Modern.az saytı xəbər verir ki, “ZQAN Holdinq” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri dəyişib. İndiyədək bu vəzifəni tutan nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovu Vaqif Həsən əvəzləyib. Vaqif Həsən bu təyinatadək “ZQAN Holdinq”Şirkətlər Qrupuna daxil olan “Qarant Sığorta” şirkətinə rəhbərlik edirdi.
Anar Məmmədov isə "ZQAN Holdinq"in səhmdarlarının ümumi yığıncağının qərarı ilə yeni yaradılan Direktorlar Şurasının sədri seçilib. Bu vəzifə İdarə Heyətinin sədri postundan bir pillə üstündür.
“ZQAN Holdinq” Bakı şəhərində fəaliyyət göstərən ən böyük şirkətlər qrupundan biridir. "ZQAN" Şirkətlər Qrupu inşaat məhsullarının istehsalı, bank işi, sığorta, telekommunikasiya, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, nəqliyyat və yükdaşıma, eləcə də daşınmaz əmlak və onun idarə edilməsi kimi sahələrdə fəaliyyət göstərir.
“ZQAN “ şirkəti nəqliyyat naziri Ziya Məmmədovun qeyri-rəsmi olaraq yaratdığı qurumdur. Məlumatlara görə, “ZQAN” sözü nazir Ziya Məmmədovun ailə üzvlərinin adlarının baş hərflərindən yaradılıb.
Holdinqə maliyyə müəssisələri olan «Bank of Azerbaijan ASC», «Qarant Sığorta», inşaat şirkətləri - «ZQAN Construction», «AZBENTONİT», Goranboy Gips Zavodu, Göyçay Çınqıl Zavodu, telekomunikasiya şirkəti - «TransEuroCom», «Delfin» və «Meridian» mehmanxanaları, Daşınmaz Əmlak və Əmlakın İdarə Edilməsi müəssisəi – “Royal Estate» və digər qurumlar daxildir.
Adəm Qorxmaz