
Azərbaycanın “Eurovision-2011” təmsilçiləri Eldar və Nigar müsabiqəyə hazırlıq proqramlarının növbəti mərhələsini başa vurub. Təmsilçilərimizin Almaniyanın Düsseldorf şəhərində mayın 10-da, müsabiqənin birinci yarımfinal mərhələsində ifa edəcəyi “Running Scared” mahnısının klip çəkilişləri artıq başa çatıb.
İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən Modern.az-a bildirilib ki,
klipin rejissoru Tarmo Krimdir. Tarmo Krim 2002-ci ildə Tallində keçirilən “Eurovision” Mahnı Müsabiqəsinin prodüseri olub. Müsabiqənin pərəstişkarı Tarmo Krim həmişə “Eurovison” mahnısına klip çəkməyi arzuladığını deyir. Eldar və Nigar isə bu cür tanınmış rejissorla işləməkdən çox sevindiklərini bildirir.
“Running Scared” mahnısının klipi romantik və həssas bir tarixçədən bəhs edir. Gözəl mənzərə və kadrlarla zəngin olan klipin çəkilişləri dəniz sahilində aparılıb.
Hazırda klipin montajının son tamamlanma işləri gedir. Eldar və Nigar isə Düsseldorf səhnəsindəki çıxışına və Avropa turnesinə hazırlaşır. “Eurovision” Mahnı Müsabiqəsinin Azərbaycanda çox populyar olduğunu deyən Eldar və Nigar qeyd ediblər ki, ölkəmiz bu mahnı müsabiqəsində həmişə yüksək səviyyədə təmsil olunub. “Bu il rəqiblər çox güclüdür. Biz qalib olmaq üçün var gücümüzlə çalışırıq”.
Klip geniş tamaşaçı auditoriyasına aprelin 11-də İctimai Televiziyada təqdim olunacaq.
Klip çəkilişlərindən franqmetləri bu linkdən izləyə bilərsiniz - //az.itv.az/eurovision2011/video/20068.html
Modern.az