Modern.az

Doğrudandamı hər şey zəmanədəndir? - Elmlə helmin fərqi

Doğrudandamı hər şey zəmanədəndir? - Elmlə helmin fərqi

Ölkə

27 Mart 2012, 16:02

Xətayi Əzizov

Son vaxtlar rastlaşdığımız hər hansı bir çatışmazlıq, əyrilik görəndə hamının bir sözü var, ..... zəmanədəndir.

 Əcəba, görəsən həqiqətən də zəmanə günahkardır?
Bu günlərdə tanıdığım, az qala hər gün üz-üzə gəldiyim bir ailə başçısını qanıqara gördüm. Uzun müddət idi ki, siqaret çəkməyən insan, indi siqareti, necə deyərlər siqaretə calayırdı. Bir az hal-əhval tutduq, niyə siqaretə “başladığını” soruşdum.
O da dedi ki, zəmanə korlanıb, deyəsən biz çox geri qalmışıq.

Kimdən geri qalmışıq, nədən geri qalmışıq, ay dədə, yenə  soruşdum.

Sən demə bunun oğlu artıq “böyüyüb”, “dırnağı ovcunu deşir”, indi ağıllı çıxıb, atasına ağıl öyrədir, anasına cavab qaytarır.

Günahkar isə zəmanədir. Görəsən niyə, hər şeyi zəmanənin üstünə yıxırıq.

Oğul atanın sözünə baxmır, anasını saymır, qız ananı, atanı qardaşını, aldadır, fərsiz övlad bütöv bir ailəni el içində hörmətdən salır. Gəlin ər evinə gələndən 5-6 ay sonra çıxıb gedir, heç ata evinə də qayıtmır, ya bibisi, ya da xalasıgildə “stresdən çıxır”. Qız anası, atası günahı qaynanada, qaynatada, ərdə, oğu ata-anası isə qız evində görürlər. Son nəticədə isə yenə də günahkar zəmanədir.

Axı, bu zəmanənin nəyi dəyişib? Bəlkə zəmanə deyil, biz dəyişmişik?

Bəlkə diqqət yetirək, bir ayıq başla fikirləşək, bir məntiq deyilən elmə baş vuraq.

Diqqət edək: indi cavanlar elmə maraq göstərmirlər, iş yerləri də az. Gənclərdən niyə oxumadığını, elm, savad arxasınca getmədiyini soruşanda “oxuyub 150 manata işləyəcəm?”, “harada işləyəcəm, diplomlular işsiz gəzirlər”, ən yaxşı halda isə “indi oxuyan varmı?” və ya “məktəbdə əməlli başlı dərs keçirlər ki?” cavabını alırsan.

Mənə elə gəlir ki, məsələnin kökü də elə buradadır. Savadı, dünyagörüşü, intellekti olmayan gənc nə ataya, nə anaya, nə də soy kökə məhəl qoymayacaq. Əvvəllər öz idealını maraqlı dastanlardan, roman, povest və digər əsərlərdən seçən gənclər indi haradan seçirlər. Bu çox acınacaqlı haldır.

İndi birinə (oğlan və ya qız fərqi yoxdur) deyirsən ki, sən filan nəsilin nümayəndədisən, belə olmaz, bu hərəkətin sənən yaraşmaz. Deyir ki, “onlar o vaxt idilər, indi zamana dəyişib, zaman o zaman deyil”.

Sual olunur, məgər o vaxtkı kişilər, ata-babalarımız, analarımız, nənələrimiz, qız –gəlinlərimiz başqa çörək yeyiblər, başqa hava udublar, başqa su içiblər? Niyə ailəcanlılıq, namus, qeyrət o vaxt güclü idi, indi zəif.

Peşə fəaliyyətimlə əlaqədar olaraq respublikanın demək olar ki, bütün bölgələrində olmuşam, xarici ölkələrdə də. İnsan elə Türkiyədə də, Baltikyanı ölklərdə də, İsraildə də, Almaniyada da, Rusiyada da Azərbaycanda da eynidir, heç birinin nə daxili, nə də xarici orqanları dəyişməyib. Fəsillər də eyni ilə qalıb, hər yerdə də ilin 12 ayın, 365 günü var.

