Modern.az

Yaşıllıqları qorumaq üçün mobil tətbiq istifadəyə verilib

Yaşıllıqları qorumaq üçün mobil tətbiq istifadəyə verilib

Ölkə

Bu gün, 18:44

Yaşıllıqların mühafizəsinə dəstək məqsədi ilə yeni mobil tətbiq yaradılıb.

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə IDEA və nazirlik tərəfindən 2022-ci ildən birgə həyata keçirilən layihə çərçivəsində hazırlanmış mobil tətbiq vətəndaşlara ağaclar haqqında məlumat əldə etmək, həmçinin onların mühafizəsində birbaşa iştirak etmək imkanı verir.

Layihə çərçivəsində ölkə üzrə 212 mindən çox ağacın hər birinə fərdi QR kodlu nişan vurulub. Nişanlama zamanı ağacların yeri, növü, ölçüləri və mövcud vəziyyəti barədə məlumatlar elektron sistemə daxil edilib.

İstifadəçilər ağacların yerini interaktiv xəritədə görə və QR kodu oxudaraq müvafiq ağacın rəqəmsal məlumat kartına baxa bilərlər.

Ağacın quruduğunu, zədələndiyini və ya qulluğa ehtiyacı olduğunu müşahidə edən vətəndaşlar tətbiq vasitəsilə fotoşəkil əlavə edərək Nazirliyə məlumat göndərə bilərlər. Bu imkan qulluq tələb edən ağacların vaxtında müəyyənləşdirilməsinə, yaşıllıqların mühafizəsi üzrə görülən işlərin şəffaflığının artırılmasına və bu sahədə ictimai nəzarətin gücləndirilməsinə şərait yaradır.

Rəqəmsal uçotun interaktiv xəritə və ictimai iştirak imkanları ilə birləşdirilməsi şəhər yaşıllıqlarının idarə olunması üzrə qabaqcıl beynəlxalq təcrübəyə uyğundur. Sistemdə toplanan məlumatlar gələcəkdə süni intellektdən istifadə etməklə ağacların vəziyyətindəki dəyişiklikləri təhlil etmək, riskləri erkən müəyyənləşdirmək və qulluq tədbirlərini planlaşdırmaq üçün əsas yaradır.

"agac.az" mobil tətbiqi hazırda iPhone istifadəçiləri üçün App Store-da əlçatandır.

Qeyd edək ki, sözügedən layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü əsasında reallaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı