Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq istefa verib. Onun Keir Starmerin rəhbərliyinə namizəd ola biləcəyi ilə bağlı iddialar da gündəmdədir.
Modern.az xəbər verir ki, Stritinq istefa məktubunda Baş nazir Starmerin liderliyinə “inamını itirdiyini” bildirib. O qeyd edib ki, belə bir şəraitdə hökumətdə qalmaq “şərəfsiz və prinsipsiz addım” olardı.
Keçmiş nazir ötən həftə keçirilən seçkilərin nəticələrini həm məğlubiyyətin miqyası, həm də siyasi nəticələri baxımından “misli görünməmiş” adlandırıb. Onun sözlərinə görə, Böyük Britaniyada mütərəqqi seçicilər artıq Leyborist Partiyasının ölkəyə ümid verə biləcəyinə əvvəlki kimi inanmırlar.
Streeting hazırkı hökumətin populyarlığını itirməsinin səbəbləri sırasında qış yanacağı üçün ayrılan müavinətin azaldılmasını və Starmerin 2025-ci ilin mayında etdiyi “yadlar adası” çıxışını xüsusi qeyd edib.
O, məktubunda Baş nazirə müraciətlə yazıb:
“Deputatlar da daxil olmaqla, həmkarlarınıza qulaq asmalısınız. Fərqli fikirlərə qarşı sərt yanaşma siyasətimizi zəiflədir”.
Stritinq həmçinin bildirib ki, artıq Starmerin Leyborist Partiyasını növbəti parlament seçkilərinə aparmayacağı aydın görünür və partiyanın gələcəyi ilə bağlı debatların “mümkün olan ən güclü namizədlərlə” aparılması vacibdir.
Keçmiş səhiyyə naziri vəzifədə çalışdığı dövrü isə “həyatının ən böyük qüruru” adlandırıb. O qeyd edib ki, National Health Service (NHS) hazırda “bərpa yolundadır”, lakin görüləsi işlərin hələ çox olduğunu vurğulayıb.