Modern.az

Su ehtiyatları tələbatı ödəməyə bilər - DEPUTAT

Su ehtiyatları tələbatı ödəməyə bilər - DEPUTAT

Ölkə

Bu gün, 17:14

Yaz aylarında yağan intensiv yağışlar və Kür çayında su səviyyəsinin artması kənd təsərrüfatı üçün müəyyən ümidlər yaratsa da, fermerlər yay mövsümündə yenidən su qıtlığı yaşana biləcəyindən narahatdırlar. Xüsusilə son illərdə iqlim dəyişiklikləri, isti hava şəraiti və əkin sahələrinin genişlənməsi suya tələbatı daha da artırıb.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bu il yağıntıların çox olması su ehtiyatları baxımından müsbət imkanlar yaradıb:

“Bu il intensiv yağışların yağması su qıtlığında ehtiyatın təmin olunması üçün yaxşı imkanlar yaradıb, həm də müəyyən hallarda kənd təsərrüfatı üçün faydalıdır. Çünki taxıl, pambıq sahələri yaxşı suvarıldı. Heyvandarlıq üçün yaxşı imkanlar var".

Deputat qeyd edib ki, hava şəraitindən asılı olmayaraq dövlət su təminatı ilə bağlı qabaqlayıcı tədbirlər görür:

“Hər yay müəyyən çətinliklər yaranır. Ancaq son illər müəyyən qaydada problemlər aradan qaldırılıb. Elə ciddi bir çətinlik yaranmır. Bu da işğaldan sonra ərazilərdə müəyyən su hövzələrinə, anbarlara suyun yığılması və sudan daha səmərəli istifadə olunması ilə əlaqədardır”.

Tahir Rzayev vurğulayıb ki, Azərbaycanda su qıtlığı riskinin əsas səbəblərindən biri ölkənin su ehtiyatlarının məhdud olmasıdır:

“Biz hardasa 60-70 faiz suyu kənardan alırıq. Digər tərəfdən əvvəlki illərlə müqayisədə əkin sahələri artıb. Pambıqçılıq, taxılçılıq, üzümçülük və digər sahələr inkişaf edir. Bu da suya ehtiyacı artırır”.

Komitə sədri hesab edir ki, problemin həlli üçün sudan daha səmərəli istifadə və müasir texnologiyaların tətbiqi vacibdir:

“Su itkisinə yol verilməməlidir. Bəzən elə olur ki, hər hansı əkin sahəsinə su tələb olunmur, amma yenə də suvarılır. Bu isə itkidir. Sahələrin suya tələbatı dəqiq öyrənilməlidir”.

Deputat əlavə edib ki, hazırkı müşahidələr kənd təsərrüfatı baxımından ilin uğurlu keçəcəyini deməyə əsas verir:

“Rayonlarda artıq yaxşı taxıl var. Pambıq səpini uğurla gedir. Heyvandarlıq üçün imkanlar yaranıb. Digər sahələrdə də müəyyən irəliləyişlər var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?