Modern.az

Şuşadan Lerikədək: kanat yolları turizmə nə vəd edir?

Şuşadan Lerikədək: kanat yolları turizmə nə vəd edir?

Ölkə

Bu gün, 15:58

Balakəndə kanat yolunun inşasına başlanılması bölgənin turizm imkanlarının genişləndirilməsi baxımından diqqət çəkən addımlardan biri hesab olunur. Belə ki, son illər Azərbaycanın müxtəlif dağlıq və turizm potensialı yüksək olan ərazilərində bu cür layihələrin həyata keçirilməsi həm turist axınının artırılması, həm də nəqliyyat baxımından əlçatanlığın yaxşılaşdırılması məqsədi daşıyır. Bunun nəticəsidir ki, Balakəndə artıq mövcud kanat yolunun söküntüsü həyata keçirilir. İlkin mərhələdə kanat xəttinin troslarının, aşağı və yuxarı terminalların bütün texnoloji və elektrik avadanlıqları demontaj edilib. 

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev qeyd edib ki, ümumi olaraq kanat yolları artıq bir neçə ildir geniş tətbiq olunur.

"Bu layihələr Balakəndən başqa Qəbələ, Şahdağ və Qusar rayonunda, eləcə də Naxçıvanın Şahbuz rayonunda mövcuddur. Son dövrlərdə isə Laçın və Şuşa-Xankəndi istiqamətində də kanat yolunun qurulması gündəmdədir.

Bu məsələyə ciddi təhlillər əsasında yanaşılmalıdır. Kanat yolları əsasən dağlıq relyefə malik ərazilərdə qurula bilər. Amma ilk növbədə buna ehtiyacın olub-olmadığı və əgər ehtiyac varsa, bunun hansı zərurətdən yarandığı müəyyənləşdirilməlidir. Əgər söhbət turizm bölgəsindən gedirsə, həmin ərazidə kanat yolunu tamamlayan dəstəkləyici infrastruktur da yaradılmalıdır".

Ekspertin sözlərinə görə, həmin məkana aparan avtomobil və dəmir yollarının vəziyyəti də nəzərə alınmalıdır:

"Bundan sonra sərt relyefli ərazilərdə kanat yolunun qurulması daha məqsədəuyğun hesab oluna bilər. Azərbaycanda hələ XIX əsrin sonlarında Daşkəsəndə sənaye məqsədilə kanat yolu qurulmuşdu. Bu baxımdan belə layihələr təkcə nəqliyyat deyil, həm də turizm baxımından dəyərləndirilə bilər.

Düşünürəm ki, Tovuz-Gədəbəy-Daşkəsən istiqamətində, Kəlbəcərin müəyyən hissələrində, eləcə də Talış dağlarının Lənkəran-Lerik-Yardımlı-Astara istiqamətində belə marşrutların yaradılması mümkündür. Amma bütün hallarda bu layihələr ciddi təhlil olunmalıdır".

R.Ağamirzəyev həmçinin vurğulayıb ki, ilk növbədə, bu cür layihələrin regiona nə verəcəyi araşdırılmalıdır:

"Turist axını baxımından kanat yolları xüsusilə turizm bölgələrində daha effektiv ola bilər. Bununla yanaşı, bəzi şəhərlərdə kanat yollarından nəqliyyat növü kimi də istifadə olunur. Nümunə olaraq, Şuşa ilə Laçın arasında qurulacaq kanat yolu nəqliyyat funksiyası daşıya və məsafəni təxminən 6 dəqiqəyə qət etmək imkanı yaradacaq. 

Bu baxımdan kanat yollarına rayonlararası nəqliyyat vasitəsi kimi də baxmaq mümkündür. Hazırda bu istiqamətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müəyyən işlər aparır. Düşünürəm ki, ciddi təhlillərdən sonra uyğun istiqamətlər və bölgələr üzrə yeni layihələrin icrası mümkün ola bilər".

Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov isə bildirib ki, Balakəndə kanat yolunun inşası ilə bağlı məsələ artıq qaldırılıb və layihənin həyata keçirilməsinə başlanılır.

"Ümumiyyətlə, kanat yolları əsasən dağlıq regionlar üçün daha aktual hesab olunur. Bu cür layihələr həm nəqliyyat vasitəsi, həm də turizm infrastrukturu baxımından mühüm əhəmiyyət daşıyır. Dağlıq və relyefi mürəkkəb olan ərazilərdə insanların bir məntəqədən digərinə rahat və qısa müddətdə hərəkət etməsi üçün ən əlverişli nəqliyyat vasitələrindən biri məhz kanat yollarıdır".

Mütəxəssis əlavə edib ki, eyni zamanda kanat yolları turizm attraksionu kimi də böyük maraq doğurur.

"Panoramik görüntülər, rahat hərəkət imkanı və fərqli səyahət təcrübəsi turistlərin diqqətini cəlb edir. Bu isə həmin ərazilərdə turizmin inkişafına, ticarət obyektlərinin fəaliyyətinin genişlənməsinə, yerli məhsulların satışına və ümumilikdə iqtisadi aktivliyin artmasına müsbət təsir göstərir. Turistlərin vaxtlarını daha səmərəli keçirməsi, bölgənin təbiətini və görməli yerlərini daha rahat şəkildə kəşf etməsi baxımından da kanat yolları mühüm rol oynayır.

Bu baxımdan Qəbələ, Kəlbəcər, Laçın kimi dağlıq bölgələrdə belə layihələrin həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Kanat yolları turistlərin ərazi ilə daha yaxından tanış olmasına və bölgələrin turizm potensialının daha effektiv şəkildə təqdim edilməsinə imkan yaradır".

C.Aşurov həmçinin dağlıq ərazilərdə bu tip layihələrin genişləndirilməsi vacibliyinə də diqqət çəkib:

"Xankəndi ilə Şuşanı birləşdirəcək kanat yolu layihəsinin nəzərdə tutulduğu ilə bağlı da əvvəllər mediada məlumatlar yayılmışdı. Bu kimi layihələr insanların həmin ərazilərə daha rahat səfər etməsinə, vaxtdan daha səmərəli istifadə etməsinə və regionların turizm cəlbediciliyinin artmasına mühüm töhfə verir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?