Modern.az

Vəkil: “Bəxtiyar Hacıyevin adı 2010-cu ildə “N”saylı hərbi hissəyə göndərilib”

Vəkil: “Bəxtiyar Hacıyevin adı 2010-cu ildə “N”saylı hərbi hissəyə göndərilib”

Ölkə

5 Aprel 2011, 17:01

Əlaif Həsənov bildirir ki, bu şəxs tibbi komissiyadan keçib, amma onun hərbi hissədə qulluq etməsi təmin edilməyib

Hərbi xidmətdən yayınmaqda ittiham edilən Bəxtiyar Hacıyevin məhkəməsi aprelin 7-də keçiriləcək. Bu barədə onun vəkili Əlaif Həsənov Modern.az-a məlumat verib. Vəkilin sözlərinə görə, hakim Emin Axundovun sədrliyi ilə işə baxılacaq. “Biz orda iştirak edəcəyik və BəxtiyarHacıyev haqqında həbs qəti-imkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldıracağıq”-deyə vəkil əlavə edib.

Hüquqşünas Əlaif Həsənov həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevə qarşı  açılan cinayət işinin detallarını şərh edərkən bir sıra maraqlı məqamlara toxunub. O, Modern.az saytına açıqlamasında bildirib ki, müvəkkili Bəxtiyar Hacıyev heç vaxt hərbi xidmətdən boyun qaçırmayıb və ona qarşı belə ittiham irəli sürmək üçün heç kimin əlində əsaslı sübutu yoxdur:

“Məncə hər şey hüquq müstəvisində həll olunmalıdır. İstintaq sənədlərində yazılana görə, 2006-cı ildən etibarən Bəxtiyar Hacıyev könüllü olaraq hərbi həkim komissiyasından keçib. Hətta, 2010-cu ildə onun adı “N” saylı hərbi hissəyə göndərilib. Maraqlıdır ki, bu şəxs tibbi komissiyadan keçib, amma onun hərbi hissədə qulluq etməsi təmin edilməyib”.

Vəkil Ə.Həsənov qeyd edib ki, müvəkkilinə qarşı açılan cinayət işi böyük ictimai təhlükə törətməyən cinayətdir və bu baxımdan onun ilkin məhkəməyə qədər həbsi yol verilməzdir.

“Əgər bu böyük ictimai təhlükə törətməyən cinayətdirsə, onun ittiham olunduğu əməl də ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Bu şəxs barəsində cinayət işi əməl təsdiq olunduqdan sonra iki il müddətinə açıla bilərdi. Çox diqqət çəkən haldır ki, əgər bu şəxsin haqqında cinayət təqibi doğurdan başlamaq üçün yetərli əsaslar vardırsa, niyə 2007-ci ildən 2010-cu ilədək bu cinayət təqibi başlamamışdır”.

Vəkilin sözlərinə görə, qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdən sonra şəxs haqqında cinayət təqibinə yol verilmir.

“Bizim diqqətimizi birinci növbədə çəkən məqam budur. Hesab eləsək ki, Bəxtiyar Hacıyev doğurdan da hərbi xidmətdən yayınıb. Hərçənd ki, bunu biz inkar edirik. İndiki vəziyyətdə bu adamın haqqında 2006-cı ildə hərbi xidmətdən qaçması ilə bağlı cinayət təqibi başlamaq olmaz. Niyə, hansı əsasla onun haqqında cinayət təqibi başlanmalıdı”-deyə Ə.Həsənov qeyd edib.

Hüquqşünas B.Hacıyevin hərbi xidmətdən yayınmaq üçün Gürcüstanda təhsil alması ilə bağlı səslənən fikirlərə münasibət bildirib:

“Bəxtiyar Hacıyev heç bir dindirmədə və yaxud hansısa bir sənəddə yazmayıb ki, mən hal-hazırda Gürcüstanda təhsil alıram və xahiş edirəm ki, mənim təhsil almağımı nəzərə alasınız. Belə bir şey yoxdur. Sadəcə olaraq Bəxtiyar Hacıyev 2010-cu ildən etibarən müraciət edir ki, alternativ hərbi xidmət haqqında qanun var və mən xahiş edirəm ki, mənim alternativ hərbi xidmət haqqında təklifimi qəbul edəsiniz. Heç bir halda, heç bir yerdə bu qanun pozuntusu sayılmır. Doğurdan bizdə belə bir xidmət yoxdursa, bu dövlətin problemidir. Dövlət bu problemi vətəndaşın hesabına həll edə bilməz”.

Vəkil onu da qeyd edib ki, aparılan istintaq tədbirləri zamanı hərbi komissarlıq və polis əməkdaşları da dindirilib və B.Hacıyevin günahını təsdiqləyən heç bir ittiham irəli sürülməyib.

“Bunu təsdiqləyən sübut yoxdur ki, bu adam hərbi xidmətdən boyun qaçırıb. Problem bundadır ki, hərbi komissarlığın əməkdaşları dindirilib, polis əməkdaşları dindirilib heç bir yedə, heç bir kəs demir ki, Bəxtiyar hərbi xidmətdən boyun qaçırıb. Bu həbs sırf hüquqi prosedurlar əsasına aparılmırsa, qanunun zərurətindən irəli gəlmirsə, deməli bu ancaq siyasi həbsdir”.-deyə vəkil vurğulayıb.

Anar Rüstəmov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı