Zaqatalalı jurnalistlər “Modern.az-a nələri danışdılar...

Modern.az sayıtnın “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsi bu həftə də davam edir. Bu dəfə qozu, fındığı, şabalıdı, eyni zamanda füsünkar təbiəti ilə məşhurlaşan Zaqataladan olan jurnalistlər rayonun sosial-iqtisadi vəziyyətini, əhalinin yaşayış tərzini, təhsil və səhiyyə sistemini necə qiymətləndirdikləri barədə öz fikirlərini bölüşüblər.
“Azəri-Press” Agentliyinin (APA) əməkdaşı Hafiz Heydərov rayonun sosial-iqtisadi vəziyyətini və əhalinin yaşayış tərzini normal qiymətləndirir. Amma o qeyd edib ki, Zaqatala camaatı bundan da yaxşı yaşayış tərzinə layiqdir.
“Füsünkar təbiətə malik Zaqatala qızılgüllər diyarı kimi də tanınır. Hesab edirəm ki, böyük turizm potensialı olan, həmçinin Gürcüstan sərhədində, magistral yolun üzərində yerləşən belə gözəl diyarın yaşayış səviyyəsi qat-qat yuxarı olmalıdır”.
Hər bir rayonda olduğu kimi, Zaqatalada da əhalinin əsas dolanışıq mənbəyi kənd təsərrüfatıdır. Həmkarımızın sözlərinə görə, əhalinin dolanışığı ən çox qoz, fındıq və şabalıd yetişdidib satmaqdan çıxır. Bundan əlavə, maldarlıqla da məşğul olanlar var.
“Şimal-qərb bölgəsində yerləşən rayonlar içərisində Zaqatala qozu, fındığı, şabalıdı ilə məşhurdur. Əhalinin də əsas dolanışığı elə bunlardan çıxır. Bundan əlavə, büdcədən maliyyələşən müəssisələrdə də işləyənlər var. Özəl sektorda da qoz, fındıqla əlaqədar bir neçə zavod fəaliyyət göstərir. Amma bunlar yetərli deyil. Çünki rayondan işləmək adı ilə çıxanlar, Bakıya və ya Rusiyaya üz tutanlar var”.
Zaqatalanın olduqca geniş turizm potensialına malik olduğunu bir daha xatırladan Hafiz Heydərov bundan kifayət qədər yararlanmamaqdan təəssüflənir. Onun sözlərinə görə, burada iri turizm obyektləri fəaliyyət göstərmir və bir neçə otellə turistləri bölgəyə cəlb etmək olmaz.
“Bu sərvətdən yaxşı olardı ki, yararlanaq, müəyyən turizm obyektləri tikilsin, bu istiqamətdə işlər aparılsın. Eyni zamanda, bu insanların həyat tərzinin dəyişməsi, həm də yeni iş yerlərinin açılmasıdır. Bundan əlavə, əgər Zaqatalaya turist axını olarsa, pul, kapital da gələcək. Bunları nəzərə alaraq, orada böyük işlər görmək mümkündür”.
Jurnalistin fikrincə, bu gün Zaqatalanın bəzi ucqar kəndləri istisna olmaqla qaz, işıq problemi yoxdur.
“Amma rayon yollarının hazırkı vəziyyəti ən ağrılı yerimizdir. Ən əsası magstral yollarda problemlər mövcuddur. İldə 3-4 dəfə rayona gedirəm və həmin yolları çox pis vəziyyətdə görürəm. İstərdik ki, buna diqqət yetirilsin. İndi magistral yollar belədirsə, təsəvvür edin ki, kəndarası yollar hansı vəziyyətdədir”.
Rayonda yüksək səviyyəli təhsil verildiyini deyən Hafiz Heydərov Zaqataladan olan digər həmkarlarını buna misal çəkdi. Yəni Zaqataladan Əfqan Muxtarlı, Məmməd Süleymanov, Mustafa Hacıbəyli kimi jurnalistlər çıxıbsa, deməli təhsil yaxşıdır.
“Səhiyyənin səviyyəsinə gəlincə, mən uzun zamandan bəri rayondakı tibbi xidmətlərdən istifadə etmədiyim üçün bu barədə danışa bilmərəm. Diaqnostika mərkəzi tikilib. Amma bundan əlavə nəsə deyə bilməyəcəm”.
H.Heydərov icra başçısının əhali ilə görüşlər keçirməsi, onların problemləri barədə maraqlanması ilə rastlaşmadığını bildirib.
“Əvvəllər belə məsələ yox idi, icra başçısı kəndə gedib əhali ilə görüşlər keçirsin, problemlərini dinləsin. İndi də belə bir şeylə rastlaşmamışam. Uzaqda qaldığım üçün və Zaqatalaya da az-az gəldiyim üçün bundan məlumatlı deyiləm.
Rayondan seçilən deputatlar isə zaqatalalılarla ancaq seçki ərəfəsində görüşürlər. Ondan sonra isə hamısı yoxa çıxır. İnanmıram ki, rayondan kimsə onlardan birini tapıb dərdini deyə bilsin” deyə jurnalist əlavə edib.
Jurnalist Əfqan Muxtarlı isə Zaqatalanın sosial-iqtisadi vəziyyətini mənfi qiymətləndirir. Onun fikrincə, Zaqatala şəhərində sənaye müəssisələrinin işləməməsi şəhər əhalisinin yaşayışına mənfi təsir göstərir.
Əhalinin dolanışığına gəlincə, Ə.Muxtarlı rayon camaatının əsasən maldarlıq və bağçılıqla məşğul olduğunu bildirib.
“Bu gün çox az sayda insan tütün becərir. Taxılçılıq isə Zaqatalada gəlirli sahə hesab olunmadığından əhali yalnız ailənin ehtiyaclarını ödəyəcək miqdarda taxıl əkir. Kənd əhalisinin əsas gəliri fındıqçılıqdan çıxır. Lakin fındığın emalı və eksportu inhisara alınıb. Buna görə fındığın qiyməti aşağı düşür. Şəhər əhalisinin vəziyyəti daha acınacaqlıdır. Şəhər əhalisi əsasən dövlət idarələrində çalışır və rayon bazarında alver edir”.
Həmkarımız Zaqatalada çox ciddi işsizlik probleminin olduğunu vurğulayıb. Belə ki, gənclərin və orta yaşlıların böyük əksəriyyəti işləmək üçün Rusiyaya - Dağıstana üz tutur. Təxminən 2-3 min nəfər isə Çeçenistanda işləyir.
“Çeçenistanda işləyənlərin vəziyyəti daha ağırdır. Orada işləyənlər əksər hallarda əmək və fiziki istismara məruz qalır. İşlədiklərinin müqabilində pullarını ala bilmirlər. Bəzi hallarda Çeçenistana gedənlər qətlə yetirilir. Təxminən 2 il əvvəl Çeçenistana işləməyə gedən Zaqatala rayonu Muxax kəndinin Fizuli adlı sakini qətlə yetirilmişdi. İşsizlik üzündən rayonu tərk edib Şimali Qafqaza üz tutanlar orada dini silahlı qruplaşmaların təsiri altına düşür. Son 2 il ərzində əslən Zaqataladan olan şəxslər silahlı qruplarda yüksək mövqelərə sahib olublar. Misal üçün “Dağıstan Əmirliyi” adlanan qrupun qətlə yetirilən rəhbərləri Nəbi Nəbiyev və İlqar Mollaçıyev Zaqatala şəhər sakinləridir. Bu insanlar öz doğma evlərini işsizlik üzündən tərk edib və orada silahlı qruplaşmalara cəlb ediliblər”.
Qaz, işıqla bağlı vəziyyətə gəlincə, müsahibimiz rayon mərkəzi və bir neçə böyük kəndin qazlaşdırıldığını, elektrik enerjisinin verilməsində isə əvvəlki illərlə müqayisədə problemlərin olmadığını qeyd edib.
Yollara gəlincə, Əfqan Muxtarlı deyir: “Mərkəzi magistral yol sayılan Bakı – Tiflis şosesi son illər ağır tonrajlı yük maşınlarının çox işləməsi nəticəsində sıradan çıxmaq üzrədir. Zaqatala şəhərində isə yolları normal hesab etmək olar. İri kəndlər Aşağı Tala, Yuxarı Tala, Əliabad qəsəbəsi, Muxax kəndinin yollarının əksəriyyəti hələ Sovet dövründə asfaltlaşdırılıb. Müstəqilik əldə edildikdən sonra yalnız Aşağı Tala kəndinin yolları təmir edilib. Danaçı və Dombabinə icra nümayəndəliklərinin də mərkəzi yollarını normal hesab etmək olar. Digər kəndlərin yolları isə acınacaqlı vəziyyətdədir”.
Təhsil sistemi isə Zaqatalada bərbad vəziyyətdədir. Ən azından müsahibimiz hesab edir ki, rayon məktəblərində təhsilin səviyyəsinin olduqca aşağıdır.
“Rayonda “Araz” kursları və 2 kollecdə normal təhsil verilir. Şagirdlər əsasən “Araz” kurslarının və repetitorların yanında təhsil almağa məcburdurlar. Ali məktəblərə də yalnız “Araz” kurslarına və repetitor yanında məşğul şagirdlər qəbul olunur. Zaqatala hər zaman savadlı bölgə kimi tanınıb. Təhsil sahəsində ağır vəziyyətə baxmayaraq, digər bölgələrə nisbətən şagirdlər tədris proqramını qəbul edə bilir”.
Həmkarımızın fikrincə, səhiyyə sistemi də təhsildə olduğu kimi acınacaqlı durumdadır. Belə ki, Mərkəzi Xəstəxanada rüşvət vermədən müalicə olunmaq mümkünsüzdür.
“Yeni istifadəyə verilmiş diaqnostika mərkəzində eyni vəziyyətdir. Həkimlərin səviyyəsi də aşağıdır. Bu səbəblər üzündən əhali müalicə olunmaq üçün Gürcüstana -Tiflis şəhərinə gedir”.
Əfqan Muxtarlı rayon icra başçısının əhali ilə görüşüb-görüşmədiyi barədə məlumatlıdır. O, Zaqatalanın icra başçısı Mübariz Əhmədzadənin əhali ilə yalnız bələdiyyə sədrlərini dəyişmək lazım gəldikdə görüşdüyünü vurğulayıb.
“Onun işi rayonu daha çox talamaqdan ibarətdir. Ötən il Mübariz Əhmədzadə rayonun Aşağı Tala kəndində dəyəri milyon manatdan artıq olan süni suvarma sistemini dağıdaraq satdı. Bununla demək istəyirəm ki, icra başçısını rayon əhalisinin problemləri maraqlandırmır”.
Deputatlar da rayonda əhali ilə görüşlər keçirmir. Əfqan Muxtarlı rayon xəstəxanasında cərrah işləyən deputat Hikmət Atayevi Milli Məclisin ən passiv deputatə sayır.
“O açıq şəkildə yanına gələn seçiçilərə bildirir ki, “məni siz yox icra başçısı seçdirib, ona görə mənim yanıma gəlməyin”. O biri deputat deyəsən adı Kamilədir, əslən Zaqataladan deyil və onun üzünü kimsə görməyib”.
Digər zaqatalalı jurnalist Məmməd Süleymanov isə rayonda hər sahədə tənəzzülün olduğunu bildirib. O bunu misallarla da açıqlayıb. Həmkarımızın sözlərinə görə, keçən əsrin 80-ci illərindən bu günə qədər Zaqatalada hər hansı sahədə irəliləyiş yoxdur.
“Zaqatalanın unikallığı onda idi ki, o bir şəhər kimi yaranmışdı. Yəni heç vaxt kənd və ya xırda yaşayış məntəqəsi olmayıb. Bunun da səbəbi o vaxt Dağıstandan gələn ləzgilərin qarşısını almaq üçün mühafizə xəttinin qurulması və bir qalanın formalaşdırılması idi. Bildiyimiz kimi, orta əsrlərdə şəhərlər qalaların ətrafında yaranıb. Zaqatala öz arxitekturası ilə fərqlənirdi, yəni burada Şərq arxitekturası az idi. Bunun səbəbi isə şəhəri alman arxitekturasına söykənən rusların tikməsi idi. Ona görə sovet Zaqatalası rahat, komfort, balaca bir alman şəhəri idi. Amma indi o arxitekturadan heç nə qalmayıb.
İkincisi Zaqatala 28 millətin yaşadığı yer olduğu üçün, o cümlədən həm Gürtcüstan, həm də Rusiya ilə sərhəddə yerləşdiyindən bura birbaşa Sovet hökümətinin nəzarəti altında idi. Ona görə Zaqatalada işsizlik problemi yox idi. Böyük istehsal sahələri, məsələn Fındıqtəmizləmə zavodu fəaliyyət göstərirdi. Bütün SSRİ-də unikal olan o zavod hazırda işləmir. Bundan əlavə, mebel, konserv zavodları da fəaliyyətini dayandırıb. Çay fabriki isə qismən işləyir. Bu istehsal müəssisələrinin işləməməsi artıq kütləvi işsizlikdir” - deyə jurnalist əlavə edib.
M.Süleymanovun sözlərinə görə, işsizlik nəticəsində daimi və ya müvvəqəti miqrasiya başlayıb.
“Yaxınlarda naxçıvanlı dostumla Zaqatalaya getdim. Orada onu tanış etmək üçün uşaqlıq və ya gənclik dostlarımdan heç kimi tapmadım.Heç biri Zaqatalada deyil, Rusiyada, ən yaxın halda isə Dağıstandadırlar. Burdan da artıq bilinir ki, yaşayış normala yaxın olsaydı, onlar heç vaxt “Balaca Paris” adlandırlan mənzərəli, gözəl, komfortlu bir yeri qoyub kiməsə nökərçilik etmək üçün harasa getməzdilər”.
Əhalinin dolanışığına gəlincə, Məmməd Süleymanov deyib: “Bizdə belə bir söz var: “Zaqatala bazardan başlayır”. Yəni bu hərfi mənada da elədir, faktik mənada da. Zaqtalaya çatmamış körpüdür, onun altında isə böyük bir bazardır. Və bütün Zaqatala ordadır, hamı alver edir və hamı eyni şey satır. Əvvəllər yalnız Zaqatalada gül və qoz mürəbbələri bişirilib, qablaşdırılıb xaricə göndərilərdi. Elə Zaqatala çayı da həmçinin... Amma indi bunların heç biri yoxdur. Hamı bazardadır və Zaqatala bazardan başladığı kimi, bazarda da bitir”.
Gözəl təbiətə malik Zaqatala dağlıq rayon olduğu üçün dörd bir yanından çaylar axır. Amma buna baxmayaraq, müsahibimiz rayonda su ilə bağlı problemlərin olduğunu deyir.
“Suyu ancaq maşınla sifariş verib gətizdirirlər. Bu da böyük pul aparır. Halbuki, bizim ordakı evimiz düz şəhərin mərkəzindədir. Həmin küçə əvvəl Komsomol küçəsi adlanırdı, indi Heydər Əliyev adına prospekt olub. İşıq 2000-2001-ci ilə kimi Zaqatalada saatlarla verilirdi. İndi isə o problem yoxdur. Qazın verilməsində də elə bir narahatçılıq yoxdur”.
Şəhərin mərkəzində yaşadığı üçün jurnalist rayonun kəndarası yollarından xəbərsizdir. Amma şəhərin mərkəzi yollarındakı vəziyyət də həmkarımızın fikrincə, o qədər də ürəkaçan deyil.
“Hər zaman Azəğrbaycanda ən yaxşı magistral yolun Şəki-Zaqatal arasındakı yol olduğunu vurğulayıram. Çünki o yol sovet vaxtı çəkilib və hələ də istismar olunur. Şəhərin içərisində isə qəribə vəziyyətdir. Belə ki, ehtiyac olmayan halda yollara, xüsusilə səkilərə yamaq vura-vura gedirlər. Bu böyük xərc və israfçılıq deməkdir. Böyük problemlər qala-qala olmayan problemi problemə çevirib həll edir, nəticədə aydın məsələdir ki, “pul yuyurlar””.
Məmməd Süleymanov Zaqatalada təhslinin digər rayonlardan fərqləndiyinə də inanmır.
“Hazırda köhnə müəllimlərimlə rastlaşanda özləri də deyirlər ki, “sizlərlə indiklər arasında böyük fərq var. Bu günün şagirdləri oxumaq istəmir, elə biz də dərs demək”. Aydın məsələdir ki, müəllimin mədəsi tox deyilsə, onun beynində də təhsil məsələsi olmayacaq.
Bundan əlavə, Azərbaycanda elə bir vertikal sistem qurulub ki, aşağıdakı mütləq yuxarıdakına pul ötürməlidir. Artıq müəllimi də rüşvətxor ediblərsə, təhsildən söhbət gedə bilməz.
Zaqatalda sovet vaxtı iki texnikum vardı, Politexnik və Kənd Təsərrüfatı Texnikumu. Başqa rayonlardan da tələbələr gəlib orada oxuyurdular. Amma indi Zaqatalda institut, universitet var, bu özü absurddur. Bu universitetdə böyük məbləğadə rüşvət yığıldığından zaqatalalı, şəkili, qaxlı tələbələr Gürcüstanın Laqodexi şəhərində yaranan mənasız universitetdə oxumağa gedirlər.
Gürcülər orada azərbaycanlıları soymaq üçün mənasız bir universitet açıblar. Deməli Zaqatalanın özündə əldəqayırma universitetdə rüşvət çox olduğundan, azərbaycanlılar guya, gürcücə oxumaq üçün Gürcüstana gedirlər. Təbii, gürcü dilində heç nə bilmirlər. İndi həmin şəhər zaqatalalı valideynlərin şöhrətpərəsliyi, adpərəstliyi, tamahkarlığı, cavan oğlanların əsgərliyə getməmək həvəsindən inkişaf edir, gürcülər qaz vurub, qazan doldururlar, Zaqataladakı universitetlər isə yavaş-yavaş çökür”.
M.Süleymanovun fikrincə, səhiyyə sahəsində də vəziyyət ürəkaçan deyil. Onun sözlərinə görə, bütün Azərbaycandakı kimi, pulsuz səhiyyə adı ilə hər yerdə pullu tibbi xidmət göstərilir.
“Öz bacım qızını qəribə diaqnozla Bakıya gətirdilər. Tibb Universitetini bitirdiyim üçün hazırda həkim işləyən tələbə yoldaşlarımın birinin yanına apardım. O bizə bildirdi ki, bu diqnoz ümumiyyətlə bizdə qoyulmur və bu uşaqda da elə bir problem yoxdur. Rayondakı həkimdən bunu niyə etdiyini soruşduqda dedi ki, “sizi qorxutmaq istəyirdim”. Yəni 8 yaşlı uşağın taleyi onu maraqlandırmır.
Amma deyə bilmərəm ki, bütün həkimlər belədir. Zaqatalanın ən yaxşı həkimi indi çox təəssüflər olsun ki, deputatdır. Hikmət Atayev olduqca istedadlı cərrah, olduqca böyük hörmət sahibidir, amma YAP-çıdır və gəlib deputat olub”.
İcra başçısının əhali ilə görüşüb-görüşmədiyi barədə isə Məmməd Süleymanov xəbərsizdir: “Bəlkə görüşür, amma mənim belə bir görüşdən xəbərim yoxdur. Ümumiyyətlə, Azərbaycanda kassa sistemidir. Yuxarılar və aşağılar var. Yuxarılar ümumiyyətlə aşağıları tanımır və yoxsul təbəqəni görəndə ürəkləri bulanır. Zaqatala da bu qaydadan istisna deyil”.
Zaqatalada heç bir sahədə vəziyyətin yaxşı olmadığını vurğulayan müsahibimiz heç deputatlar barədə yaxşı fikir söyləməyib.
“Zaqataladan iki deputat seçilib. Bundan əvvəlkilərdən biri zaqatalalı deyildi, ikincisi isə çox qəribə personaj idi. O qədər təmiz adam idi ki, yalvarırdı ki, “məni ikinci dəfə deputat təyin etməyin”. Ona görə ki, o vaxt deputatların hüquqi təminatı indiki kimi deyildi. Öz evi Zaqatalada olmadığı üçün qonaq evində qalırdı. Bu adam hətta evinə odun gətizdirəndə də özü iməclik edirdi, özü əlinə balta alıb işləyirdi.
O ki qaldı indikilərə, ümumiyyətlə Azərbaycanda indi deputatdan və ya Milli Məclisdən heç nə asılı deyil. Görüntü xətrinə gedib görüşsün, dərdlərini dinləsin heç nə edə bilməyəcəklər ki...”.
Zaqatalanın hər zaman gözəl təbiəti, sadə və qonaqpərvər insanları ilə seçildiyini qeyd edən “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəyli son zamanlar rayonda abadlıq işlərinin aparılığını və abadlıq işlər altında küçələrdə, yolun qırağında divarların, ağacların rəngləndiyini, daha çox dekorativ işlərə üstünlük verildiyini bildirib.
“Amma köklü problemlərin çoxusu həll olunmayıb. Əslində o problemlər daha da dərinləşib. Zaqatala dağ çaylarının əhatəsində yerləşən bir ərazidir. Amma buna baxmayaraq, yayda içməli su problemi hər il ortaya çıxır. Bu görülən abadlıq işləri dekortaiv, görüntü xarakteri daşımasaydı, yerli orqanlar su probleminin həllinə qayğı göstərərdilər. Hal-hazırda dekorativ işlər də dayanıb. Yerli strukturlar heç bir fəaliyyət göstərmirlər”.
Əhalinin durmuna gəlincə, jurnalist Zaqatalanın da camaatının vəziyyətinin digər bölgələrdə yaşayanlarınkından elə də fərqlənmədiyini söyləyib.
“İnsanların əksəriyyəti borc içindədir. Zaqatalandan olan çoxsaylı dostlarım, qohumlarımdan eşitdiklərim, özümün müşahidələrim göstərir ki, rayonda əksər əhalinin banklara borcu var. Əhali böhran vəziyyətindədir, çünki pul yoxdur və insanların alıcılıq qabiliyyəti aşağıdır. Zaqatalada kasıbçılıq görünməmiş həddə çatıb.
Zaqatala fındıq istehsal olunan rayonlardan biridir. Əhalinin bir hissəsi fındıq satmaqla dolanır. Digər hissəsi isə dolanışıq dalınca Rusiya və digər ölkələrə gediblər. Rayonda qalanların bir çoxu da Rusiyadan qohumlarının onlara göndərdikləri pul vəsaiti hesabına dolanırlar. Təəssüf ki, yeni iş yerlərinin, zavod, fabrikin açılmaması işsizlik problemini Zaqatalada kifayət qədər qabarıq şəkildə biruzə verir”.
Həmkarımız rayonda qaz, işıqla da bağlı problemlərin mövcud olduğunu vurğulayıb.
“Qış aylarında işıq verilir, qaz isə əksər kəndlərdə yoxdur. Təbilağatda bildirilir ki, guya, Azərbaycanda qazla təmin olunmayan yaşayış məntəqələri yoxdur. Zaqatalada olan kəndlərin yarısına qaz çəkilməyib və əhali propan qazından istifadə edir”.
Mustafa Hacıbəyli eyni zamanda Zaqatalanın təhsil və səhiyyə sistemi barədə məlumat verib.
“Təhsillə bağlı əlimdə rəqəmlər yoxdur. Bu il Zaqataladan neçə nəfərin ali məktəbələrə qəbul olmasıyla bağlı göstəricilər olmadığı üçün, heç nə deyə bilməyəcəm. Amma məlum məsələdir ki, sosial-iqtisadi sahədə olan problemlər təhsil sahəsinə də sirayət etməmiş deyil.
Səhiyyəyə gəlincə, rayonda yeni Diaqnostika Mərkəzi açılıb. Açılışında hətta dövlət rəhbəri də iştirak edib. Amma rayon əhalisinin əksəriyyəti müalicə üçün Gürcüstana üz tutur. Çünki orada həm müalicə ucuz başa gəlir, həm də keyfiyyətlidir. Bu özü ondan xəbər verir ki, Zaqatalada səhiyyənin keyfiyyəti aşağı, qiymətləri isə yuxarıdır”.
İndiki icra başçısı haqqında heç bir şikayət eşitmədiyini bildirən jurnalist Zaqatalının əvvəlki icra başçısından çoxlu sayda şikayətlərin olduğunu vurğulayıb.
“Əvvəl Zaqatalada icra başçısı Akif Əsgərov idi. O, hər yerdə insanları təhqir etməklə, hədə-qorxu gəlməklə, aşağılayıcı sözlər deməklə tanınırdı. Yeni icra başçısı haqqında eşitdiyim yeganə söz odur ki, mədəni adamdır. Amma nəticə etibarı ilə hələki ümumi sosial problemlərin həll olunması tək bir rayonun çərçivbəsində həll olunan deyil. Bu, işsizlik, qaz, işıq problemi rayon səviyyəsində deyil, dövlət səviyyəsində həll olunmalıdır”.
M.Hacıbəyli rayonda siyasi partiyaların fəaliyyət göstərməsi üçün şəraitin olmadığını da qeyd edib. O bildirib ki, rayonda əsas partiyaların qərargahları yoxdur və seçkilərdə uğur qazanan, bu gün müxalifət mövqeyində duran siyasi partityaların qərargahları əllərindən alınıb.
“Yeni Azərbaycan Partiyası üçün əhalidən pul yığıb qərargah tikdiriblər, amma seçkilərdə uğur qazanan və bu gün müxalifət mövqeyiondə duran siyasi partityaların qərargahları əlindən alınıb.
Zaqatalada əvvəl qəzet nəşr olunurdu, indi o da nəşr olunmur. Yəni burada siyasi azadlıqlar, demokratik institutların vəziyyəti barədə danışmağa dəyməz. Bütün ölkədə olduğu kimi, orada da vəziyyət bərbaddır”.
Deputatların rayon camaatı ilə görüşməməsi məsələsində Mustafa Hacıbəyli digər həmkarları ilə həmfikirdir. Onun sözlərinə görə Zaqataladan seçilən deputatlardan birini heç rayon camaatı tanımır, digəri isə Hikmət Atayev cərrahadır və öz işi ilə məşğuldur. Yəni deputat kimi fəaliyyət göstərmir.
Aytən ƏLİYEVA