Modern.az

Təhsildə vergi mədəniyyəti...

Təhsildə vergi mədəniyyəti...

Ölkə

12 Noyabr 2009, 15:58

Azərbaycanda müstəqillik əldə ediləndən dövlət büdcəsi anlamına baxış dəyişidi. O gündən büdcə ölkədaxili mənbələr hesabına formalaşır və eyni zamanda ölkədaxili xərclərə sərf edilir. Bu gün demək olar ki, hər bir vətəndaş ölkəsinin dövlət büdcəsinin bir-iki sözlə ifadə olunan ümumi gəlir və ümumi xərc göstəricisini söyləyə, əsas xərc istiqamətlərini sadalaya bilir. Hətta sıravi vətəndaşdan büdcənin gəlir mənbələrindən birinin adını soruşsaq, heç düçünmədən cavab verəcək ki, bu, vergidir. Bu normaldır. Amma hər şey söylənilən kimi bəsit, görünən kimi sadə deyil. Tək bir illik büdcəon minlərlə sahibkar-ödəyicinin fəaliyyət göstərməsi, yüz minlərlə vətəndaşa maaş və təqaüd verilməsi, milyonlarla dəyəri olan infrastukturların inşası və ən əsası milyard manatlarla ölçülən gəlirlərin və xərclərin dövriyyələrinə yüzlərlə vergi xidməti işçisinin müntəzəm nəzarət etməsi deməkdir. Bu nəzarət həm də illər ötdükcə, vətəndaşlara vergi mədəniyyətini aşılayır ki, heç kəs gəlirini gizlətməyə meylli olmasın, hər bir kəs gəlirindən tutulan verginin xərclənəcək istiqamətlərindən məlumatlı olsun. Indi toxunacağım mövzu – vergidən yayınma halı daha çox müşahidə oluna bilən sahələrdən biri barədə - repitorluqla bağlı olacaq.

Bu gün ölkəmizdə repetitorluq olduqca geniş yayılmış qazanc mənbəyidir. Son dövrlər isə bu işlə məşğul olanların sayı xeyli artıb. Buna bir tərəfdən müəllimlərin maaşının azlığı, digər tərəfdən isə məktəblərdə dərslərin zəifliyi səbəb olur. Öncə repititorluqla məşğul olan bir neçə müəllimə verdiyim suala, onların cavablarına nəzər yetirək. Hər bir opponentə isə ilk sualım belə oldu: “Repititorluq fəaliyyətindən əldə edilən gəlirinizə görə vergi ödəyirisinizmi?”

“Məktəbdə işləyirəm, çəkdiyim zəhmətimin qarşılığında  isə az maaş alıram. Ona görə əlavə işlə- repetitorluqla məşğul oluram. Əgər qazandığım pulu vergiyə verməliyəmsə, daha özümə niyə əziyyət verirəm”. İngilis-dili müəllimi Lalə xanım repetitorluqdan əldə etdiyi puldan əlavə vergi verməyə razı deyil. Riyaziyyat fənni üzrə müəllimə - repetitor Bənovşə Məhərrəmova da repetitorluqdan olan gəlirindən  vergi ödənilməsinə narazılığını bildirdi: “Əgər dövlət müəllimlər üçün hansısa güzəştlər etsəydi. mən də qazandığım pulun müəyyən miqdarını vergiyə verərdim. Lakin öz evimdə dövlətə heç bir ziyan vermədən uşaq hazırlaşdırıram. İşığı özümdən işlədirəm, avadanlıqları özüm alıram, özüm də əzziyyət çəkib əlavə saat keçirəm. Belə olan təqdirdə hələ də vergi verməliyəm?”.

Hazırlıq kursları kimi tanıdığımız stasionar repetitor məkanlarında müvafiq peşə ilə məşğul olan müəllim heyətinin fikirləri nisbətən fərqli oldu.

Kurslardan vergi alınmasının ləğvini istəyən “Magistr” təhsil mərkəzinin rəhbəri Müşfiq Əliyev bildirdi ki, xaricdə təhsilə milyard dollarla büdcə ayrılır, lakin bizdə isə təhsil sahəsinin əlində olan pulu vergiyə cəlb etmək yaxşı deyil: “Azərbaycanı hər sahədə  inkişaf etdirmək üçün savadlı kadrlara ehtiyac var, bunun üçün isə dövlət təhsilə kömək etməlidir, daha əksini yox”. Müşfiq Əliyevdən fərqli olaraq “Window On The World” kursunun rəhbəri Nurlan Məhərrəmov rübdə bir dəfə gəlirinin 2 faizi həcmində vergi verir: “60-ə yaxın abituriyentim olur, onlardan üç ay ərzində 4500 manat gəlirim olur ki, buna görə 90 manat vergi verirəm”

