Modern.az

Türksoylu xalqlarda Novruz - MARAQLI

Türksoylu xalqlarda Novruz - MARAQLI

Ölkə

20 Mart 2012, 11:19


Novruz bayramı əslində bütün bəşəriyyətin bayramıdır. Yer üzündə elə bir xalq, elə bir insan ola bilməz ki, təbiətin bu "Nazlı Sultanı"nın gəlişinə sevinməsin, onu coşqu ilə qarşılamasın. Baharın gəlişi də təbii bir proses olduğundan o bütün bəşəriyyətə aiddir. BMT Baş Məclisinin 64-cü sessiyasının qəbul etdiyi qərara uyğun olaraq, martın 21-i “Novruz beynəlxalq günü” kimi təsdiq edilib. Azərbaycanın təşəbbüsü ilə hazırlanmış qətnamə layihəsinə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Əfqanıstan, İran, Albaniya, Hindistan və Makedoniya da qoşulub. 

Fəqət, Baharın gəlişini onu bayram şəklinə salmaq, bayram kimi qeyd etmək mütləq şəkildə hər hansı bir xalqın adı ilə bağlıdır.

Türkoloq alim Aydın Mədətoğlu Bahar bayramı ilə bağlı tarixə bəlli ilk yazılı mənbənin 5000 il bundan öncə yaşamış Kəngərlərə - Şumerlərə aid olduğunu bildirir. Onun sözlərinə görə, Şumerlərin Orta Asiyadan gəldiyi və dillərinin də türk dili ilə eyni dil qrupuna aid olduğu artıq şumerşünasların demək olar ki, hamısı tərəfindən qəbul olunub: “Şumerlərin dini inancları kimi onların bayramları da türk mifologiyasındakı bayramlar arasında bənzərliklər vardır. Həm Şumerlərin və həm də Türklərin mifologiyasındakı bayramların ən önəmlisi Bahar bayramıdır. "Novruz" sözü çox sonralar yaranmış bir fars kəlməsi olsa da, onun varlığı, bütün xüsusiyyətləri və xalq içərisində bir adət-ənənəyə çevrilməsi farslardan çox-çox əvvəllərə aiddir. A.Mədətoğlu deyir ki, tarixə bəlli ilk yazılı mənbə olan Şumer yazılarındakı "Yenidən Doğuş", "Yeni Gün", "Novruz" Bayramı, xüsusilə onun dəqiq tarixi günü də Türklərin adı ilə bağlıdır: “Belə ki, ilk dəfə olaraq, Türk hökmdarı Səlcuqlu Məlik Şah "Cəlali təqvimi"ni tərtib etdirərək dörd ildən bir ilin 366 gün olduğunu və Novruz Bayramının sabit gündə Həməl bürcünün əvvəlində olmasını elmi, qanuni və dəyişməz şəklə salmışdır. Bu ənənə Oğuzlarda, Hunlarda, Altaylarda, Göytürklərdə və bütün Türk xalqlarının mifologiyasında da öz əksini tapmışdır. Belə ki, məşhur "Oğuz xan" dastanı, Rəşidəddinin "Cami-üt-təvarix", ünlü Türk alimi Əbülqazi Bahadır Xanın "Şəcəreyi-Türk" və s. əsərlərində bu Bayram "Oğuz Xan Günü", "Böyük Düyün", "Böyük Şənlik", "Yeni Gün", "Ayzit Bayramı", "Ərgənəkon Bayramı", "Yaradılış Günü", "Yenidən Doğuş" kimi qeyd edilmiş, sonradan farslar bunu öz dillərinə tərcümə edərək "Novruz" adlandırmışlar”.

Bu Bayramın bugünkü Türk toplumlarında da eyni gündə 20-21 Martda keçirilməsi onun Türk milli Bayramı olduğunu bir daha təsdiq edir. Bu Bayram bütün Türk toplumlarında, həmçinin Türklərin qurduğu bütün dövlətlərdə bayram kimi qeyd edilmişdir.

Türklərin folklorunda klassik və müasir yazarların bədii əsərlərində, əfsanə və miflərində, məişətində bu Novruz bayramı dərin iz buraxmışdır.

Bəs türk xalqları Novruzu necə qeyd edirlər?


Türkmənistan

Türkmənistanda bayramdan beş-altı gün öncə,  evlərin təmizlənməsi başlanır. Türkmən çörəyi, plovu və müxtəlif şirniyyatlar hazırlanır. Səməni Novruzun xüsusi yeməyi sayılır. Bir neçə ailə bir araya gəlib, böyük bir qazanda buğda, un və şəkərdən  səməni bişirirlər. Bayrama bir gün qalmış bişirilən bu yemək 21 martda  süfrələri bəzəyir.

TRT Türkmən Bürosunun əməkdaşı, dostum Murat Toylu Novruzun 1922-ci ildə Türkmənistanın rəsmi bayramları sırasına daxil olduğunu söyləyir. Bu bayram iki gün, yəni martın 21-i və 22-sində keçirilir. Türkmənlər həm də mart ayını Novruz adlandırırlar. Türkmənlərə görə süfrə həmin gün dopdolu olmalı, bu ərəfədə insanlar bir-birinə qonaq getməlidirlər. Deyilənə görə, qonağa nə qədər çox kişmiş, qoz, konfet, nabat verilərsə, həmin evdə də bir o qədər bolluq olar. Burada bayramın simvolu Novruz baba və gənc Bahargül hesab olunur. Onlar səhərdən ağ mərmərli Aşqabadı qarışbaqarış gəzərək şəhər əhli və qonaqları salamlayırlar.

Qırğızıstan

Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma  evin,  həyətin odla pak edilməsi adəti var. Qırğızlar  bunu qədim türk  şamanlarından qalma adət hesab edirlər. Onlar “Alas-alas, hər bəladan xilas” – deməklə, öz   həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər. Darı yarmasından  “Nouruz   köcö ” adlı bayram yeməyi hazırlanır. Qırğız süfrəsində  məxsusi olaraq  Novruzda quzu ətindən və əriştəyə oxşar un  məmulatından hazırlanmış beşbarmaq da olur. Bu şirniyyat  əllə yeyildiyi üçün belə adlanır.

Qırğızlar da mart ayını Novruz adlandırırlar. Vaxtilə həmin gün doğulan oğlanlara adətə görə Novruzbay, qızlara isə Novruz və ya Novruzgül adı verilərdi. Əgər bu gün qar yağardısa, yaxşı əlamət hesab olunardı. Təsadüfi deyil ki, qırğız əfsanələrində qız gözəlliyini Novruzda yağan qarla müqayisə edirlər. İnsanlar mənzillərini qaydaya salır, təzə paltarlar geyinir, küsülülər barışırlar. İndinin özündə Bişkek şəhərinin mərkəzi meydanı “Alatoo” və digər rayon mərkəzlərində səhnəciklər təşkil olunur. Cıdır meydanlarında at yarışları keçirilir. İnsanlar ənənəvi şərq xörəyi sayılan plova da qonaq olurlar.

Türkiyə

Türklər belə hesab edirlər ki, martın gəlişi ilə qış qurtarır. Qaziantep və onun ətrafındakı ərazilərdə martın 22-si “Novruz sultan” adlandırılır. Mərkəzi Anadoluda Novruz Bayramı “mart doqquzu” kimi də tanınır. Anadoluda keçirilən digər mərasimlərə ağacları mart günəşinin şüalarından qorumaq üçün onlara parçaların (mart lenti) sarınmasını misal çəkə bilərik. Bu, xüsusən də Giresun şəhəri üçün xarakterikdir. Tekirdağda Novruz soyuq günlərin bitməsi və yazın gəlməsi hesab olunur və “Novruz şənliyi” adı altında qeyd olunur. İzmir, Uşaq, Sivas və Şebinkarahisarda ənənələr eyni olaraq qalır. Mart ayı yeni ilin başlanğıcı hesab olunduğu üçün onun ilk 12 gününə görə ilin necə keçəcəyi müəyyənləşdirilir. Novruzda S hərfi ilə başlayan yeddi təam yemək məsləhət görülür.

Qazaxıstan

Qazaxlar Novruzu Naurız adlandırırlar. Bu söz yazın doğulması mənasını verir. Lakin bayramın başqa adları da var. Məsələn, “Ulus küni” (yeni lin birinci günü), və ya “Ulıstın ulı küni” (xalqın böyük günü).  Həmkarımız – Qazaxıstanda çıxan “Til” (“Dil”) jurnalının baş redaktoru Altunbek Abışevin sözlərinə görə,  Novruzun gəlişi münasibətilə insanlar təzə paltar geyinir, bir-birilərinə qonaq gedirlər. Mərasimin əsas xörəyi tərkibinə 7 inqredient daxil olan naurız-kojedir. O həyatın 7 elementini simvolizə edir. Bunlara ət, su, duz, yağ, un, taxıl və süd daxildir. İnqredientlərsə öz növbəsində şadlıq, uğur, müdriklik, sağlamlıq, firavanlıq, sürət, artım və ilahi mühafizə anlamı daşıyır. Ağsaqqalın qarşısına naurız-koje olan 7 piyalə qoyumalı, hər kəs 7 evə qonaq getməli və öz evinə 7 nəfəri dəvət etməlidir. Qazaxlar bir-birilərini “köktem tudı” (yazın doğulması deməkdir) deyərək təbrik edir.  “Novruz köcü”, Novruz şorbası və ya “lapa” adlı yeməklər bişirilib qonşulara paylanır.
Axşama yaxınsa akınların (aşıqların) dombra alətinin müşayiətilə deyişməsi – altıs başlayır. Bu, səhərə kimi davam edir. Xeyri daha çox tərif edən qalib gəlir.
Qazaxlar da tonqal üzərindən atlanırlar. Qazaxıstanda Novruz Bayramı rəsmi olaraq 2001-ci ildən qeyd olunur.

Özbəkistan

Özbəkistanın Səmərqənd, Buxara, Əndican şəhərlərində Novruza həsr edilmiş şənliklər bir həftəyə qədər davam edir. Özbəklərin bişirdikləri xüsusi yeməklərdən ən əsası məşhur özbək plovu, samsa və sümələkdir. S hərfi ilə başlayan sünbül, səbzi, sirkə, iydə (sancid) kimi 7 nemət süfrəyə düzülür. Güləş və at yarışları bayrama xüsusi bir gözəllik qatır. Novruz günü bir-birlərini qucaqlamaq və danışmağa başlamazdan əvvəl  üç qaşıq bal yemək ən əski  adətlərdəndir.  Bölgələrdə təsərrüfatda çalışan yaşlı insanlar əlini yağa batırıb öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun.
Süfrədə mütləq şurpa (ət bulyonunda bişirilən tərəvəzlər), plov və samsa (göyərtili bişmişlər) olmalıdır. Sumalakın adını xüsusi olaraq qeyd etməliyik.
Burada Novruzla əlaqədar olaraq buzboşi və ya kupkari adlı ənənəvi oyunlar da keçirilir. Ata minmiş igidlər bir-birinin əlindən yəhərlərindəki qoyun və ya keçini almağa çalışırlar.

Müxtəlif türk ləhcələrində Novruz təbrikləri

Nevruz bayramınız kutlu olsun! (Türkiyə türkcəsi)

Naurız kuttı bolsın! (Qazax türkcəsi)

Nouruz meyramıgız kuttu bolsun! (Qırğız türkcəsi)

Novruz bayramıngız mübarek bolsun! (Özbək türkcəsi)

Novruz bayramımız quttu olsun! (Türkmən türkcəsi)

Navrız meyramıngız mübarek bolsun! (Uyğur türkcəsi)

Novruz bayramınızı tebrik item! (Tatar türkcəsi)

Aqil Camal
“Türküstan” qəzetinin baş redaktoru

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı