Azərbaycanlı zabit Ramil Səfərovun Macarıstan paytaxtı Budapeştdə həbsdə saxlanılmasından 7 ildən çox, ona ömürlük həbs cəzasının kəsilməsindən isə bu gün düz 5 il keçir. 2004-cü il fevral ayının 19-da bu hadisə baş verərkən çox böyük səs-küyə səbəb oldu və daha sonralar 2006-cı ilin 13 aprelində Ramil haqsız olaraq ömürlük həbs cəzası alarkən nədənsə başqa faktorlar yox, məhz bu “səs-küy”ün zabitimizin ömrünü məhv etməsi versiyası ən çox müzakirə olunan mövzu oldu.
Hadisədən xeyli vaxt keçib, amma bu gün məhz 13 aprel tarixidi deyə məsələni yenidən xatırlamaq, bəzi məqamlara toxunmaq istədik. Axı biz xüsusi günləri rutinə çevirməyi özünə müqəddəs vəzifə bilən millətik...
Hadisə iki gənc arasında baş vermişdi- biri Azərbaycan türkü, digəri erməni. Məsələyə bu cür giriş çox sadə və adi görünə bilər, amma elə əslində bütün məsələnin kökü bundan ibarətdi. Ramil həyatında ilk dəfə deyildi ki, bir erməniylə qarşılaşırdı. Onun bu millətin nümayəndələri ilə ilk tanışlığı müharibədən başlamışdı. Yaxınlarının işgəncəylə öldürüldüyü bir müharibə ilk tanışlıq üçün heç də xoş vəziyyət deyil və hətta insanın alt şüurunda çox dərin, həm də silinməz yaralara yol aça bilər.
Ramil 15 yaşından Azərbaycandan uzaqda yaşayırdı və təhsil alırdı, deməli onun hansısa erməniylə qarşılaşmamaq ehtimalı sıfıra bərabərdi. Belə bir sual yarana bilər ki, “Ramil niyə belə bir hadisəni Türkiyədə, özü də müharibə xatirələri soyumamış, insan yaşının ən çılğın sayılan yeniyetməlik və erkən gənclik dövründə deyil, yetkin bir zabit olaraq getdiyi Avropa ölkəsində, Vətənə dönməyinə bir aydan da az zaman qalarkən törətdi?” Deməli, məntiqi olaraq, problem tək azərbaycanlı zabitin təhtəlşüurunda deyil, həm də erməni zabitin əxlaq və davranışlarında olub. Hansı ki, bu əxlaq və davranışlar barədə Ramil məhkəmə zamanı ümumi məlumat vermişdi və Ramillə birgə təhsil alan başqa bir zabitlə söhbət zamanı anladıq ki, Ramil əslində məhkəmə vaxtı heç də hər şeyi deməyib. Bəlkə də, bu hərəkətlər haqqında danışmağı o öz əxlaqına, şəxsiyyətinə sığışdırmayıb.
Digər tərəf olan Qurgen Markaryan haqda məlumatları araşdırarkən, bu davranışlar heç də qəribə gəlmədi. Bu gənc hərb təhsili almamışdı. “Yerevan Dövlət Universiteti”nin mühəndislik fakültəsini pis-yaxşı bitirdikdən sonra öz ixtisası üzrə iş tapmaq çətinliyindən orduya gəlmişdi. Qısacası bu gəncdə “hərbçi mədəniyyəti” deyilən anlayış sıfıra bərabər idi və ömrünü hərbi təhsilə, dövlətçilik prinsiplərinin yaşadılmasına həsr etmiş bir hərbçinin bayrağını, şəhidlərini təhqir etməyin ağırlığını dərk eləmirdi, eləcə də bunun nə ilə nəticələnə biləcəyi barədə təsəvvürə malik deyildi. Doğulduğu gündən türkə qarşı nifrətlə tərbiyə edilən, utopik ideologiyaların əsirinə çevrilmiş bu cür erməni gənclər adətən ən kiçik fürsətdə belə hansısa türkü incitməyi, əsəbiləşdirməyi, təhqir etməyi özünə milli borc və şərəf bilir. Qurgenin Ramilə qarşı etdiyi, hələ çoxlarının bilmədiyi cılız, qeyri-etik hərəkətlər, eləcə də böyük milli təhqirlər və psixoloji hücumlar da bu cür psixologiyanın nəticəsi idi.
Məhkəmə proseslərinə gəlincə, təkcə məhkəmə ekspertizaları (hansı ki, ömürlük həbs cəzası həmin ekspertizaların nəticəsi olaraq verilib) barədə olan fakt hər şeyi açıq şəkildə ortaya qoyur.
Birincisi; Avropa hüquq tarixində çox nadir hallarda rast gəlinən hadisə baş verdi: 4 dəfə ekspertizanın keçirilməsi. Normal olaraq maksimum üç dəfə ekspertiza keçirilə bilər və ilk üç ekspertizadan ikisi Ramilin lehinə olduğundan, növbəti-dördüncü ekspertiza təyin olundu.
İkincisi; Dörd ekspertizanın ikisi (sonuncu qanunsuz ekspertiza daxil olmaqla) eyni ekspert tərəfindən həyata keçirildi (məntiqlə eyni insan tərəfindən keçirildiyinə görə nəticə də eyni olmalı, daha doğrusu eyni göstərilməli idi) və Ramilin lehinə olan digər iki müxtəlif ekspertiza deyil, məhz onun əleyhinə olan bu saxta ekspertiza rəyləri əsas götürülərək ona ömürlük həbs cəzası verildi.
Üçüncüsü; İnsan taleyini həll edən məsələ olan ekspertiza həmin insanın bilmədiyi dildə keçirilərək, rəsmi qəbul olundu.
Bu qədər anormal bir prosesin, hakimin və ekspertin rüşvətlə ələ alınmadığına kim qarantiya verə bilər?
Bu hadisəylə bağlı qızğın müzakirələr dövrünü geridə qoymuşuq və bu müzakirələri yenidən başlatmağa da heç bir ehtiyac yoxdu. Amma bəzi məqamlar var ki, hələ də insanı narahat edir. Yuxarıda qeyd etdiyimiz kimi, Ramil düz 5 il öncə haqsız qərarla üz-üzə qalarkən ilk qınaq cəmiyyətə yönəldi: “Çox səs-küy etdiniz, indi cəzasını zabitiniz çəkəcək!”
Bunu deyən xanımlar və cənablar, lütfən bir anlıq ittiham etdiyiniz vəziyyətin əksini təsəvvür edin: “Milli təhqir zəmnində bir azərbaycanlı bir ermənini öldürüb və cəmiyyət bunu çox sakit, biganə qarşılayır”- Əminik ki, özünü hamıdan ağıllı hesab edən sizlər, o zaman da “milli qeyrət və ləyaqət hissi məhv olub” deyə car çəkib, vətən(şüvən)pərvərlik edəcəkdiniz. Axı dünya tarixində hansı millət belə məsələlərə qarşı susqun olub ki? Düzdü, sizlər Ramili soyuqqanlı olmamaqda ittiham edə bilərsiniz, bu sizin şəxsi fikrinizdi və hardasa haqlı olduğunuz məqam var. Amma Ramilə qarşı çevrilmiş ittihamlarınızı dünyaya car çəkərkən kənardan kimin tərəfində göründüyünüz və bunun ölkəyə hansı mənfi təsirlər etdiyinizin fərqindəydinizmi?
Fransa parlamentinin deputatı, Fransanın Antoni şəhərinin keçmiş meri, erməni əsilli vəkil Patrik Devecyana jurnalist müsahibə zamanı “Axı niyə dünyaca məşhur terror təşkilatının dinc türk diplomatlarını qətlə yetirən, Avropa ölkələrində terror aksiyaları həyata keçirən üzvlərinə vəkillik edirsiniz?” sualına “Bilirsinizmi, buna siz terror deyirsiniz, mən isə özünü müdafiə deyirəm və o gənclər mənim xalqımın ləyaqət hissini özünə qaytarıblar. Həm də axı mən hakim deyiləm, vəkiləm. Mənim işim onları ittiham etmək deyil, müdafiə etməkdi” deyə cavab vermişdi.
Bəli cənablar, siz Ramili müdafiə etməyə bilərdiniz, buna görə heç kim sizi qınaya bilməzdi. Amma onu ittiham etməyə, zabitimizin başına hakim kəsilməyə haqqınız yox idi!
Avropada terror hadisəsi törədərək dinc sakinlərin və türk diplomatların həyatına son qoyan ermənilər qəhrəman kimi qarşılanır, onların şərəfinə heykəllər ucaldılır, adlarına küçə, məktəb, xiyabanlar.... Bütün bu “səs-küy”ün qarşılığında o terrorçular heç bir il çəkməyən məhkəmə proseslərindən uzağı 15 il cəza alaraq “qurtulurdu”lar.
Əzizlərim, erməni qüvvələri qarşısındakı gücsüzlüyümüzün acı nəticəsini, öhdəsindən gələ bilmədiyimiz işin günahını millətin saf sevgisinin (p.s: hansı ki adına “səs-küy” qoymuşduq) üzərinə atmayaq. Hansısa siyasətçinin, vəzifəli şəxsin nəticəni düşünmədən, önə çıxaraq məsuliyyətsiz ittihamlar yağdırması anormal olduğu qədər, millətin çılğın reaksiyası normal idi.
Amma indi bütün bunları müzakirə etmək yersiz və mənasızdı. Sadəcə rutin xatirinə xatırladım və xatırlatdım, axı bu gün aprelin 13-dü...
Bəlkə də gün gələcək haqq-ədalət öz yerini tapacaq. Ramil sözün əsl mənasında layiq olduğu cəzanı alacaq. Tanrı özü onun yardımçısı olsun, güc və səbr versin...
P.S. Məqaləni Ramil Səfərov haqqında həqiqətləri yayan saytın rəhbərliyi yazıb