Mən ona görə insan deyirəm ki, insan zooloji fərddir. Adamlıq isə deyəsən dəyişib. Çox qəribədir, İsmayıllının ucqar bir kəndində əri ölmüş qadınlar gəlinlik duvağını kəfən kimi saxlayırlar, Kəlbəcərdən gəlmiş nənə, oğlu öldüyü üçün qol götürüb oynamır, amma xeyir-duasını da əsirgəmir, Balakəndə, Qazaxda, Qubada, Qusarda, Lənkəran-Astarada həmçinin.

Amma gənc nəsil tam dəyişib. Görəsən niyə?

Yəni, doğurdandamı zəmanədəndir? Məncə yenə də yox. Oğul bəh-bəhnən evlənir, qız gül-çiçəklə gəlin köçür. Amma 6-7 ay keçmir (əlbəttə ki, hamısı yox) narazılıqlar başlayır, necə deyirlər “xasiyyətləri düz gəlmir” və yaxud da “zəmanə korlanır”.

Yəqin hamının televiziyada maraqla baxdığı bir veriliş var: “Heyvanlar aləmi”.  Düzdür, indi ancaq Türkiyənin STV kanalında və ya Rusiya kanallarında izlənilir bu veriliş, amma yenə də. Çox maraqlı hadisələri görmək olur bu verilişlərdə, leyləklər təmtəraqla nişan edirlər, meymunlar sevib seçirlər, fillər, aslanlar, dovşanlar, lap elə tülkülər də özlərinə babını seçirlər. Hamımızın gündə gördüyümüz göyərçinlərə baxın. Göyərçinlərin ayaqları qırmızı olur, bəzi bölgələrdə göyərçini ovlayıb ətini yeyirlər, bəzi bölgələrdə isə yox. Rəvayətə görə, göyərçin Allaha pənah aparmış bir cüt növcavandır. Göyərçinin ayağına baxsan görürsən ki, sanki xınalıdır, əslində isə qana batmış xınalı ayaqdır. Deyirlər ki, bir zamanlar onlar da insan olublar. Bir oğlan və bir qız bir-birlərini çox seviblər, nişanlanıblar. Toydan qabaq xınayaxdı olub, amma bir qoçu öz qaçaq-quldur dəstəsi ilə qızı həmin gün qaçırtmaq istəyib. Kəndi mühasirəyə alıblar, oğlanı güllə ilə vurublar. Onda da qız üz tutub Allaha yalvarıb ki, onları quşa döndərsin, xilas etsin. Rəbbim Təala da onun xahişini eşidib və onları göyərçinə çevirib, qız öz yaralı sevgilisini caynağına alıb uçub gedib. Bax o gündən göyərçinin ayağı qanlı-xınalıdır.

Bəs insan övladı? Ötən ilin iyununda toy gecəsi başqa bir oğlana qoşulub qaçan qız bu ilin martında ata evinə qayıdır. Mən aldandım, məni aldatdılar, xasiyyətimiz tutmadı, nə bilim daha nələr deyirlər. Və yenə də xala evi, bibi evi, stresdən çıxmaq. Stresdən çıxmaq üçün isə hökmən kiminsə “isti qucağı” lazımdır.   

Məgər göyərçinlər bizim üçün örnək ola bilməz?. Niyə göyərçinlər, heyvanlar, siçanlar belə seçdiklərini axıra qədər sevirlər. Bəs niyə zəmanə onlara təsir etməyib. Axı insan heyvandan fərqlənir. İnsan şüurlu bir varlıqdır, öz hərəkətinə görə cavab verir, heyvanlarda instinkt var, hərəkətlərinə görə cavabdehlik daşımırlar. Buna baxmayaraq onların öz cavabdehlikləri var.

Bəs bu günün günahkarı kimdir, zəmanədirmi? Yox. Məncə əsl günahkar elə biz özümüzük. Övladlarımızı cahil böyütməsək, onları elmə, savada yönəldə bilsək, bu cür problemlə üzləşmərik. Məsələ uşağı məcbur oxutmaqda deyil. Uşaq məcburi təhsillə alim ola bilər, amma adam olmaz. Ona görə də uşaqlarda, gənclərdə elmə və helmə maraq yaratmaq lazımdır.

Yəqin helm də nədir, onu bilirsiniz.

Onda bir rəvayət danışım. Deyirlər qədimdə ucqar bir kənddən oğlan uşağını elm arxasınca Ərəbistana göndərirlər. Oğlan da naxələf çıxmır, 25 ildən sonra təhsilini başa vurub geri qayıdır. Yolu bir dağın ətəyindən düşür və günorta çağı çobanla rastlaşır. Çoban onu süfrəyə dəvət edir, çörək yeyəndən sonra hardan gəldiyini soruşur. Cavan oğlan da qürurla deyir: “Uşaq yaşımdan elm dalınca getmişəm, indi savadlıyam, qayıdıb kəndimdə, əyalətimə gedirəm”.

Cavanın bu ədalı cavabı çobanın xoşuna gəlmir və soruşur. Bəs bu 25 ildə helm necə, aldınmı?

Cavan oğlan helmin nə olduğunu soruşur.

Çoban deyir: “Bax o keçini görürsən, buynuzlarını burub qoşalaşdırmışam, boynunda da zınqırovu var. O mənim helmimdir, səsimi eşidən kimi sürünü qaytarır yanıma. Bir-iki il mənim yanımda qal sənə helm öyrədim”.

Elmli oğlan gülür və deyir: “Mən qoyun otarmayacam ki, helmim olsun. Sən narahat olma, elmimlə idarə edərəm”.

Cavan oğlan bu sözü deyib yoluna davam edir, gedir bir kəndə çatır. Görür ki, camaat məscidə tələsir. Soruşur, deyirlər ki, bu gün kəndin mollası onların ölənlərinin ruhuna dua oxuyacaq. Cavan bir az düşünüb sonra mollanın dualarına qulaq asmaq üçün məscidə gəlir. Görür ki, molla oturub minbərdə, amma nə oxuduğu bəlli deyil. Yanındakılara deyir ki, bu mollanın oxuduqlarının hamısı yalandır. Onun heç dindən xəbəri yoxdur.

Tez molaya xəbər verirlər ki, bir nəfər gəlib, sənin oxuduğuna şəkk gətirir.

Molla işi başa düşüb deyir: “Camaat mən bu gecə yuxuda gördüm ki, insan libasında şeytan gəlib aramıza nifaq salmağa çalışacaq, siz ona imkan verməyin, vurun mürtəd oğlu mürədi, qovun getsin”.

Bəli cavanı döyüb qovurlar. Cavan qayıdır çobanın yanına, əhvalatı olduğu kimi danışır. Sonra da bir müddət orda qalır, yaraları sağalandan sonra çoban deyir:
“İndi gedərsən həmin kəndə, gözləyərsən molla gələndə dizlərin üstə gedərsən yanına, əbasının ətəyindən öpərsən, qalxıb saqqalından tez bir tük çıxararsan. Soruşacaqlar ki, bu nədir, niyə belə edirsən. Deyərsən ki, filan dağın döşündə yatmışdım. Yuxumda Rəbbim Təala mənə dedi ki, əgər filan mollanın əbasından öpüb, saqqalından bir tük çəksən, yerin olacaq behiştlik”.

Cavan belə də edir. Molla bir az fikrə gedib, sonra da deyir, ustadına bərəkallah. Üzünü tutub camaata deyir: “Madam ki, bu adam, dini elm alıb, yuxusunu da görüb, biz gərək ona ehtiram göstərək, adımıza layiq yola salaq”.
Kənd camaatı da onu atla, pay-pürüş, nəzir-niyazla yola salırlar.

Bax gərək biz də övladlarımıza elm, savadla yanaşı bir az da helm öyrədək, dözümlü olsunlar, bir az da dünyanın işlərindən baş çıxartsınlar.

Nə isə, mən deyirəm ki, korlanan bizik, zəmanə deyil. Əslində elə zəmanəmizi də biz korlayırıq.

Yenə də nə isə, yazmağı məndən, yozmağı sizdən.

Xətayi Əzizov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı