Modern.az

Qorxaq, hiyləgər və qarınqulu

Qorxaq, hiyləgər və qarınqulu

Ölkə

21 Noyabr 2011, 14:03

“Koroğlu” eposu 18 qoldan ibarətdir. Böyük bir coğrafiyada məşhur olan bu dastan el qəhrəmanı Koroğlunun igidliyindən bəhs edir. Koroğlunu həqiqətən də xalqın təəssübünü çəkən, çətin gündə ona arxa-dayaq olan, hiylədən-yalandan uzaq ömür keçirən qəhrəman saymaq olarmı?

Diqqətli oxucu hələ “Alı kişi” adlanan birinci qolda Koroğlunun tamahkar obrazı ilə qarşılaşır. Dastanın müqəddiməsindən məlum olur ki, Həsən xan heç bir günahı olmayan qoca ilxıçının gözlərini çıxarmaqla onu dünya işığına həsrət qoyur. Amma Alı kişinin gözlərinin dərmanı var. O, oğlu Rövşənə Qoşabulağın yerini nişan verib, məşriqdən və məğribdən ulduz doğanda coşub-daşan ağ köpükdən bir qab onun üçün gətirməsini xahiş edir. Lakin Koroğlunun tamahkarlığı atasının arzusunu yerinə yetirməyə imkan vermir. Rövşən adam boyu qalxan köpükdən içib doyana kimi bulaq yenidən durulur. Nəticədə, taleyi ilə barışan qoca ilxıçı ömrünün qalan hissəsini oğluna bağışlayıb, işıqlı dünyaya “əlvida” deməli olur...

Oxucu “Koroğlunun İstanbul səfəri” adlanan üçüncü qolda da dastan qəhrəmanının adına yaraşmayan hərəkətlərin şahidi olur. Xatırladaq ki, bu qolda xotkar qızı Nigar xanımın Çənlibelə gəlməsindən bəhs edilir. Nigar xanımın məktubunu Koroğluya Bəlli Əhməd çatdırır. Amma bu yaxşılığının müqabilində Koroğlu Bəlli Əhmədi zəncirləyir. Halbuki hələ qədimdən elçiyə zaval olmayıb. Koroğlunun Nigar xanımın elçisini zəncirləməsi onun xarakterindəki cılızlıqdan xəbər verir. Bu qolda qəhrəmanlıqla bir araya sığmayan başqa bir məqam isə Koroğlunun Nigar xanımı atası Məkkə ziyarətində olanda qaçırmasıdır. Bacısının arxasınca gələn Bürcü Sultana Koroğlunun münasibəti onun həm də məşhur hiyləgər olduğunu üzə çıxarır. Koroğlu onu döyüşə dəvət edən xotkar oğluna belə deyir:
“Deyəsən, çox tələsmisən, atın qarınaltısını yaxşı bərkitməmisən. Onu düzəlt, sonra dava eləyək”. Bürcü Sultan əyilib atın qarınaltısına baxanda, Koroğlu yumruqla onun boynunun ardından vurub, yerə yıxır. Əgər Koroğlu xalqımızın mübarizə ruhunu özündə əks etdirən “Dədə Qorqud” dastanı barədə az-çox məlumatlı olsaydı, bilərdi ki, aldadıb ər tutmaq arvad işidir.

