Politoloq deyir ki, İsrail-Türkiyə münasibətlərinin korlanması daha çox rəsmi Təl-Əvivin ziyaninadir
İsrailin xarici işlər naziri Aviqdor Liberman beynəlxalq arenada Türkiyəyə qarşı əks-təsir göstərmək məqsədilə tədbirlər hazırlamağa göstəriş verib. Bu tədbirlər sırasında İsrail-Ermənistan münasibətlərinin yaxınlaşması da var. İsrail mətbuatının yazdığına görə, rəsmi Təl-Əviv bu niyyətini gerçəkləşdirmək üçün ilk növbədə qondarma “erməni soyqırımı”nı tanımaq istəyir. Hətta Aviqdor Libermanın ABŞ-a səfəri zamanı erməni lobbisinin nümayəndələri ilə görüşəcəyi və beynəlxalq səviyyədə “erməni soyqırımı”nın tanınması prosesində onlara İsrailin yardımını təklif edəcəyi də bildirilib.
Baş verən siyasi prosesləri şərh edən politoloq Vəfa Quluzadə İsrail-Türkiyə münasibətlərinin nə ilə nəticələnəcəyini söyləməyin çətin olduğunu dilə gətirib. Eyni zamanda əlavə edib ki, bütövlükdə Yaxın Şərqdə hadisələr getdikcə daha da mürəkkəbləşdiyindən İsrail bundan böyük narahatçılıq keçirir:
“Yaxın Şərqdə proseslər ildırım sürətilə dəyişir. Misirdə diktator rejimi tamamilə çökdü. Hazırda orada hakimiyyət, ölkənin idarə edilməsi xalqın əlindədir. Xalqın iradəsinin əleyhinə olan istənilən hadisə kəskin etirazla qarşılanır. Yəməndə də vəziyyət ağırdır. Yəmən prezidenti ölkədə yoxdur və onun geri qayıtmaq şansı da sıfıra bərabərdir. Suriyada isə Bəşər Əsədin taxt-tacı silkələnir. Bütün bu proseslərlə yanaşı, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Fələstin dövlətinin tanınması da gündəmə gətirilib. Çox güman ki, yaxın günlərdə BMT bu məsələni müzakirəyə çıxaracaq. Ona görə də İsrailin əsəbləri tarıma çəkilib. Əgər Yaxın Şərqdə bütün ölkələr diktatorlar tərəfindən deyil, xalqlar tərəfindən idarə olunsa İsrailin vəziyyəti mürəkkəbləşəcək. Çünki hər hansı hadisə ilə bağlı diktatorla dil tapıb məsələni həll etmək daha asandır, nəinki böyük bir xalqla. Məsələn, Misirdə hazırda müvəqqəti də olsa bir hakimiyyət formalaşıb. Lakin xalqın iradəsinin əleyhinə qərar qəbul olunan an, xalq narazı olan zaman hücum edib bu ölkədəki İsrail səfirliyini dağıtdı. Bu səbəbdən İsrail olduqca narahatdır. Digər tərəfdən regionun ən güclü ölkəsi Türkiyə Qəzzaya humanitar yardım verir. İsrail isə bu yardımı HƏMAS təşkilatına kömək kimi qəbul edir və bunu etirazla qarşılayır. Ona görə də vaxtilə İsrail hərbiçiləri bu yardım karvanına hücum edib 9 nəfər türk vətəndaşını qətlə yetirib, onlarla vətəndaşı isə yaralayıb. İndi Türkiyə tələb edir ki, İsrail bu hərəkətinə görə türk xalqından üzr istəsin və vurduğu zərərin əvəzini kompensasiya şəklində ödəsin. Rəsmi Təl-Əviv belə bir addım atmaqdan qorxur. Əgər İsrail bunu etsə Qəzzaya yardım karvanları getdikcə daha da artacaq”.
Politoloq İsrail-Türkiyə münasibətlərinin korlanmasından daha çox rəsmi Təl-Əvivin ziyan çəkəcəyini vurğulayıb. Qeyd edib ki, münasibətlər bir az da gərginləşəcəyi təqdirdə iki ölkə arasında müharibə təhlükəsi yarana bilər:
“Türkiyə rəsmiləri bəyan ediblər ki, növbəti yardım karvanını türk hərbiçilərinə məxsus gəmilər müşayiət edəcək. Belə bir halda İsrail gəmisi, təyyarə, yaxud da helikopteri karvanın qarşısını kəsmək istəsə bu döyüşlə nəticələnə bilər. Bu səbəbdən vəziyyət göründüyündən də ağır və gərgindir. Mən inanmıram ki, belə bir gərginlik nəticəsində İsrailin səsləndirdiyi hədələr Türkiyəni qorxutsun. Hətta İsrail bir qədər irəliyə gedib “erməni soyqırımı”nı tanısa belə, nəyəsə nail ola bilməyəcək. İsraildən qabaq Fransa, Belçika, eləcə də Rusiya Duması uydurma “soyqırımı” tanıyıb. Amma hər hansı nəticə yoxdur. Hesab edirəm ki, Aviqdor Libermanın qondarma “erməni soyqırımı”nı tanımaq barədə səsləndirdiyi fikirlər də mənasızdır. Unutmaq olmaz ki, Türkiyənin də nüfuzu müsəlman aləmində, eləcə də dünyada xeyli artıb. Əgər fikir versək, görərik ki, son hadisələrə Amerika sadəcə susqunluqla reaksiya verir. İsrail-Türkiyə münasibətləri ilə bağlı kəskin fikirlər səsləndirmir. Bu onu deməyə əsas verir ki, İsrailin ABŞ-la əlaqələrində də bir soyuqluq əmələ gəlib. Görünür Amerika İsraili əvvəllər olduğu kimi himayə eləmək istəmir. Rəsmi Vaşinqton istəyir ki, İsrail onun siyasətinə tabe olsun. Bundan başqa artıq xalq hərəkatının dalğaları Azərbaycanın qonşusu İran İslam Respublikasına da çatıb. Ola bilsin ki, bu hərəkat İranda da rejimin dəyişdirilməsi ilə yekunlaşsın. Bütün bu hadisələri analiz edəndə belə bir nəticəyə gəlmək olur ki, İsrail-Türkiyə münasibətlərinin korlanması daha çox rəsmi Təl-Əvivin ziyanınadır. Münasibətlər o qədər gərginləşib ki, hətta müharibə təhlükəsinin yaranma ehtimalı var. Ona görə də İsrail bu məsələnin sülh yolu ilə həllinə çalışmalıdır”.
Rufik İSMAYILOV