Goranboy rayonunun keçmiş baş həkimi, bu il martın 4-də saat 19.00 radələrində Goranboy Rayon Mərkəzi Xəstəxanasının həyətində meyiti tapılan və ölümü barədə müxtəlif iddialar irəli sürülən Faiq Abdullayevin anası Kimyə Abdullayeva Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova müraciət edib.
Tərtər rayonu Cəmilli kənd sakini, həm də şəhid anası K.Abdullayeva ərizəsində oğlunun intihar etməsinə inanmadığını, bu faciənin qaranlıq tərəflərinin açılmasına köməklik göstərilməsini xahiş edib.
Modern.az saytı şəhid anasının müraciətinin tam mətnini təqdim edir:
- Cənab Baş Prokuror, Sizin alicənablığınızı, vətənpərvərliyinizi və ən əsası yüksək səviyyəli hüquqşünas olduğunuzu nəzərə alaraq Sizə müraciət etmək məcburiyyətindəyəm.
Məlumat üçün bildirirəm ki, mənim bir oğlum – Abdullayev Natiq Yaqub oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həkim kimi iştirak etmiş və 1993-cü il yanvar ayının 16-da şəhid olmuşdur. Mən bir şəhid anası kimi oğlumun şəhidliyi ilə fəxr edirəm.
Cənab Baş Prokuror, Sizə müraciət etməkdə məqsədim ikinci oğlum Abdullayev Faiq Yaqub oğlu haqqındadır.
Oğlum Abdullayev Faiq Yaqub oğlu 1961-ci ildə Tərtər rayonu Cəmilli kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1968-1978-ci illərdə Cəmilli kənd orta məktəbində oxumuşdur. 1979-cu ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1985-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Goranboy Rayon Mərkəzi Xəstəxanasında cərrah kimi fəaliyyətə başlamışdır. Həkim kimi işlədiyi müddətdə rayon ictimaiyyəti arasında hörmət sahibi olmuşdur.
2003-cü ildə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilmişdir. 2010-cu ilə qədər həmin xəstəxananın baş həkimi vəzifəsində çalışmışdır. 2010-cu ildə tutduğu vəzifəsindən öz ərizəsi ilə azad edilmişdir.
2011-ci il mart ayının 4-də oğlum Faiq vaxtilə rəhbərlik etdiyi xəstəxananın həyətində müəmmalı şəkildə rəhmətə getmişdir.
Cənab Baş Prokuror, Respublika səviyyəsində gəzən söz-söhbətə görə, oğlum Faiq intihar etmişdir. Ancaq bir şəhid anası kimi oğlumun intihar etməsinə inanmıram. Çünki Faiqin nə təhsili, nə həyat tərzi, nə də ictimaiyyətdə tutduğu mövqeyi onun intihar etməsinə imkan verməzdi. Əgər oğlum Faiq həqiqətən intihar etmişdirsə, onda intiharetmə səbəblərinin qaranlıq tərəflərinin açılmasına Sizin birbaşa nəzarət etmənizi xahiş edirəm.
Cənab Baş Prokuror, hesab edirəm ki, bu işə düzgün hüquqi qiymət verilməsinə şəxsən nəzarət edəcəksiniz və daha yuxarı instansiyalara müraciət etməyə ehtiyac qalmayacaqdır.
İmza: Adullayeva Kimyə Üsüm qızı