“Mənim əvvəllər Surət Hüseynovla münasibətim rəsmi qaydada olub. O, məndən 16-17 yaş kiçidir. Müharibənin real getdiyi 1992-ci ildə o da öz mövqeyində, imkan daxilində ordumuzun irəli getməsi imkanlarından istifadə edirdi. Daha sonra mən istefa verərək, hakimiyyətdən uzaqlaşdım”.
Bu sözləri Modern.az-a açıqlamasında sabiq müdafiə nazir Rəhim Qazıyev eks-baş nazir Surət Hüseynovla hazırda əlaqələrinin olub-olmamasından danışarkən deyib.
R.Qazıyev bildirib ki, AXC hakimiyyətindən getdikdən sonra mərhum dövlət başçısı Heydər Əliyev ona vəzifə təklif edib.
“Mən isə bu təklifi qəbul etmədim. 2005-ci ildə həbsdən azad olunanda Surət Hüseynov mənə zəng etmişdi. O, mənə dedi ki, “həmişə evdə-eşikdə”. Daha sonra isə Surət Hüseynovun anası və qardaşı rəhmətə gedəndə yoldaşların köməkliyilə telefon nömrəsini tapıb, ona zəng vurdum, başsağlığı verdim. Bundan başqa isə mənim onunla heç bir əlaqəm olmayıb. Hazırda mənim nə onunla dostluq, nə də işguzar əlaqəm yoxdur. Amma həyatda onunla rastlaşaramsa, salam verərəm, hal-əhval tutaram. Çünki mənim onunla heç bir düşmənçiliyim olmayıb. Siyasi baxımdan isə onunla gələcəkdə əlaqələr qurmağı düşünmürəm”.