Dünən ölkənin birinci prezidenti, 92-ci ildən üzü bəri didərginlik həyatı yaşayan Ayaz Mütəllibovun 49 yaşında dünyadan köçmüş övladının 3-ü idi. Ola bilsin deyəcəksiniz ki, noolsun, bilirdik. Qabaqdangəlmişlik edib göz basmayın, necə yəni bilirdik, bilmədiyiniz o qədər şey var ki...
Məsələn, heç bilirdiniz ki, o boyda qos-qoca kişi minlərə yox ey, on minlərə çörək vermiş, yüzlərlə şalvarı yamaqlı yaramazın əlini var-dövlətə, şan- şöhrətə çatdırmış olsa da, bircə eks- prezidentlik statusu da çox görülmüş Ayaz Niyaz oğlunun mərhum övladının 3 mərasiminə bəndəniz və molla qarışıq 16 nəfər gəlmişdi...?
Dəhşətli mənzərə idi, inanın ki, məni vahimə basdı və bir anlıq bu gün meydan sulayanları Ayaz Mütəllibovun yerinə qoyaraq düşündüm ki, ey dadi- bi- dad, görəsən bir gün onlar bu günə düşsə, hansı hissləri keçirərdilər?
Əlqərəz, Allah dəyərli dostum, tanınmış vəkil Qurban bəydən razı olsun, məhz o məndən xahiş etmişdi ki, yas mərasimin yerini öyrənim və birlikdə gedərək eks- prezidentə başsağlığı verək. Mən də Araz Əlizadəyə zəng vurub öyrəndim ki, Orucluğa görə yas mərasimi keçirilməyəcək və başsağlığı vermək istəyənlər saat 14-də Yasamal qəbiristanlığına gəlib Ayaz müəllimə şəxsən kədərini izhar edə bilər.
Getdik, görüşdük, başsağlığını da verdik, hətta Qurban bəyi sonradan tanıdı Ayaz müəllim. Oxuculardan səmimiyyətimə inanmalarını rica edirəm, ümumiyyətlə, Ayaz Mütəllibovun məlum qayıdışı barədə nəsə yazmağı düşünmürdüm, ancaq gördüklərimdən o qədər sarsılmışdım ki, işə çatar-çatmaz indi oxuduqlarınızı əllərim əsə-əsə klaviaturanın cansız sinəsinə döyəcləməyə başladım...
Sizi bilmirəm, mən götürdüyümü götürdüm, gördüklərimdən sonra heç kim mənə bizim qədirbilən millət olduğumuzdan dəm vurub başımı-beynimi aparmasın, cavabı ağır olacaq. Mən vaxtilə Ayaz Mütəllibovun imzasıyla, yaxud şifahi xeyir-duasıyla çörək sahibi olsalar da, bu gün də vəzifə başında dayanan YAP süfrəsinin qır-qırıntılarıyla kefə baxanları bəlkə də anlaya bilərəm. Ancaq bu hakimiyyətin dönəmində necə deyərlər, Əli aşından da, Vəli aşından da olanları, üstəlik məhz Ayaz Mütəllibova yaxınlığına görə vurulub çıxdaş edilmiş məhşurları anlamaqda çətinlik çəkirəm. İnsan oğlu da bu qədər qorxaq, bu qədər ipiqırıq, bu qədər zavallı olarmı..?
Kimsə deyə bilər ki, gedib başsağlığı verib borcumdan çıxmışam. Ancaq bir quru başsağlığıyla olmur, əzizlərim, övlad dağı görmüş, taleyinə sürgün həyatı yazılmış, sanki Babəkin Afşininin müşayiətiylə canına qəsd etmiş Buğdayıyla vida mərasimindəki kimi inanılmaz sarsıntı və üzüntü keçirən eks-prezidentin sonadək yanında olmaq lazım idi, yazıqlar olsun ki, bunu bacarmadınız. Ancaq bacara bilərdiniz, bu cəsarətiniz Allaha da xoş gedərdi, Ayaz müəllimə də. Buna görə sizi nə asıb-kəsən olardı, nə dama basan. Əksinə, bu hakimiyyət nə qədər zalım olsa da, onun başında dayananlar həmişə qədirbilənlikdə nümunə olublar, onları canıdildən müticəsinə dəstəkləyənləri var-dövlət, cah-cəlal sahibi ediblər, hətta min bir hiylə-kələklə çırpışdırdıqlarına da göz yumublar. Mən əminəm ki, buna da göz yumacaqdılar, ancaq şans qaçırıldı...
Artıq mənimçün Ayaz Mütəllibovun nə vaxt geriyə qayıdacağı, yaxud heç qayıtmayacağı, barəsində açılan qondarma cinayət işlərinin gələcək aqibəti iynənin ucu boyda da maraqlı deyil indiki məqamda. Mən hələ uzun zaman Yasamal qəbiristanlığındakı mənhus sükut və Ayaz müəllimin səyriyən sifətindəki kədərin cancıxıcı təsiri altında olacam. Düşünürəm ki, şairin qələmə ala, rəssamın kətana köcürə biilməyəcəyi bu səhnələri hər kəs görmək istəyərdi, heç olmasa görk və bu dünyanın faniliyini, fələyin amansız tapmacasını görmək üçün...