Novruz “paxmelindən” çıxmamış bizim üçün əhəmiyyət kəsb edən bəd xəbər yayıldı. Rusiya informasiya kanalları xəbər verdi ki, bu il Rusiya paytaxtında onlarla bazar bağlanacaq. Moskva merinin müavini Mixail Orlov bildirib ki, 2013-cü ilədək paytaxtda cəmi 48 bazar fəaliyyət göstərəcək və tədricən onlar da bağlanacaq. Bazarların bir çoxunun yerində parklar salınacaq, əksər bazarlar isə avtomobil dayanacaqlarına çevriləcək.
Bağlanan bazarlar arasında “Çerkizovo”dan sonra iki ən böyük əşya və kənd təsərrüfatı bazarları olan “Lujniki” və “Prajski” bazarları da var. Tərs kimi, azərbaycanlıların çoxu məhz bu bazarlarda işləyir.
İlk iş həftəsini bu barədə yazmaqla başlamaq heç də arzuolunan deyildi. Əmma, neynək, xalqımızın əhəmiyyətli bir hissəsinin çörəyinin çıxdığı məkanlar əlimizdən çıxır. Nöşün ki, Rusiyada yaşayan və işləyən yüz minlərlə soydaşımızın əsas fəaliyyəti bazarla bağlıdır. Rus bazarları onların burdakı ailələrinin yaşamasını təmin edən əsas mənbələrdən biridir.
Soydaşlarımız Rusiyanın siyasi, iqtisadi, elmi mərkəzlərində heç bir mövqe tuta bilməsələr də, maşallah, bazarlarda əsas mövqeləri ələ keçiriblər. Amma bu o demək deyil ki, Moskva bazarları bağlansa, hazırki mövqelər onların köməyinə gələcək.
Təsəvvür edin, on minlərlə azərbaycanlı qəfildən işsiz qalacaq, onların böyük hissəsi Azərbaycana qayıda bilər. Rahat şəkildə yaxşı pul qazanmağa öyrəşmiş adamlar üçün burada çətin olacaq.
Ağlınız Rusiya bazarlarına getməsin, bizim bazarda alver etmək hər oğulun işi deyil, yer pulu, vergi, sığorta, polis, mühafizəçi, sanıtariya, yangın, elektrik… bu qədər böyük həngamənin altından qazancla çıxmaq olar? Çətin ağlım kəsir.
Bazar ona deyərəm ki, səndən sadəcə qazancının müyyən hissəsini vergi tutalar, qalanı da özünə qalsın. Gundə heç olmasa 100 dollar qazanasan ki, desinlər ki, bəs bu adam alverlə məşğuldur. Həm də, axı bir az da “zapas”ın olmalıdı ki, “Vosmoy” bazarı kimi “həftə səkiz, mən doqquz” yandırılanda banktrot olmayasan, heç olmasa, o puldan yanmış malların pulunu ödəyəsən.
Vladivostokda ticarətlə məşğul olan dayım oglu bu yaxında uzun ayrılıqdan sonra Bakıya təşrif buyurmuşdu. Adam bizim bazarlara bir göz gəzdirib tanıdığı alverçilərlə söhbət edəndən sonra dəhşətə gəlmişdi. Dayıoğlunu valideynləri və arvaq tərəfin qohumları dilə tuturdu ki, bəs dünyanın o başından bu başına qayıtsın, alverini burda eləsin. Hətta, məndən ona bir böyük qardaş kimi “saqqal eləməyimi” xahiş etmişdilər.
Onu “əyriplanadək” yola saldım, yolda onun baş-beynini yedim ki, bəs alver alverdir, gəl burda məşğulat elə. Yol boyu dinmədi, ayrılanda mənə nə desə yaxşıdır- bibioğlu mən burda gördüyümü gördüm, eşitdiyimi eşitdim, bura mənlik deyil. Ayda 500 manata işləməkdən bezsən, gəl yanıma qoyum səni mağazama satıcı, ayda 1-2 min dollar alarsan, qiymətlər də burdan ucuzdur.
Dünən xəbəri eşidəndə, ona zəng eləyib dedim ki, belə getsə, Vladivostokda da bazarları bağlayacaqlar, indidən başına bir çarə qıl. Dedi ki, ağlın oraya getməsin, burda o qədər başqa iş var ki, maaşlar da yüksəkdir. Soruşdum ki, bəs xalqımızın orda bizi təmsil edən nümayəndələri nə düşünürlər, belə bir şey olsa, vətənə qayıdacaqlarmı?
Dayıoğlu dedi ki, heç biri qayıdası deyil, nöşün ki, müdaxiləsiz işləməyə bir növ adətkarda olublar. Öz-özümə dedim ki, çox şükür, qayıtmasalar yaxşıdır, yoxsa, burdakı və ordakı ailələrinin axırı necə olar?