinlədiyini, lakin onların həlli istiqamətində heç bir addım atmadığını bildirdi: “Masallının icra başçısı Qəzənfir Ağayev vaxtaşırı kəndlərə gedib-gəlir, camaatla görüşür, onların problemlərini də dinləyir. Amma nəticə ortalıqda olmursa, bu görüşlərin nə əhəmiyyəti var?
İndi hələ vəziyyət yaxşıdır. Təsəvvür edin, əvvəllər icra başçısı kəndlərə gedir və o kəndlərdə şikayət edən insanları tutdururdu ki, “niyə mənə deyirsiniz ki, filan problem var, siz deyin rayonda problem yoxdur”.
Ümumiyyətlə, Azərbaycanda məmur vətəndaş münasibətləri düzgün təmin olunmayıb. Məmurlar özlərini daha çox yerli padşahlar kimi hiss edirlər. Bu baxımdandan da təkcə Masallıda deyil, digər rayonlarda da vətəndaş-məmur münasibətləri yaxşı səviyyədə deyil. İcra başçısı özünü rayonun sahibi olaraq düşünür və istədiyi, fikirləşdiyi addımları atır. Bu gün rayon camaatının icra başçısından yetərincə narazılığı var, hətta şikayətləri də olub. Məsələn, Gültəpə kəndində yol çəkilməsi üçün Heydər Əliyev Fonduna müraciət olunmuşdu və Fonddan icra başçısına məktub getmişdi ki, yolunun çəkilməsi layihəyə salınsın. Ancaq o vaxtdan 5 il keçib, layihə hazırlanmayıb”.
“İcra Hakimiyyətinin funksiyası əhalinin problemləri ilə maraqlanmaqdır”
“Novaya vremya” qəzetinin redaktoru Azər Niftiyev bildirdi ki, Azərbaycanın digər bölgələrində olan iqtisadi inkişaf Masallı rayonunda da özünü göstərir: “Rayonu digər regionlardan fərləndirən xüsusiyyət həmişə öz zəhmətkeş sakinləri ilə seçilməsidir. Masallı sakinlərinin Azərbaycan hüdudlarından kənarda, Rusiya Federasiyasında kifayət qədər geniş imkanları var, eyni zamanda bu rayonda əhali qohumpərəst olduğundan digərləri üçün də şərait yaradırlar. Bu baxımdan Masallı rayonun iqtisadi inkişafını qənaətbəxş hesab etmək olar”.
A.Niftiyev rayonun qaz, işıq, yol məsələləri barədə də danışdı:
“Qaz problemi hələ də mövcuddur. Kəndlərin qazlaşdırılması demək olar ki, aparılmır. Əhalinin də odundan istifadə etməsi həm ekologiyanın çirklənməsinə, həm də əhalinin özünün əlavə xərclər çəkməsinə səbəb olur.
İşıq problemi isə əvvəllər mövcud idi, rayonda demək olar ki, gündə bir-iki saat işıq verilirdi. Son vaxtlar o problem aradan qalxıb. Amma ara-sıra elektrik xətlərində problemləri yaranır, işıq keçir.
Yollarla bağlı qeyd olunası heç nə yoxdur. Rayon mərkəzində yollar yaxşıdır, amma digər regionlarda olduğu kimi, burada kəndlərin fərqlənəsi heç nəyi yoxdur”.
Ayaz Niftiyev Masallı rayonda xüsusi iş yerlərinin olmadığını bildirdi: “Rayonun özündə xüsusi iş yerləri yoxdur və əhalinin əsas dolanışıq yeri Bakı şəhəri üzrədir. Rayonda bir-iki zavod var ki, orada da nə qədər işçi çalışa bilər ki..?”.
Həmkarımız Masallıda təhsilin səviyyəsindən də şikayətləndi. “Masallıda təhsil bərbad gündədir, məktəblilər məktəbə getmirlər”.
Kəndlərdə insanlar xəstələnəndə təcili yardım gəlmir. Rayonun mərkəzində Mərkəzi Xəstəxana var və burdakı vəziyyət bir o qədər də pis deyil. Kəndlərdə məntəqələr var, həkimlər müəyyən xidmət göstərir”-deyə Ayaz Niftiyev sözlərinə əlavə etdi.
A.Niftiyev icra başçısı Qəzənfər Ağayevin fəaliyyətinin qənaətbəxş olduğunu bildirdi: “Rayon İcra Hakimiyyətinin funksiyası əhalinin problemləri ilə maraqlanmaqdır və bu qurumda çalışanlar üzərlərinə düşən məsuliyyəti, öhdəlikləri yerinə yetirməyə çalışırlar”.
“İcra Hakimiyyəti bütün sahələrə nəzarət edir, iqtisadi, sosial, maliyyə sferalarını monopoliyada saxlamaq istəyir…”
17 il əvvəl Masallı rayonundan çıxdığını deyən “Yeni Müsavat” qəzetinin əməkdaşı Zahid Səfəroğlu hərdən, il ərzində bir neçə dəfə rayona getdiyini və ordakı iqtisadi vəziyyət, əhalinin durumu ilə bağlı məlumatlı olduğunu qeyd etdi: “Bütün ölkədə yaşanan iqtisadi-sosial problemlər bu rayonda da özünü qabarıq formada göstərir. Masallıda da əhali sıxlığı müşahidə olunur. Ona görə rayonda əkin, örüş sahələri çox azdır. Əhaliyə ayrılan pay torpaqlarının böyük olmaması bir yana, rayon camaatı heç onları əkib becərə də bilmir. Səbəb kimi isə əhali orada əkinlə məşğul olmağın sərf etmədiyini bildirir”.
Z.Səfəroğlu deyir ki, Masallıda dolanışıq aşağı səviyyədədir və işsizlik, məmur özbaşınalığı mövcuddur: “İş yerləri barmaqla sayılacaq qədər azdır. Əmək qabiliyyətli insanların xeyli hissəsi çoxdan ölkəni tərk edib. Burada qalan ailələr isə yaşlılar-təqaüdçülərdən və əmək qabiliyyəti olmayan uşaqlardan ibarətdir. Rusiyaya, Türkiyəyə miqrasiya eləmiş və qismən də İranla iqtisadi-ticari əlaqələri olan insanların hesabına Masallıda əhalinin dolanaşığı təmin olunur.
Bundan əlavə, təbiətin verdiyi üstünlüklər hesabına bəzi insanlar qismən dolanışıqlarını təmin edə bilirlər. Məsələn, bizim rayonda bir neçə kənddə zəliçilik kifayət qədər geniş yayılıb, insanlar bu bizneslə məşğuldurlar. Dənizə yaxın ərazilərdə balıqıçılıq qismən inkişaf edib. Rayonun bəzi kəndlərində sitrus meyvələri yetişdirilir ki, insanlar məhz bunların hesabına öz dolanışıqlarını təmin etməyə çalışırlar”.
Həmkarımız əvvəllər rayon əhalisinin əkinçilik və maldarlıqla məşğul olduğunu, lakin əkin, örüş sahələrinin azlığından demək olar ki, bu sahələrin tam iflasa uğradığını qeyd etdi: “Masallıda Sovet dövründə çayçılıq plantasiyaları olub. Müstəqillik dövründə isə rayon üçün xarakterik olan bu plantasiyalar nədənsə ləğv olundu. Təəssüf ki, bu sahədə də inkişaf yoxdur. Ölkədə olduğu kimi, Masallıda da iqtisadi azadlıqlara təminat yoxdur, korrupsiya, rüşvət, monopoliya başqa kənd təsərrüfatı sahələri kimi çayçılığı da inkişaf etdirməyə imkan vermir”.
Z.Səfəroğlu hesab edib ki, Masallıda səhiyyənin səviyyəsi də ürəkaçan deyil: “Ötən ay bir yaxınımızın xəstəliyi ilə bağlı rayonun Mərkəzi Xəstəxanasında oldum. Burdakı vəziyyəti görəndə isə həm təəccübləndim, həm də yox. Mərkəzi Xəstəxana olduqca bərbad vəziyyətdə idi. Həm maddi-texniki baza, həm də həkimlər üçün yaradılan şərait minumal tələblərə cavab vermir. Tibbi texnologiya rayonlara gedib çatmayıb. İnsanlar müalicə üçün paytaxta və İrana üz tuturlar. İrana getmələrinin səbəbini isə belə qeyd edirlər ki, orada qiymətlər xeyli münasibdir. Görünür korrupsiya, rüşvət burada da öz sözünü deyir”.
Həmkarımız bildirdi ki, təhsil sahəsində də təbii ki, ürəkaçan heç bir şey yoxdur: “Orta məktəbi qurtaran şagirdlər tanıyıram ki, latın əlifbası ilə adını yaza bilmirlər. Belə vəziyyət doğurdan da faciəlidir və bu, təhsilin Azərbaycanda hansı səviyyədə olduğunu göstərir. Bakıda olduğu kimi, Masallıda da repititorluq geniş yayılıb, təhsil evlərə, mənzillərə köçüb. Məktəblərdə təhsil olmadığından valideynlər uşaqlarının istedadını artırmaq üçün repetitor yanına göndərmək məcbutiyyətində qalırlar”.
Zahid Səfəroğlu Masallının qaz, işıq, yol məsələləri barədə də danışdı: “Ötən illərlə müqayisədə son bir-iki ildə rayonun bəzi kəndlərində qazalaşma aparılıb, amma onun keyfiyyəti elə də qaneedici deyil. İnsanlar hələ də odundan və başqa yanacaq növlərindən istifadə edirlər.
İşıq problemi də mövcuddur. Rayona elektrik enerjisi fasilələrlə verilir. Bütün evlərdə işıq sayğacları quraşdırılsa belə, bu sahədə problem hələ də qalır.
Rayonun yolları isə demək olar ki, Sovet dövründən qalma yollardır. Masallıya gedən əsas magistral yol da bərbad vəziyyətdədir. Faktiki Sovet dövründən həmin yola tökülən asfalt durur, hər il yamaq vururlar, amma kordinal olaraq bu problemlə məşğul olmurlar. Bunun səbəbi ya vəsaitin ayrılmaması, ya da ayrılan vəsaitin korrupsiyaya uğramasıdır”.
Z.Səfəroğlu rayon İcra Hakiyyəti ilə əhali arasında münasibətlərin gərgin olduğunu deyib: “Keçən il bələdiyyə seçkiləri ərəfəsində iş adamları həbs edilmişdi və onlara təzyiq olunurdu ki, namizədliklərini geri götürsünlər, icra başçısının namizədlərinə maneə törətməsinlər. Onlar da geri götürmədilər, nəticə də iki iş adamı- ata və oğulu həbs etdilər.
İcra Hakiyyətindən ciddi narazılıqlar var. İş adamlarının, xüsusilə orda müəyyən iş yeri açmış, bizneslə məşğul olan insanların narazılıqları daha böyükdür. İcra Hakimiyyəti bütün sahələrə nəzarət edir, iqtisadi, sosial, maliyyə sferalarını monopoliyada saxlamaq istəyir. Ən əsas problem isə bütün ölkədə olduğu kimi, Masallıda da iqtisadi azadlıqların buxovlanması ilə bağlıdır”.
Aytən ƏLIYEVA