Keçən verilişlərinin birində (müsəlmanın keçən dəfəsi) “El içində” verilişi daha bir maraqlı məqamı masaya yatırdı və həmin mövzunun ciddi mənada müzakirəsini apardı. Mövzu hamımızı maraqlandıran, hətta maraqlandırmaqdan başqa həm də narahat edən Azərbaycan gəncliyinin bu günü, onun həyat tərzi haqqında idi. Sözün düzü mən bir az fərqli yanaşmalar gözləyirdim. Hər zaman dostlarla bir araya gəldiyimiz zaman müzakirə etdiyimiz mövzuların bəlkə də başında gəlir bu problem. Çünki hər bir vətəndaş kimi sabahımız olan gəncliyimizin bu günkü vəziyyəti bizi narahat etməyə bilməz. Nəticə etibarilə bu problem bizim demək olar hər gün, hər saat üz – üzə gəldiyimiz böyük bir problemdir. Elçin bəyin dediyi kimi yeknəsəklik, bir şineldən çıxmışlıq bizim gəncliyin ən böyük problemlərindən biridir. Bunun da çoxlu müxtəlif səbəbləri var. İndi hər nə qədər səbəblər haqqında başımızı yorsaq da, gəlib nəticəyə çıxdığımız zaman bir acınacaqlı mənzərə ilə rastlaşırıq: gəncliyimiz böyük bir boşluq içərisindədir.
Bunu hadisəyə bir az fərqli yanaşan Elşən Mustafa bəyin dediyi kimi intellektual və mənəvi boşluqla əlaqələndirmək məncə daha doğru olar. Çünki nəticədə ortada məhv olan bir gənclik var; sürətlə kriminallaşan və nə istədiyini bilməyən, cəmiyyətdə tapa bilmədiklərini başqa zərərli vərdişlərdə axtaran, tapa bilmədikdə isə depresiyaya sürüklənən, hətta öz canına qəsd etməkdən belə çəkinməyən bu gəncliyin ən böyük problemi içində olan boşluğu aşa bilməməsidir. Bunu doğuran səbəblərə göz atmağa hazırsınızmı? O zaman buyurun:
1. Bu gün Azərbaycan Respublikasında gənc sayılan insanların böyük əksəriyyətinin uşaqlığı formasiya dəyişikliyi dövrünə düşdü. Yəni, bir siyasi – ictimai – sosial quruluş dağılmışdı və digər quruluşa hələ tam adaptasiya ola bilməyən xalq üstəlik hələ bir də müharibə və torpaqların işğalı ilə üz – üzə qalmışdı. Sovetlər Birliyinin iş standartlarına öyrəşmiş, ətalətə alışmış insanlar birdən – birə dağılan bir ölkənin xarabalıqları üzərində yeni bir müstəqil bir dövlət qurmalı idilər. Və qurulan dövlət hansı modeli özü üçün mənimsəməli idi, bu da o dövləti quracaq olan insanlar üçün tam mənasi ilə aydın deyildi. Onlar baxırdılar bütün materiallar var, ancaq var olan bu materiallardan istifadə edərək bina tikməyə hələ tam hazır deyildilər. Nəticədə nə baş verdi? Uşaqlığı o dövrə düşən gənclər xaos və anarxiya dolu bir uşaqlıq keçirdilər. Ata ancaq bir tikə çörək puluna işləyir(o da iş tapa bilsə!), ana yeri gələndə evindən nəsə sataraq evin içini dolandırmağa çalışır, qardaşlardan biri elektrik qatarında səhərdən – axşama əlində siqaret vaqon – vaqon gəzir, digər qardaş məktəbdə oxumalı olduğu halda məktəbə getmir. Xülasə, başlı başını saxlasın! Hər kəs özü üçün yaşayır. Bütün dəyərlər öz mənasını itirmişdi. Kəndli yumurtanı belə şəhərdə yerləşən bazardan baha qiymətə alıb evinə gətirirdi. Çünki “öz əlim öz başım” - prinsipi ona yad idi. Şəhərdə yaşayan insanlar isə bomboz həyatdan sıxılmalarına rəğmən nə edəcəklərini bilməyəcək şəkildə eləcə oturub Cənab Əzrayılı gözləməklə məşğul idilər.
2. Kəndlinin adi yumurtanı belə bazardan aldığı, şəhərlinin əli – qolu bağlı oturduğu bir zamanda Azərbaycan müharibə ilə, ərazi bütövlüyünü və müstəqilliyini itirmək təhlükəsi ilə üz – üzə, göz – gözə idi. O dövrün Azərbaycan gəncliyi əksəriyyət etibarilə meydan hərəkatının içindən çıxmışdı və qətiyyən mənəvi ya da intellektual boşluq yaşamamışdı. Qəlblərində dərin Vətən məhəbbəti daşıyan həmin gənclik həmin dövrdə hələ tam formalaşmamış, nəinki formalaşmamış özülü belə qoyulmamış Azərbaycan ordusunun əsasını könüllü dəstələri yaratmaqla qoydular. Həmin o gənclik əli yalın idi, həmin o gənclik hardasa siyasi baxımdan yetərincə formalaşmamışdı və populist çıxışlarla yönləndirilmişdi, amma onların ıçındə nə istədiyini bilənlər də var idi, bunlar da o dövrün gəncliyinin əksəriyyətini təşkil edirdi. Həmin gənclik idi ki, könüllü dəstələri vasitəsi ilə Qarabağda böyük qəhrəmanlıqlar göstərmişdilər. Böyük bir hissəsi də həmin döyüşlərdə şəhid olmuşdu. Nə qədər əlil olan qazilərimiz var həmin dövrün gənclərindən! Onların müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda məqsədli və şüurlu şəkildə şəhid olması yenə də bizim I Qarabağ müharibəsində qalib gəlməyimiz üçün kifayət etmədi. Torpaqlarımız erməni işğalçıları tərəfindən müvəqqəti də olsa işğal edildi. Işğallar sonrası ölkədə yaşanan gərginlik də insanlarımıza öz təsirini göstərdi. Işğal edilmiş rayonlardan əsasən respublikanın paytaxtına yaşanan köç onsuz da ictimai deformasiyadan sonra psixi böhran yaşayan insanlarımızı daha da aqressiv hala gətirdi. Bakı həmin dövrlərdə kəndlə şəhərin açıq mübarizə meydanına çevrilmişdi. Kəndli özü ilə gətirdiyi mədəniyyəti itirməmək üçün qeyri – şüuri, instinktlə də olsa həmin anlarda əlində olan və olmayan bütün vasitələrlə qorumağa çalışırdı. Bu kənd mədəniyyəti özlüyündə mental dəyərlərə söykənsə də, şəhər üçün keçərli deyildi. Bir qədər əvvəl bakıya köçsə belə yenə də içində o kənd havasınə daşıyan insanıların istəyərək ya da istəməyərək verdiyi dəstəklə Bakının arxipilak mədəniyyəti yavaş – yavaş geriləməyə başladı. Bakı elitasının özülünü təşkil edən ziyalı kəsim isə artıq bu gedişatdan əlini - ətəyini üzmüşdü. Niyə yaşadığını bilməz bir hala gəlmişdi. Bakının mərkəzinin – C. Cabbarlı heykəlinin ətrafının o zamanlardaki vəziyyətini xatırlamaq məncə kifayət edərdi. Kimlik problemi yaşayan ailələr hətta dağılmaq həddinə belə gəlib çatırdı. Heç kim özünə “Sən kimsən?” – sualını vermirdi. Heç o sualı özünə verməyə o zavallının vaxtı da yox idi axı.
3. Bir neçə il əvvəl yazıçı Rüstəm İbrahimbəyov Azərbaycanın hal – hazırdakı vəziyyətinin Azərbaycandan bir zamanlar, ələxsus da müstəqillikdən sonra köç edən Bakı elitası ilə bilavasitə bağlı olduğunu deyəndə, çoxları bunu birmənalı qarşılamadı. Ələxsus da Bakıya həmin o dönəmdə gəlmiş və kimlik sorunu içində böyümüş kənd əsillilər. Onları qətiyyən aşağılamaq kimi bir niyyətimin olmadığını bəri başdan bildirərək sözümə davam etmək istəyirəm. Bəli, bu günün gəncliyinin bu vəziyyətdə olmasının bəlkə də ən böyük səbəblərindən biri də şəhər arxipilak mədəniyyəti nümayəndələrinin ölkədən sürətlə köç etməsi olmuşdur. Söhbət burda əlbəttə ki, köhnə Bakılılardan gedir. Onlar paytaxtın rusdilli elitasını təşkil edirdilər və intellektuallıq hər zaman onların xeyrinə işləyirdi. Lakin, ölkəmiz müstəqillik qazandıqdan sonra həmin şəxslər ölkənin düşdüyü böhranlı vəziyyətə davam gətirə bilmədilər və Azərbaycanın xaricidəki lobbisinin formalaşması yönündə bilərəkdən ya da bilməyərəkdən xidmət etmiş oldular. Indi bəzilərinin verndiyi “gənclər niyə kitab oxumur?” – sualının cavabını metroda, avtobusda, boş qaldığı istənilən yerdə vaxtını kitab oxumaqla keçirən və Bakının intellektual şəhər kimi tanınmasında müstəsna əməyi olan, eyni zamanda öz intellektləri ilə gənclərə nümunə olacaq həmin insanların köçüb Azərbaycandan getməsində axtarmaq lazımdır. Həmin insanlar getdikdən sonra Bakıda kitabxanalardaki kitabları toz basdı, bircə anın içindəcə kitabxanalar kababxana oldu.
4. Yuxarıda qeyd etdiklərimizdən başqa gəncliyin bu vəziyyətə gəlib çıxmasında önəmli bir faktor da onların örnək ala biləcəkləri insanların olmaması ya da yoxmuş kimi göstərilməsindədir. Yəni həqiqətənmi millətin örnək ala biləcəyi şəxslər artıq mövcud deyil? Əgər mövcud deyilsə, o zaman millət kimi ciddi bir mənəvi problemlə qarşı – qarşıyayıq. Yox, əgər mövcuddursa, o zaman bunun təbliği ilə bütün lazımi distansiyalar məşğul olmalıdır. Bu gün gənclər hansısa bir bəsit müğənnini özünə kumir sayırsa, ona bənzəməyə çalışırsa, hər halda bu ciddi siqnal kimi qəbul olunmalıdır. Ölkədə ciddi düşüncə böhranı varsa sözsüz ki, bu ciddi düşüncə böhranını aradan qaldırmaq məqsədi ilə bir sıra tədbirlər görülməlidir.
Millətin kitab oxumamasının səbəbini internet və müasir telekommunikasiya sistemlərinin üstünə yıxanlar, bircə anlıq fikirləsin: guya indi internetə daxil olanların gənclərin neçə faizi sırf ciddi elmi saytlara daxil olur, nəsə məlumat əldə edir? Mən deyərdim, çox az bir hissəsi. Neçə illərdir bu aləmin içərisində olan birisi kimi bildirirəm: qardaş, bizdə inernet istifadəçilərinin əksəriyyəti internetə əyləncə məqsədi ilə girir. O ki, qaldı çayxana və çay evlərində gənclərin toplanmasına, bu yenə də gəncliyin səviyyəsi ilə bağlı bir haldır.