Zəng vuruldu. Məktəbin dəhlizində tənəffüs zamanı yaranan səs-küy yavaş-yavaş azalmağa başladı. Arabir eşidilən səslər də artıq kəsildi. Sanki bir səssizlik yarandı. Qubadlının işğal günü olduğundan bayaqdan bəri Flora müəllimənin halı heç yaxşı deyildi. Vətənindən uzaq düşən bu insan daim nisgil içərisində nə zamansa Həkərinin çaldığı laylaya qulaq asıb Bərgüşadın sahillərində yenidən gəzəcəyini xəyal edirdi. Bu gün isə Qubadlının işğal günü idi. Flora müəllimə bir daha kəndlərini necə tərk etdiklərini xatırladı. Arxada qoyub gəldiyi ev-eşiyi yadına düşdü. Bir anlıq da olsa gözləri yaşardı. Amma birdən ətrafda səsizliyi duydu. Fikir onu o qədər bürümüşdü ki, dərsə girmədiyinin fərqinə varmamışdı. Tələsik müəllimlər otağını tərk edib sinfə tərəf getdi. 11-ci sinfə dərsi var idi. Nəzərində saxlamışdı ki, dərsin ortasında şagirdlərə bir az işğal olunmuş torpaqlar barədə məlumat versin. Necə də olsa Coğrafiya dərsi idi. Ən azı xəritədə həmin rayonları tez-tez şagirdlərə göstərirdi.
Sinfə girəndə sanki bayaqkı səssizlik bir anın içində yox oldu. Müəllimin olmadığını görən şagirdlər öz işlərində idilər. Ancaq Flora müəllimənin dərsi həmişə maraqlı olurdu. Dərsi elə izah edirdi ki, bəzən şagirdlər tənəffüsə də çıxmaq istəmirdilər. Köhnə dərsi soruşdu. Bir neçə nəfəri qiymətləndirdi. Yeni dərsin mövzusu isə Azərbaycanda yaşayan müxtəlif xalqlar və millətlər idi. Elə qısaca olaraq bunu izah edib tezcənə işğal olunmuş torpaqlar mövzusuna keçmək istəyirdi. Lakin...
- Uşaqlar deyin görüm ölkəmizdə hansı azsaylı xalqların, millətlərin nümayəndələri yaşayır?
Müəllimin sualını tez cavablandırmaq üçün əllər havaya qalxdı.
- Müəllim mən deyim, müəllim mən deyim...
- Səbinə sən cavab ver.
- Müəllim ölkəmizdə çoxlu azsaylı xalqlar var. Məsələn, talışlar, ləzgilər, tatlar, qaçqınlar...
Flora müəllimə sonuncu sözü eşidəndə duruxdu.
- Qaraçılar?
- Yox e müəllim qaçqınları deyirəm...
- Qızım bəlkə səhv salırsan qaraçılar demək istəyirsən?
Flora müəllimə hələ də qulaqlarına inanmaq istəmirdi.
- Müəllimə qaraçılar da var, qaçqınlar da...
- Qızım qaçqınlar hansı millətdir?
- Müəllimə onlar çadırlarda yaşayırlar, pis gündə olurlar, yad millətdi, özü də bizim ölkəmizə təzə gəliblər.
Flora müəllimə qulaqlarına inanmaq istəmirdi. Axı necə olur ki, 11-ci sinfin şagirdi qaçqınları yad millət hesab edir. Onun gözləri 3-cü partada oturmuş Kənan və Rəna adlı bacı və qardaşa sataşdı. Onlar Kəlbəcərdən qaçqın düşmüşdülər. Gözlərindəki ifadədən müəllimə bu nə deyir? Sözləri oxunurdu.
Flora müəllimə Kənan və Rənaya baxdı.
- Kənan, Rəna gəlin lövhənin qarşısına.
Uşaqlar sinfin önünə çıxdılar. Flora müəllimə onların ortasında dayandı. Üzünü birbaşa Səbinəyə dikib sakitcə səslə dedi:
- Səbinə qızım qaçqın bizik, o yad millət dediyin elə müəllimənin özüdür.
Bu sözlərin fonunda onun gözlərindən yaş axdı...