Müsahiblərimlə  söhbətdən də aydın olur ki, stasionar hazırlıq kursları  aidiyyatı dövlət orqanlarında qeydiyyatdan keçdiklərindən bu kurslarda çalışan müəllim heyəti gəlirlərinin vergiyə nə üçün cəlb edilməsindən və bunun əhəmiyyətindən məlumatlıdırlar. Hətta, onlar ödədikləri verginin məbləğinin də bəyan olunmasından fərəhlə söhbət edirdilər. Fərdi repetitorlar isə nəinki gizli qazancları, heç bu məşğuliyyətləri barədə belə söhbət etməyə çox həvəs göstərmirlər. Nədən belə olur? Cavab sadədir: təhsil sahəsində vergi mədəniyyəti hələ tam formalaşmayıb.

Repetitorların qazandiqları pulun həcmində verəcəkləri verginin əslində elə də böyük olmadığını qeyd edən iqtisadçı- ekspert Zöhrab İsmayıl bildirdi ki, onların gəlirləri sadələşdirilmiş vergiyə uyğunlaşdırılmalıdır: “Repetitorların hər biri öz yaşadığı ərazinin dairə vergi orqanında uçota durmalı, göstərdiyi xidmət müqabilində aldıqları pulun Bakı üçün 4 faizi, digər ərazilər üçün 2 faizi həcmində vergi verməlidir. Həm də sosial sığortaya da 15 manat ödənməlidir ki, bu da repetitorun gələcək pensiya təminatı üçün önəmlidir.”

Kurslarla da bağlı problemlərin olduğunu vurğulayan Z.İsmayıl onlarin da vergidən yayındığını, tələbələri, aldıqları pulların miqdarını az göstərdiyini və ya qeydiyyata almadıqlarını bildirdi: “Bir çox kursların aldıqları məbləğ 4 faiz sadələşdirilmiş vergi limitindən yuxarı olur və buna görə onlar artıq əlavə dəyər vergisi kateqoriyasına düşməlidirlər”.

“Hələ ki dövlətin öz gəlirləri var, repetitorlardan vergi alınması işinə elə də ciddi yanaşmırlar, lakin onların vergiyə cəlb olunması nə vaxtsa həyata keçirilməlidir və bunun üçünd ə xüsusi bir qanuna ehtiyac yoxdur” deyən Zöhrab İsmayıl bunun yaxın gələcəkdə tətbiq oluna biləcəyini də bildirib.

Bu gün təhsil sistemində vergi maarifləndirməsinə də xüsusi yer verilib. Vergilər Nazirliyi yaranandan məktəblərdə 3-cü sinifdən başlayaraq vergi fənni üzrə dərs saatları ayrılıb. Bu, gələcək nəslin intizamlı vergi ödəyicisi olmasına gətirib çıxaracaq. Yəni riyazi hesabla 2001-ci ildə 3-cü sinifdə oxuyan 9 yaşlı şagird indi artıq yaşı həddi buluğa çatmış gənc ödəyicidir. Deməli, təqribən bu ildən başlayaraq  qeydiyyata duran sahibkarlar vergi barədə daha çox məlumatı olan intizamlı ödəyicilər olacaqlar. Bundan savayı, Azərbaycan Dövlət İqtisad Universitetində Vergi İşinin Təşkili və İdaretməsi fakultəsinin fəaliyyətə başlaması da ixtisasca daha savadlı vergi işçiləri ehtiyatının yaranacağından xəbər verir.

Bu gün Azərbaycan Respublikasının büdcəsinin çox hissəsi haçansa tükənə biləcək sərvət sayılan neft gəlirləri hesabına formalaşır. Əgər hökumətimiz təbiətin bizə verdiyi fürsətdən çox səmərəli istifadə edib, bir tərəfdən sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaratmaqla, infrastrukturlar inşa edirsə, digər tərəfdən vergi mədəniyyəti formalaşdırırsa, bu yalnız bizim və gələcəyimizin xeyrinədir. Buna görə də hər kəs öhdəsinə düşən vəzifələri elə bu gün yerinə yetirməlidir ki, gələcəkdə pensiya və maaşların verilməsi üçün hökümətdə problemlər yaranmasın. Xalq deyiminə çevrilmiş cümlədə olduğu kimi - “Vətənə sevgi, dövlətə vergi” gərəkdir.     Aytə Əliyeva 

BDU-nun Jurnalistika fakültəsinin 4-cü kurs

tələbəsi Məqalə Regionların  İnkişafı İctimai Birliyinin elan etdiyi müsabiqəyə təqdim olunur

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?