“Dəmirçioğlunun Çənlibelə gəlməyi” adlı altıncı qol isə başdan-ayağa Koroğlunun ifşasına həsr olunub. Bəlli olduğu kimi, bu qolda Koroğlu Qıratı nallatmaq istəyir. İşinin ustası olan qoca nalbənd mağazasındakı nalları onun qabağına tökür ki, bəyəndiyini seçsin. Amma Koroğlu nalları bir-bir əzib, sahibinə qaytarır. Özünü kasıb-kusubun hamisi sayan bir igidin gücünü atası yaşda olan qoca nalbəndə göstərməsi adamda ikrah hissi oyadır. Koroğlunun bu ədəbazlığı gənc Dəmirçioğlunun nəzərindən yayınmır. O, Koroğlunun verdiyi pulları bir-bir əzib, onun üstünə atmaqla atasının qisasını almağa çalışır. Bu qolda ən maraqlı yer Koroğlu ilə Dəmirçioğlunun Çənlibel ətrafında qarşılaşmasıdır. Qıratı tövlədən çıxarandan sonra Koroğlu Dəmirçioğlunu aldadıb, Çənlibeldən uzaqlaşdırır. Dəmirçioğlunun biləyinin gücünə bələd olan Koroğlu onu tutmağın yolları barədə düşünməyə başlayır. İsrafil Abbaslının redaktorluğu ilə 2005-ci ildə “Lider nəşriyyat” tərəfindən nəşr olunan dastanda bu hadisə belə təsvir olunub: “Koroğlu çox götür-qoydan sonra axırda bu qərara gəldi ki, Dəmirçioğluna bir əmud vursun, yıxılanda tutub qollarını bağlasın. Bu xəyal ilə onun təpəsinə bir əmud endirdi. Dəmirçioğlu geri dönüb dedi: ”Bura bax, bir də belə zarafat eləmə”.
Bu qısa təsvirdən aydın olur ki, Koroğlu Dəmirçioğlunu arxadan vurub. Ortaya sual çıxır: igid igidi arxadan vurarmı? Koroğlunu qəhrəman kimi xalqa sırıyan adamlar mütləq bu suala cavab verməlidirlər.

Dastanda Koroğlunun qarınqulu olması barədə də geniş təsvirlərə yer verilib. “Həmzənin Qıratı aparması” qolunda belə bir hadisə təsvir olunub: Düratın arxasınca gələn Koroğlu Qıratının yüyənini öz əlilə Keçəl Həmzəyə verəndən sonra ac-susuz dəyirmanda gecələyir. Ertəsi gün yaşli bir kişi iki yüklü öküzlə dəyirmana gəlir. Koroğlu kişinin etirazina məhəl qoymadan iki çuval buğdanı Düratın qabağına qoyur. Özü isə öküzlərindən birini kəsib, kabab bişirir. O, yarı çiy, yarı bişmiş kababı yeyib, toqanın altını bərkidəndən sonra Düratı minib Çənlibelin yolunu tutur. Ortaya yenə sual çıxır: kasıb kəndlinin öküzünü yemək nə vaxtdan qəhrəmanlıq sayılıb?

Koroğlunun qarınqululuğu günahsız bir insanın ölümü ilə nəticələnir. Hadisə Keçəl Həmzənin toyunda vaqe olur. Koroğlu çalıb-oxuyub yorulandan sonra Mahmud Paşa əmr edir ki, onu aşxanaya aparsınlar. Koroğlu üç tuluq şərabı içəndən sonra özünü aşpazın yanına verir. Koroğlunu normal adam hesab edən aşpaz bir sini aş çəkib, onun qabağına qoyur. Koroğlu iki şapalaqda bir sini aşı həzmi-rabedən keçirəndən sonra yenə aş istəyir. Aşpaz daha bir sini aş çəkib, qonağın qabağına qoyur. Koroğlu ikinci sinidəki aşı yeyib qurtarsa da, yenə doymur. Qonağın acgözlüyü aşpazı təəccübləndirir. Aşpazın maraqla ona tamaşa etdiyini görən Koroğlu belə deyir: “Yeddi batman düyünün aşı, yeddi qoyunun yarı şaqqası mənim bir dəfəmin xörəyidir”. Bu cavabdan sonra aşpaz Koroğlunu aşxanadan çıxarmaq istəyir. Amma Koroğlu aşpazın belindən iki qatlayıb, boş qazanlardan birinə soxur, sonra isə ağzına bir sini qoyub üstündə oturur. Aşpazı o dünyaya göndərəndən sonra yeddi qazan aş yeyib, pələ bığlarını eşir...

Dastanda bu cür təsvirlərə tez-tez rast gləmək mümkündür. Bir qarın yemək üçün günahsız adamı öldürüb, onun bir çətən külfətini başsız qoymaq qəhrəman üçün xarakterik olan keyfiyyət deyil. Təkcə bu hadisə Koroğlunun xalq qəhrəmanı yox, karvanbasan quldur olduğunu düşünmək üçün kifayət edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?