st1 невозможно вставить вокруг нескольких выделенных фрагментов.
”Kəndlərin yolları torpaq, sakinləri işsizdir, işıq, qaz, su problemləri yaşanır”
“Kürdəmir hökümətindən yadından çıxıb”
İlk müsahibimiz “simsar.az” saytının əməkdaşı Ruslan Xəlil öncə Kürdəmirin tarixi haqqında qlsa məlumat verib. Kürdəmirin Azərbaycanın ən gənc rayonlarından olduğunu deyən həmkarımızın sözlərinə görə, burada yaşayan sakinlərib qir qismi Şamaxıdan, Göyçaydan və digər ətraf rayonlardan gəlmələrdir.
“Kürdəmir adının maraqlı mənaları var. Bəzilərinin fikrincə, Kür bura dəymədiyi üçün rayonun adını Kürdəmir qoyublar. Bəziləri isə deyirlər ki, burda Əmir adlı kürd olub, onun adını rayona veriblər. Digər versiyalardan biri isə Kürün qırağınının dəmirlə əhatə olunması ilə bağlıdır”.
Həmkarımız bildirib ki, rayonun torpağı şoran olduğundan elə də məhsuldar deyil: “Kürdəmir əsasən istisi ilə yaddaşlarda qalıb”.
R.Xəlilin sözlərinə görə, Azərbaycanın digər rayonlarına xas olan problemlər Kürdəmirdə də mövcuddur.
“Burada problemin daha ciddiliyi torpaqların məhsuldarlığının aşağı olması ilə bağlıdır. Kəndlilərin dolanışıq səviyyəsi çox aşağıdır və ətraf rayonlarda olan abadlıq işləri Kürdəmirdə müşahidə olunmur”.
Ruslan Xəlilin sözlərinə görə, Kürdəmirdə əhalinin əsas dolanışığı alverdən çıxır.
“Bəziləri Kürdəmirin özündə, bəziləri isə Rusiyada - Moskva bazarlarında alver edirlər, bir qisim isə Bakıda fəhlə işləyir.
Rayonda zavod, müssisələr yoxdur, yəni işləyənlər azdır. Son vaxtlar yenidən bərpa olunan üzüm plantasiyalarında işləyənlər var ki, onların da əməkhaqları çox aşağıdır. İnsanların maddi durumu çox pisdir” deyə jurnalist əlavə edib.
Həmkarımız Kürdəmirin qaz, işıq, su, kanalizasiya təchizatından danışarkən vəziyyətin ürəkaçan olmadığını vurğulayıb.
“Əvəllər rayonda su problemi var idi, artıq bu problem həll olunub, yeni su xətləri çəkilib. Son vaxtlar kəndlərin də qazlaşdırılması aparılır. Elektrik enerji ilə bağlı ciddi problem yoxdur. Amma Kürdəmirin kanalizasiya sistemi bərbad vəziyyətdədir. Deputatımız Fərhad Qəribov yeni kanalizasiya sisteminin çəkilməsi ilə bağlı layihəsinin olduğunu bildirsə də, bu istiqamətdə hələ addım atılmır. Bir sözlə Kürdəmir hökümətin yadından çıxıb.
Rayonun yolları bərbad vəziyyətdədir. Əsasən yağış yağanda yollarda su yığılır, gölməçələr yaranır və keçmək mümkün olmur”.
Kürdəmirdə ünvanlı sosial yardıma ehtiyacı olanların çox olduğunu bildirən Ruslan Xəlil qeyd edib ki, burada məmurlar ciddi korrupsiya ilə məşğul olurlar.
“Bir müddət öncə Kürdəmirin Sosial Müdafiə Mərkəzinin rəhbəri Qismət Abdulrəhmənovu həbs etdilər. Onun evindən 200-ə yaxın ünvanlı sosial yardıma ehtiyacı olan insanın kartı tapıldı. O, hətta ölülərin adına da yardım yazıb mənimsəmişdi. Bu da bir daha göstərir ki, Kürdəmirdə də məmurlar ciddi korrupsiya məşğul olurlar”.
R.Xəlil rayonun təhsil və səhiyyə sistemi barədə məlumar verib. Həmkarımızın fikrincə, Kürdəmirdə təhsilin səviyyəsi o qədər də yüksək deyil.
“Qəbul imtahanlarının nəticələri də bunu göstərir. Ayrı-ayrı savadlı, istedadlı uşaqlar var, amma ümumi götürdükdə təhsilin səviyyəsi yüksək deyil. Səhiyyə sahəsində vəziyyət o qədər də ürəkaçan deyil. Rayondan olan xəstələr mülaicə üçün adətən Bakıya gedirlər. Kürdəmirin öz xəstəxanalarına üz tutanlar çox azdır. Rayonda həm müalicənin səviyyəsi aşağıdır, həm də rüşvət alırlar”.
Həmkarımız hesab edir ki, korrupsiyaya qarşı mübarizə başlanandan sonra rayonun icra başçısının fəaliyyətində aktivlik müşahidə olunur.
“Ümumulikdə icra başçısı rayonun problemlərinə elə də ciddi yanaşmır”.
Ruslan Xəlil onu qeyd edib ki, Kürdəmirdən seçilən deputat Fərhad Qəribov müəyyən tədbirlər görür, amma o qədər də fəal deputat deyil.
“Buna baxmayaraq millət vəkilimiz məsələni aidiyyatı qurumların qarşısında qaldıra bilər ki, rayonun kanalizasiya sistemi yenidən qurulsun. O qədər də fəal deputat deyil. İnsanlar müraciət etməyəndə rayon camaatı ilə maraqlanmır. Amma bilirəm ki, deputatımızın Kürdəmirdə bazarı var və bazarın yanında indi şadlıq evi tikdirir. Bütün hallarda özü üçün biznes qurub və onun biznes sahəsində rayon sakinləri işləyirlər”.
“Şagirdlər məktəbə getmək üçün 7 km yol qət edirlər”
“Təhsil işçisi" qəzetinin əməkdaşı Nəsimi Cəfərli qeyd edib ki, Kürdəmir aran rayonu olduğundan və əhali kənd təsərrüfatı ilə məşğul olduğundan əhalinin dolanışığı yaxşıdır. O, əsasən kəndlərdəki iqtisadi vəziyyət barədə məlumat verib.
N.Cəfərlinin sözlərinə görə, Kürdəmir aran rayonu olduğundan əhali burda kənd təsərrüfatı ilə məşğuldur və torpaqdan öz dolanışığını çıxara bilir.
“Digər məslələrdə əhalinin çətinliyi yol, məktəblə bağlıdır. Məsələn, konkret olaraq Axtaçı-Qarabucaq kəndində uşaqlar məktəbə getmək üçün 7 km məsafə qət edirlər. Kəndlərin bir çoxunda məktəb olmasa belə, təhsilin səviyyəsi yüksəkdir.
Yollar isə bərbad vəziyyətdədir. Mollakənd-Sabirabad yolunda yağış yağanda hərəkət dayanır. Bütün qurumlara yazılsa da, kənd yolları təmir olunmur”.
“Kəndlərdə mavi yanacaq yoxdur” deyən həmkarımız heç buna ümidlərinin də olmadığını vurğulayıb. Onun sözlərinə görə, elektrik enerjisi də sayğaclar qurulandan sonra qısa fasilələrlə verilir.
N.Cəfərli vurğulayıb ki, kəndlərdə iş yerləri yoxdur və ancaq müəllimlər dövlət büdcəsindən əməkhaqqı alırlar.
“Kəndlərdə xəstəxanalar olmasa da, tibb xidmətləri göstərilir” deyə əlavə edən həmkarımız nə vaxtsa rayonun icra başçısının əhalinin arasında olduğunu eşitməyib.
“Bundan əvvəlki deputat Gülhüseyin Əhmədov olub. Bir dəfə seçki vaxtı gəlib, söz verib getdi və sonra yoxa çıxdı. Növbəti seçkilərdə isə bizim dairə üzrə Əhliman Əmiraslanov millət vəkili oldu. O da görüşüb, problemlərlə tanış olub. Ziyalı, nüfuzlu şəxsdir, yəqin yaxşı olar. Kəndlərdə tibb məntəqələrinin tikiləcəyini, xəstəxanaların açılacağına söz versə də, hələ real nəticə yoxdur”.
“Rayon məktəblərində kadr çatışmazlığı var...”
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Pərviz Sadayoğlu bildirib ki, o Kürdəmirlə mütəmadi əlaqədədir. Onun sözlərinə görə, rayonda son 3 ildə inkişaf müşahidə olunur. Bu inkişaf həm yeni infrastrukturların qurulmasında, həm yolların yenidən asfaltlaşdırılmasında özünü göstərir.
“Kürdəmir rayonlara gedən yolun üstündədir. O baxımdan yeni infrastrukların qurulması, yeni obyektlərin tikilməsi rayonda sosial-iqtisadi inkişafın yükşəlişinə töfhə verib. Müəyyən problemlər olub. Burda təbii fəlakətlər, bəzən hava şəraiti rol oynayır”.
Rayonda insanlarının əsasən maldarlıq və əkinçiliklə məşğul olduğunu deyən R.Sadayoğlu hesab edir ki, əkinçiliklə məşğul olan xırda sahibkarlara subsidiyalar verilsə, Kürdəmir rayonu daha da inkişaf edər.
“Xatırladaq ki, Sovet vaxtı burda pambıqçılıq ənənənsi olub və bu gün pambıqçılıq ikinci plana keçib. Rayonun inkişaf etdirilməsi üçün maddi vəsait olmalıdır, yardımlar olmalıdır ki, insanlar pambıq əkmələ bağlı ənənələrə daha çox meyl etsin”-deyən müsahibimiz rayonun ümumi inkişaf tempinin yüksək olduğunu bildirib.
P.Sadayoğlunun sözlərinə görə, rayonun qazlaşdırlması ilə bağlı layihə çərçivəsində qaz olmayan kəndlərə də qaz xətləri çəkilib. Əvvəllər rayonda içməli su probleminin olduğunu deyən həmsöhbətimizin sözlərinə görə, hazırda bu problem də öz həllini tapıb. “Kəndlərdə bulaqlar yaradılıb ki, insanlar içməli sudan istifadə etsinlər. Əvvəl işıq saatla verilirdi, amma indi fasilə olsa da, bu çox uzunmüddətli deyil. Rayonun ümümi şəraitləri qənaətbəxşdir”.
P.Sadayoğlu rayonun bəzi yollarının təmirə ehtiyacı olduğunu desə də, söyləyib ki, son iki-üç ildə bələdiyyələr bu sahədə müəyyən işlər görüb, yeni yollar çəkilib.
Kürdəmir rayonunda səhiyyə ilə bağlı isə hec bir problem yoxdur. P.Sadayoğlu belə deyir: “Kürdəmirdə səhiyyə sistemi həmişə yüskək səviyyədə olub. Kəndlərdə də peşəkar həkimlər var. Hətta belə hadisələrin də şahidi olmuşam ki, şəhərdən kəndə işləyən həkimlərin yanına müalicəyə gəliblər. Bizdə səhiyyə sistemi mütəxəssislər baxımından yüksək səviyyədə olub, rayon xəstəxanası da yaxşı vəziyyətdədir”.
Müsahibimiz səhiyyədə problemin yoxluğunu desə də, təhsil sistemində vəziyyətin fərqli olduğunu bildirib. Onun sözlərinə görə, təhsil sitemində müəyyən problemlər var. Belə ki, kənd məktəblərində müəllim çatışmır. “Böyük kəndlərdə bu müəyyən mənada balanslaşdırılır, amma elə kəndlər var ki, kadr qıtlığı özünü göstərir, bu, ali təhsil müəssilərinə sənəd verən abituriyentlərin də faizində özünü göstərir”.
Kürdəmirin icra başcısı Fəxrəddin Məlikovun insanlarının problemləri ilə maraqlanıb-maraqlanmadığına gəlincə, müsahibimiz bildirib ki, hazırda rayonda yaşamadığı üçün bu suala ətraflı cavab verə bilməz. “Əgər rayona gedərkən görürəm ki, problemlər həll olunub, müraciətlərə baxılır, bu məndə belə təəssürat yaradır ki, icra başçısı bu işləri görür, əgər görməsəydi, bu gün narazılıqlar olardı, amma hələki belə narazılıqlar yoxdur. Kürün daşqını zamanı Kürdəmirdə də bir sıra evlər yararsız hala düşdü, o evlərin təmiri, yenidən qurulması bərpası işləri aparılır. Belə deyək ki, sakinlərin bütün problemləri ödənilir deyə, rayonda narazılıq yoxdur”.
P.Sadayoğu qeyd edib ki, millət vəkili Fərhad Qəribova rayon sakinləri tərəfindən bəzi müraciətlər ünvanlanır. “Millət vəkili ilə şəxsi tanışlığım yoxdur. Amma bununla belə bir sıra məsələlərə görə Fərhad müəllimə müraciət edənlər olub, o da gücü çatdığı qədər həll etməyə çalışıb. Bu gün bəziləri fikirləşir ki, millət vəkilləri insan üçün həyat şəraiti qurmalıdır, dövlət problemləri həll edir, millət vəkilləri sadəcə qanunverici orqanın təmsilçisidir”.
“Əhaliyə göstərilən tibbi xidmət hər yerdə necədirsə, Kürdəmirdə də elədir”
“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Real Cəfərli bildirib ki, bütün rayonlarda olan problemlər Kürdəmirdə də mövcuddur.
“Rayonun su problemi mövcuddur. Kürdəmirin özündə paylayıcı şəbəkə olmasına baxmayaraq, elektrik enerjisi fasilələrlə verilir. Amma rayon kəndlərinin qazlaşdırlması işi müəyyən qədər həll olunub. Bəzi kəndlərə mavi yanacaq verilib. Ümumiyyətlə İpək yolunun üstündə olan bütün kəndlər qazlaşdırlıb” deyə jurnalist əlavə edib.
Yolların bərbad vəziyyətdə olduğunu vurğulayan Real Cəfərli qeyd edib ki, Kürdəmirin kənd yolları lap pisdir.
“Hamısı Sovet dövründən asfaltlanmış yollardır. Bəzi kəndlərn yolları təmir olunur ki, o da həmin kənddən çıxmış biznesmenlərin hesabınadır. Ümumiyyətlə isə rayon mərkəzindən uzaq kəndlərin yolları asfaltlanmayıb”.
R.Cəfərli Kürdəmirdə açılan müəssisələr barədə də danışıb. O qeyd edib ki, Sok zavodu tikilsə də, müəssisə tam fəaliyyət göstərmir.0
“Bundan başqa, neçə illərdir Süd emalı zavodu tikdirliir, hələ də tikib başa çatdıra bilmirlər. Rayonda SSRİ vaxtında olduğu kimi, yenə üzüm plantasiyaları salınır, üzümçülük inkişaf etdirilir. Amma bununla belə, rayonda işsizlərin sayı çoxdur”.
“Kürdəmirin təhsil sitemi elə də pis vəziyyətdə deyil.Həm də bu dəqiqə ölkədə şagirdlər orta məktəblərdə yüksək təhsil almırlar. Ali məktbələrə repititor yanında hazırlaşmaqla qəbul olurlar” deyə əlavə edən həmkarımızın sözlərinə görə, səhiyyə sahəsində də irəliləyişlər var.
“Rayon xəstəxanası yenidən tikilib. Əhaliyə xidmətə gəlincə, Azərbaycanda səhiyyənin nə vəziyyətdə olduğu məlumdur. İnsanlara xidmət hər yerdə necədirsə, Kürdəmirdə də o vəziyyətdədir”.
Real Cəfərli söyləyib ki, icra başçısı mütləq həmin rayonu tanıyan adam olmalıdır.
“Kürdəmirin icra başçısı necə ildir burada işləyir. Əslində isə icra başçısı rayonu tanıyan biri, rayonun içindən çıxan şəxs olmalıdır. İcra başçıdan narazılığın olub olmadığını dəqiqi söyləyə bilmərəm”.
R.Cəfərli Kürdəmirdən seçilən deputatdan razılığın olduğunu qeyd edib:
“Deputatımız çox yaxşısdır. Hazırkı deputatımız əvvəlki 5 il müddətində də seçilmişdi. Rayon əhalisinin problemləri ilə maraqlanır.
Ümumiyyətlə, millət vəkilinin vəzifəsi su, yol çəkdirmək deyil. O sadəcə parlamentdə bu məsələləri qaldıra bilər və belədə işlərin görülməsi üçün büdcədən də vəsait ayrılar. Kürdəmirə də həmin vəsait ayrılır. Deputat insanların problemlərini çalışır həll etsin. Sakinlərin millət vəkilindən narazılığı yoxdur”.
Aytən ƏLİYEVA